Keçid linkləri

Təcili xəbərlər

Demokratiya üçün hərə bircə addım atsa...


Cavad Gaffar-ın karikaturası.
Cavad Gaffar-ın karikaturası.

-

Gözlə

No media source currently available

0:00 0:04:19 0:00
Direct-ə keçid

MÜXALİFƏTİN ADINI ÇƏKMƏYƏ DƏ EHTİYAT EDİRLƏR...
Müsavat partiyasında yaxın günlərdə sədrliklə bağlı ikidəfəlik məhdudiyyətin tətbiq olunacağı və partiyaya yeni sədrin seçiləcəyi haqqında məlumatlar azərbaycanlı seçicini azacıq da olsa düşündürmək gücündədir. Baxmayaraq ki, müxalifət düşərgəsindəki siyasi olaylara seçici xeyli dərəcədə yadırğayıb.

Ona görə “xeyli dərəcədə” deyirik ki, partiyalarda baş verən proseslərlə bağlı xəbərlərə qeyri-rəsmi yasaq var, heç bir telekanal müxalifət partiyalarında baş verən hadisələrlə bağlı məlumat yaymır.

Əslində bu gün Müsavat partiyasında baş verənlər hakimiyyət üçün maraqlı olmalıdır. Ən azı ona görə ki, bu hakimiyətin əsas opponentlərindən biri (son vaxtlar siyasi fəaliyyəti xeyli zəifləsə də...) – İsa Qəmbər öz postundan istefa verir.

Bu istefa hakimiyyətə ən azı nəzəri cəhətdən müəyyən siyasi dividendlər gətirə bilər. Ən azı partiyaya başçılıq hakimiyyətə daha loyal adamın əlinə keçə bilər və yaxud da ki, elə ola bilər ki, siyasi debatlar partiyadan müəyyən qopmalara təkan versin.

İnsanlar və bütövlükdə cəmiyyət biganə olmayacaqsa, həmişə ümid var ki, demokratiya bu ölkəyə mütləq qayıdacaq...

Nəzəri cəhətdən olsa da, bunları istisna etmək olmaz. Amma hakimiyyətin indi belə perspektivlərə uyğun siyasət qurmağa da istəyi yoxdur. Onlara daha çox belə bir mənzərə sərf edir ki, orta statistik seçici Azərbaycanda mütəşəkkil müxalifət partiyasının qalmadığını, olanların çoxdan dağıldığını, yenilərin isə yaranmadığını düşünsün...

Həm də istəmirlər ki, ikidəfəlik məhdudiyyətlə bağlı söhbətlər tirajlansın, belə hesab edirlər ki, bu məsələ cəmiyyət üçün artıq keçilmiş və unudulmuş problemdir.

Üstəlik, düşünürlər ki, bu, onların demokratiyaya ən böyük töhfələrindən biridir. Bu adamlar belə hesab edir ki, xalq istəyirsə, bir adam nəinki üç, hətta on dəfə seçilə bilər. “Xalqın istəyi”nə gəldikdə isə hakimiyyətin bununla bağlı problemi yoxdur, xalq sarıdan o qədər arxayındırlar ki, onun rəyini soruşmağa heç ehtiyac da duymurlar...

DEMOKRATİYA – HAMININ İŞİ...
Ona görə də Müsavatın qərarı daha çox dissident aksiyası kimi maraq kəsb edir. Amma qığılcımlar bir gün məşələ də çevrilə bilir.

Hər bir adam demokratiya ilə bağlı kiçik bir aksiya etsə, bunun özü də bəs edər. Təsəvvür edin, müxalifət partiyalarının fəaliyyəti kəskin şəkildə məhdudlaşdırılb, onlara hətta öz qurultaylarını normal keçirmək üçün imkan vermirlər, QHT-lər böyük təzyiq altındadır, mətbuat təpkilərdən yayınmaq üçün bilmir nə etsin, amma bütün bunlara baxmayaraq cəmiyyətin etiraz potensialı tükənmir...

Bunun özü böyük hadisədir. O, cəmiyyətin kreativliyinə dəlalət edir. Sadəcə, hamıdan umulan, hamıdan təvəqqe edilən biganə olmamaqdır. Əgər insanlar və bütövlükdə cəmiyyət biganə olmayacaqsa, həmişə ümid var ki, demokratiya bu ölkəyə mütləq qayıdacaq...

Təbii ki, çətindir. Bəlkə də “çətindir” demək olduqca azdır. Hansısa başqa söz tapmaq lazımdır. İnsanlar böyük fədakarlıq göstərirlər. Hətta təzyiqlər, təqiblər o qədər adiləşib ki, cəmiyyət heç kimi qəhrəman da hesab etmir. Buna görə incimyə, ağrımağa dəyməz.

QƏHRƏMAN SAYMASALAR DA...
Qəhrəmanlar seyrək, tək-tək olurlar. Bu gün isə insanlar hər gün demokratiyaya töhfə vermək üçün nəsə edirlər.

Müxalifət partiyalarının fəaliyyəti kəskin şəkildə məhdudlaşdırılb, QHT-lər böyük təzyiq altındadır, mətbuat təpkilərdən yayınmaq üçün bilmir nə etsin, amma cəmiyyətin etiraz potensialı tükənmir... Bunun özü cəmiyyətin kreativliyinə dəlalət edir.

Əksər hallarda bu “nəsə”lərin sədası sonra gəlir, bir də görürsən ki, hansısa ictimai fəalı və yaxud hansısa gənci şərləyiblər, ölkədən çıxmaq imkanlarını məhdudlaşdırıblar... Təbii ki, hamı daha böyük dəyişikliklər, daha böyük effektlər gözləyir. Amma indi bunlar üçün imkan çox azdır.

Deyirlər ki, müxalifət zəifdir, cəmiyyət özünü toparlaya bilmir. Amma bütün bunlar təbiidir. Azərbaycanda sərt avtoritar siyasi sistem bərqərar olub.

Belə bir sistemdə güclü olmaq elə də asan məsələ deyil. Müxalifət güclənəndə, cəmiyyət özünü toparlayanda artıq bu siyasi sistemin özülü laxlamağa başlayacaq, bir də görəcəyik ki, o, çüküb. İndi isə hələ o, güclüdür.

Bütün istiqamətlərdən taym-aut götürən, öz cəmiyyətindən başqa hamı ilə bölüşən və paylaşan hakimiyyət bütün gücünü bu ölkədə baş verə biləcək dəyişikliklərin qarşısını almağa yönəldib...

Ona görə də çox çətindir. Bir məsələ var ki, bu, əbədi ola bilməz. Düzdür, elə də böyük təsəlli deyil. Amma nə etmək olar?

Bu günlərdə oxuduq ki, Rusiyada yeni təhlükəsizlik doktrinası üzərində iş gedir. Ölkə özünə təhdid kimi “ərəb baharları”nın, rəngli inqilabların Rusiyada baş verməsini də görür.

İndi özünüz bir suala cavab verməyə cəhd edin: onlar kimin, hakimiyyətin, yoxsa dövlətin təhlükəsizlik doktrinası üzərində işləyirlər?..

Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir.

Ən son yazılan

XS
SM
MD
LG