-
ƏN AZI İNSANLARI DÜŞÜNDÜRMƏK ÜÇÜN...
Görünür, siyasətdə də psixoloji “ştamp”lar və stereotiplər olur. Üstündən az qala 30 ilə yaxın vaxt keçməsinə baxmayaraq bu günün müxalifətçiləri hələ də 80-ci illərin ölçülərindən, miqyaslarından qurtula bilmirlər...
Bu yaxınlarda bir müxalifətçi ilə söhbət edirdim. Təbii ki, 80-ci illərin sonunu xatırladı, axırda da qayıtdı ki, bir siyasi qüvvə kimi bizim eramız bitib, biz bir daha Azadlıq meydanına qayıda bilməyəcəyik...
Ona heç nə demədim. Amma çox istəyirdim deyim ki, böyük siyasət erası bitsə də, vətəndaşlıq erası qalıb... Hamı nazir olmaya bilər, amma hamı vətəndaş olmağı bacarmalıdır...
Amma bunları ona demədim. Ona görə ki, çoxdandır heç kimi heç nəyə təşviq etmirəm. Həm də kimsə bizi nəyəsə təşviq edəndə özümüzün də acığımız tutur. Görünür, digərləri də belədir - axı insanlar körpə deyillər...
Di gəl, fikirlər adamı rahat buraxmır. Deyirlər ki, Milli Şura bu yaxınlarda etiraz aksiyası keçirməyə hazırlaşır. Nə demək olar?
...böyük siyasət erası bitsə də, vətəndaşlıq erası qalıb... Hamı nazir olmaya bilər, amma hamı vətəndaş olmağı bacarmalıdır...
Bir qədər əvvəldə səslənən fikrə bir daha qayıtmaq istərdik - vacib deyil ki, hər etiraz böyük izdihamla müşayət olunsun. Hər şey daha sadədir. Küçədən və ya yaxınlıqdan keçənlər soruşacaq ki, onlar kimdir, nə istəyirlər?
Deyəcəklər ki, etiraz edirlər - QHT-lərin sıxışdırılmasına etiraz edirlər, siyasi məhbusların azad olmasını tələb edirlər, insanlara özlərini ifadə etmək, etiraz bildirmək üçün icazə verilməsini, şərait yaradılmasını istəyirlər, mətbuata qarşı təpkilərə son qoyulmasına, partiyalara qarşı qeyri-rəsmi məhdudiyyətlərin aradan qaldırılmasına çalışırlar...
BU YOL OLMASAYDI...
Bu, böyük bir yoldur. Bu yolda gülməli görünməkdən də qorxmaq lazım deyil. Qoy, o adamlar bundan ehtiyat etsin ki, sözlərini hakimiyyəti tərifləməklə başlayır və elə bununla da bitirirlər...
Adam yaşa dolanda düşünmək üçün vaxtı çox olur. Elə hey bir sual üzərində baş sındırırsan: necə oldu ki, mən bu yolu tutdum?
...vacib deyil ki, hər etiraz böyük izdihamla müşayət olunsun. 1 nəfərlə, 3 nəfərlə də etiraz etmək heç də gülünc deyil. Qoy, elə insanlar utansın ki, hətta səslərinin-sözlərinin də sahibi deyillər... Onsuz da küçədən və ya yaxınlıqdan keçənlər soruşacaq ki, onlar kimdir, nə istəyirlər?
1988-ci il idi. Bakıya yenicə qayıtmışdım. Düz altı ay gedib-gəlidm. Altı aydan sonra məni işə götürdülər. O vaxt bir nəfər mənə dedi ki, bu xasiyyətlə sənə bu ölkədə yaşamaq çətin olacaq, nə qədər gec deyil, Rusiyaya qayıt...
Mən həmin adamın sözünə məhəl qoymadım, əhəmiyyət vermədim. Çünki elə o vaxt da düşünürdüm ki, biz də bu ölkəni düzəltməsək, bəs kim bunu edəcək?...
Bunu niyə xatırladım? Dərindən fikirləşəndə görürsən ki, təsadüfü heç nə yoxdur. Bu xasiyyətlə biz elə bu yolu tutmalı idik. Nə yaxşı ki, o dövrdə AXC və müstəqil mətbuat yarandı! Yoxsa ya ürəyimiz partlayacaqdı, ya da ki...
Ona görə ki, bizdə qeyi-adi dərəcədə, kəskin ədalət hissi vardı. Ədalətin azacıq pozulduğunu görəndə, azacıq ikiüzlülük və yaltaqlıq görəndə dözə bilmirdik...
İndi əndişələnməyin, darıxmağın və bəlkə də əsəbiləşməyin səbəbi budur ki, o günləri yenidən qaytarmaq, yenidən ölkədə lal sükut bərqərar etmək, lap 70-ci illərdə olduğu kimi insanlara mütililik və itaətkarlıq aşılamaq istəyirlər...
KÜTLƏVİLİK HEÇ DƏ VACİB DEYİL...
Ona görə də 1 nəfərlə, 3 nəfərlə də etiraz etmək heç də gülünc deyil. Qoy, elə insanlar utansın ki, hətta səslərinin-sözlərinin də sahibi deyillər...
İnsan hər şeyi itirəndən sonra onun insanlığı və bir də mədəniyyəti qalır. Bu insanlıq və bu mədəniyyət də adamı hərəkətə gətirir. Ona görə də əsl insan elə bir atalar sözündə deyildiyi kimi, atdan düşüb atlanmağı bacarmalıdır...
Ona görə də müxalifətçilərin bir qisminin aksiya keçirmək qərarına tamamilə normal yanaşırıq. Əvvəldə qeyd etdiyimiz ki, yeni bir məntiq yaranıb: böyük və izdihamlı mitinqlər təşkil edə bilmiriksə, küçəyə çıxmağın mənası yoxdur...
Amma belədirmi? Belə yanaşma doğrudurmu? Əlbəttə ki, yox. Bu cür düşünənlər nə böyük aksiyalar təşkil edə bilir, nə də ki, başqalarını öz sözünü deməyə qoyurlar.
Onunla razıyıq ki, gözdən uzaq yerlərdə bir-iki müxalifətçi üçün “alovlu” nitqlər söyləməyin mənası yoxdur. Amma hansı formanı seçmək, harada və necə etiraz etmək, müxalifətçilərin öz işidir, buna bizim qarışmaq fikrimiz də yoxdur...
Sadəcə, biz vətəndaşlıq borcu haqqında düşünürük. İnsan hər şeyi itirəndən sonra onun insanlığı və bir də mədəniyyəti qalır. Bu insanlıq və bu mədəniyyət də adamı hərəkətə gətirir. Ona görə də əsl insan elə bir atalar sözündə deyildiyi kimi, atdan düşüb atlanmağı bacarmalıdır...
Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir.