-
EYNİ GÜNDƏ “MƏHKƏMƏ” QURMAĞA DƏYƏRDİMİ?
Hər şey xoş məramdan başlayır. Xoş məram olsa, sülh də olacaq. Ona görə də Ermənistan işğal olunmuş ərazilərdə həbs edilmiş iki azərbaycanlıya prezidentlərin Parisdə görüşdüyü gün “məhkəmə” qurmaya da bilərdi. Amma qurdular, BMT TŞ-nın 822 saylı qətnaməsi ilə azad edilməsi tələb olunan Kəlbəcərdə saxladıqları iki insanı gözləri bağlanmış şəkildə “məhkəmə” qarşısına çıxardılar...
Bəlkə də burada da bir siyasi ismarış var. Ola bilsin, bununla Ermənistan Dağlıq Qarabağın elə belə “dövlət” olmamasını, “məhkəmə”si və sərhədləri olan bir “dövlət” olduğunu göstərmək istəyirdi...
Amma o da var ki, dünən Parisdə Dağlıq Qarabağ prezidenti deyil, Ermənistan və Azərbyacan prezidentləri görüşdülər. Elə bu səbəbdən də DQR adlı süni qurum nə qədər cəhd etsə də böyük ehtimalla Azərbaycan rəhbərliyi heç bir vaxt onun təmsilçiləri ilə bir masa arxasında oturmayacaq.
Onlarla da görüşmək olardı, əgər onlar işğal etdikləri ərazilərin Azərbaycanın ərazisi olduğunu, özlərinin də Azərbaycan vətəndaşlığını daşımağa hazır olduqlarını nümayiş etdirmiş olsaydılar. O halda çox şey sadələşə bilərdi -məlum olardı ki, Dağlıq Qarabağın əhalisi həqiqətən də Azərbaycanın ərazi bütövlüyü çərçivəsində özünüidarə hüququ istəyir.
O vaxt sülh sazişi də tez imzalanardı və bir çox müşkül məsələlər daha tez və operativ şəkildə həll olunardı...
ƏVVƏLDƏN ÜMİDLƏR BÖYÜK DEYİLDİ...
Amma indi Azərbaycan və Ermənistan prezidentləri 26 il ərzində baş verən bu prosesi çözmək üçün bir daha Yelisey sarayında görüşməli oldular...
Əksər politoloqlar görüş ərəfəsində öz pessimizmini gizlətməyə cəhd etmədi. Amma o da maraqlıdır ki, görüşdən bir qədər əvvəl Azərbaycanın xarici işlər naziri belə bir bəyanat verdi ki, Bakı böyük sülh sazişi üzərində işə başlamağa hazırdır...
Buradan belə nəticə çıxarmaq olardı ki, Azərbaycan Minsk Qrupunun həmsədrlərinin hazırladıqları təklifləri, yerli cəmiyyət üçün hələ də qaranlıq qalan təklifləri özü üçün məqbul hesab edir. Deməli, məsələnin artıq Ermənistandan asılı olduğu anlaşılırdı...
Paris görüşü də bununla bağlı ilk müjdəni verməli idi. Aydın olmalı idi ki, bu görüşə qatılmış tərəflər sülhə hazırdırlar, yoxsa görüşlərin daha bir silsiləsini gözləmək lazım gələcək?
Xatırladaq ki, Azərbaycan və Ermənistan prezidentlərinin Parisdə görüşməsi heç də birinci dəfə deyil. Hələ Heydər Əliyevin vaxtında belə bir proses olmuşdu.
Ona görə də ümidlər bir o qədər də böyük deyildi. Amma hər görüşdə nəsə bir cizgi olur ki, o, prosesin istiqamətini tutmağa imkan verir. Ümid edirdik ki, Paris görüşündə də belə bir detal olacaq...
Amma ilk olaraq ümumi sözlərlə kifayətləndilər. Dedilər, tərəflər sülh sazişinin müddəalarını müzakirə ediblər. Sanki kimsə belə hesab edirdi ki, bu kimi ümumi ifadələrlə insanlarda görüş haqqında təəssürat yarada biləcəklər.
Nə etmək olar? Ermənistanı deyə bilmərik, amma Azərbaycanda hökumət cəmiyyəti məlumatlandırmağı vacib hesab etmir, cəmiyyətdən yalnız hökumət adamlarının bəyanatlarına inanmaq və bir də itaət etmək tələb olunur...
Bütün hallarda güman etmirik ki, bir görüşlə proses əhəmiyyətli dərəcədə çözülmüş olsun, baxmayaraq ki, bu, preziedentlərin 2014-cü ildə düz 3-cü görüşü idi. Digər əvvəlki görüşlər də gərginliyi, hətta “tikanlı” siyasi atmacaları ilə yadda qalmışdı...
DAŞDAN DA BƏRK YUXULAR...
Yazının əvvəlində xoş məramdan bəhs etdik. Bu yaxınlarda maraqlı bir detal olmuşdu. Ermənistan universitetlərindən birindəki görüşündə bu ölkənin prezidenti demişdi ki, vaxt gələcək azərbaycanlı tələbələr də bu universitetlərdə təhsil alacaqlar. Amma bu, kiçik bir epizod idi və təbii ki, onu davam etdirən və ən başlıcası isə davam etdirmək istəyən belə tapılmadı...
Azərbaycanda da belə epizodlar çox olub. Yetər ki, qalmaqallı “Daş yuxular” romanını və hüquq müdafiəçilərinin Ermənistana səfərlərini xatrılayasan.
Bu xüsusda “Daş yuxular” romanını bir daha qeyd etməyə dəyər. Romanın müəllifi və onun prinsipial tərəfdarları belə hesab edirdi ki, bu əsər qonşu ölkə üçün bir növ xoş mərama start olacaq və Ermənistanda da anoloji yazılar meydana çıxacaq.
Təəssüf ki, belə olmadı. azərbaycanlı yazıçının hətta olmayan günahları belə öz xalqının adına yazması, Ermənistan cəmiyyətini nə kövrəltdi, nə də ki, onlarda da etiraf həvəsi yaratdı. Ona görə də adam bir fikirlə özü istəməsə də razılaşmalı olur - bu yuxu hələ uzun çəkəcək...
Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir.