Keçid linkləri

Təcili xəbərlər

Azərbaycan toylarına ingilis qaydası tətbiq olunsaydı...


Arxiv fotosu: Ukraynanın Mariupol şəhərində toy. 6 sentyabr 2014
Arxiv fotosu: Ukraynanın Mariupol şəhərində toy. 6 sentyabr 2014

-

Gözlə

No media source currently available

0:00 0:04:13 0:00
Direct-ə keçid

TOYLARA İNGİLİSLƏR KİMİ GETSƏK....

Doğrusu, ilk dəfə rusiyalı Yegor Gaidar-ın kitabından məmur kapitalizmi haqqında oxuyarkən hələ bu fenomenin sərhədlərini, onun fəsadlarını axıra qədər təsəvvür etmirdik. O vaxt ağlımıza da gəlməzdi ki, illərlə bu sosial bəlanı, onun acı nəticələrini yaşamalı olacağıq.

İndi dəbdəbə, təmtəraq və ifratçılıqla bağlı məmurların və bir də hakim partiyanın funksionerlərinin yazdıqlarını oxuyarkən bir daha bu problem haqqında düşünməli olduq.

Hakim partiyanın funksionerlərinə elə gəlir ki, onlar artıq yas mərasimləri ilə bağlı məsələləri yoluna qoyublar və növbəti hədəf toylar olacaq. Halbuki bəziləri indi yas mərasimlərinə qırx gündə xərclədiklərini 3 gündə xərcləməyə çalışırlar. Amma yenə də fərq etmir, olsun. Görün, onlar toylarla bağlı nə deyirlər?

Təsəvvür edin, camaat 1000-2000 funtsterlinqlik hədiyyə təqdim edir, siz də əlləriniz əsə-əsə 20 funtsterlinqlik hədiyyə çekini bəylə gəlinə uzadırsınız...

Həmin funksionerlər toy mərəsimlərilə bağlı İngiltərədə gördüklərini bölüşürlər. Deyirlər ki, orada xüsusi toy hədiyyələri mağazaları var. İnsanlar bu mağazalardan hədiyyələr alır və hədiyyələrin çekini bəylə gəlinə verirlər.

Bəs, hədiyyələrin qiyməti nə qədərdir? Təsəvvür edin, təxminən 20 funtsterlinqdən tutmuş 3000 funtsterlinqə qədər!

Bunu oxuyanda indiki toylara şükür dilədik. İndi toyu 50-100 manatla yola vermək olur. Hətta 100 manat kifəyət qədər yaxşı hədiyyə hesab edilir.

Təsəvvür edin, camaat 1000-2000 funtsterlinqlik hədiyyə təqdim etdiyi halda siz də əlləriniz əsə-əsə 20 funtsterlinqlik hədiyyə çekini bəylə gəlinə uzadırsınız... Bu halda adamın nə hisslər keçirdiyini təsəvvür etmək elə də çətin olmaz...

VARLIDAN QALMA GERİ...

Deyə bilərsiniz ki, bunlar İngiltərədə baş verir, orda ki, məmur kapitalizmi yoxdur? Düzdür, orada məmur kapitalizmi yoxdur. Amma İngiltərə kapitalizminin azı 400 il yaşı var.

Azərbaycanda bəzi məmuların sərvəti heç də ingilis kapitalistlərinkindən az deyil. Amma bu, o demək deyil ki, biz hamımız pulda və sərvətdə ingilislərlə yarışa bilərik!

Burada məmur kapitalizmi özünü nədə göstərir? Xərcləri zorla, süni şəkildə İngiltərə və yaxud da başqa bir ölkənin standartları səviyyəsinə qaldırmağa cəhd edirlər. Bəs gəlirlər? Gəlirlər haqqında kim düşünəcək? Bəlkə onları da ABŞ-ın, İngiltərənin səviyyəsinə qaldırmaq lazımdır?

Gəlirlər demişkən, indi təmtəraq, dəbədəbə və ifratçılıq haqqında söhbət gedərkən, bəlkə elə məmurların gəlir deklarasiyası haqqında düşünməyin əsl vaxtıdır. Axı bu məsələ də nə vaxtsa həllini tapmalıdır!..

Heç kim üçün sirr deyil ki, əksər hallarda həyat standartları ilə bağlı musiqini məhz oliqarx məmurlar sifariş edirlər.

Heç kim üçün sirr deyil ki, əksər hallarda həyat standartları ilə bağlı musiqini məhz oliqarx məmurlar sifariş edirlər. Dəbdəbənin də, təmtərağın da, ifratçılığın da mənbəyi elə onlardır.

Azərbaycanda həyat şəraiti əhalinin təxminən 15- 20 faiznin gəlirlərinə hesablanıb. Bazarda təklif də bunun əsasında formalaşır. Başqa ölkələrdə istehsalçılar nisbətən ucuz qiymətə daha çox adama satmaqla udurlarsa, Azərbaycanda məsələ əvvəldən tərsinə qoyulur: hamı az satmaq, amma necə deyərlər, saz satmaq istəyir...

MƏMUR “KRIŞA”SI OLMASA...

Məmur kapitalizmi daha nələrə gətirib çıxardı? “Elita” sözünün və məfhumunun tərəfdarı olmasaq da, məmur kapitalizmi ölkədə ayrıca, siyasi elitadan kənarda iqtisadi elitanın yaranmasına imkan vermədi.

Məmurlar iqtisadiyyatın ayrı-ayrı sektorlarına “krışalıq” edirlər. Güclünü, daha tədbirlini bazar yox, məmurlar müəyyən edirlər. Demək olar ki, heç bir rəqabət yoxdur, sadəcə, inhisarçı sektorlar var...

Açığı adam Azərbaycan iqtisadiyyatının “rəqabət indeksi” haqqında yazıları oxuyanda gülməkdən bir başqa çarəsi qalmır. Soruşmaq istəyirsən ki, xırda ticarətdən başqa, cənablar, siz rəqabəti harada görürsünüz?..

“MƏNİ ÇOX DÜZGÜN EDİB İŞDƏN ÇIXARIBLAR!”

Ölkədə mülkiyyət hüququ da mübahisəlidir. Bir çox hallarda mülkiyyətin toxunulmazlıq müddəti ona “krışa”lıq edən məmurun vəzifədə olduğu müddət qədərdir.

Sərvətini itirməkdən qorxan məmurlar vəzifədən çıxarılanda "çox vaxtında verilmiş düzgün qərar" adlandırırlar.

Ona görə də axır vaxtlar vəzifədən çıxarılanlar, dünənki dostların etimadını itirənlər özləri ilə bağlı qərarların “çox vaxtında verildiyini və bunun çox müdrik qərar olduğunu” xüsusilə qeyd edirlər.

Onlar bununla özlərini vəzifədən getməyin acı nəticələrindən qorumağa, vəzifədə olduqları müddətdə topladıqları sərvəti rahat xərcləmək üçün toxunulmazlıq qazanmağa çalışırlar. Bəzi hallarda bu, onlara nəsib olur, bəzi hallarda isə məmurlar vəzifə ilə birlikdə hər şeylərini itirirlər...

Ona görə ki, məmur kapitalizminin qaydaları daha sərtdir, burada müflisləşmək üçün şanslar daha böyükdür, çinki onlar tək iqtisadi oyun qaydalarına deyil, birinci növbədə siyasi oyun qaydalarına əməl etməlidirlər...

Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir.

XS
SM
MD
LG