-
Yaşı az qala 150 ili haqlayan Azərbaycan mediasının şərəfli tarixi var.
Bunu kim danar ki?!
OXUCUSUZ MƏMLƏKƏTDƏ QƏZET ÇIXARMAQ MÜŞKÜLÜ…
Oxucusu olmayan bir məmləkətdə qəzet çıxarmaq hər kişinin işi deyildi!
Amma Həsən bəy (ruhu şad olsun!!!) nər kişilərdəndi və bunu etməyi bacardı.
Oxucusu olmayan Azərbaycanda qəzet çıxardı!
Bu yolda çox əzablardan-keşməkeşlərdən keçdi sevgili Həsən bəy…
Sonunda səpdiyi toxumlar cücərməyə başladı.
Üstündən 20-25 il sonra – XX əsrin əvvəllərində Bakıda qəzet və jurnallar çıxmağa başladı. Hər nəşrin, yaxşı, ya pis, öz oxucusu da yarandı.
O böyük Kişini, o bani Babamızı, hər zaman olduğu kimi, böyük sayqıyla anıram və tezcə mətləbə, yəni yazının başlığındakı «mız»a keçirəm.
ÖLKƏ MEDİASININ «MIZ»I ELƏ «MIZ»DIR!
Çağdaş dövrümüzdə Azərbaycan mediasının «mız»ları çoxdur.
Bunu, zaman-zaman, veriliş və yazılarımızda göstərməyə çalışırıq.
Amma onun bir «mız»ı da var və bunu indiyədək heç kəs dilinə gətirməyib.
Bu «mız»ın da adı, təəssüflər ki, elə «mız»dır…
Ölkə mediası «mız»larla doludur!
Saytları açın, televiziyalara baxın, qəzetləri vərəqləyin, hətta rəsmi qaynaqların yaydığı xəbərlərə diqqət yetirin.
Yeri gəldi-gəlmədi, hamısı «mız»larla bəzənib!
Misal: «Paytaxtımız», «mədəniyyətimiz», «Xalq Artistimiz», «ölkəmiz», «Bakımız», «müstəqilliyimiz», «xalqımız», «Prezidentimiz», «Ulu öndərimiz»…
(Hələ bunun epitetlərini demirəm – «ulu millətimiz», «gözəl xalqımız», «müdrik prezidentimiz», «sarsılmaz müstəqilliyimiz», «zəngin mədəniyyətimiz»... Bunlar başqa söhbətin mövzusudur)
JURNALİSTİN VƏTƏNİ… OLMAZ?!
İnanın, xəbərləri «mız»lardan təmizləməkdən yorulmuşuq.
Əfəndilər! Xanımlar və Cənablar! Sayqıdəyər jurnalistlər!
Xəbəri yazarkən kimliyinizi, hansı ölkə vətəndaşı olduğunuzu unudun.
Jurnalistin Vətəni, ölkəsi, mənsubiyyəti olmaz!
Daha doğrusu, pis anlamayın, olmağına olar, amma iş prosesində, yazı yazarkən bunları bir kənara qoymaq gərəkdir.
OLAYLARA YUXARIDAN BAXIN!
Odur ki, lütfən, xəbər yazarkən meymunu, yəni «mız»ı yada salmayın.
Özünüzü dünya vətəndaşı sayın.
Olaylara gendən baxmağa çalışın.
Onda xəbərləriniz, yazılarınız daha çox oxucu toplayar və siz rəhmətlik Həsən bəy kimi, heç nədən oxucu yaratmaq kimi bir məşəqqətlə üzləşməzsiniz.
Oxucunun da canı «mız»dan qurtular!
Bizlər də bir az nəfəs alar, enerji və vaxtımızı daha gərəkli işlərə saxlarıq…
İndi söyləyin, «mız»sız Azərbaycan mediamızın (ah, bu lənətə gəlmiş vərdiş!) uğrunda savaş başlatmağa hazırsınızmı?..
Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir.