Keçid linkləri

Təcili xəbərlər

Bir həbs və «ş» hərfinin birləşdirdiyi 2 söz


İntiqam Əliyev
İntiqam Əliyev

-

...Heç adını yada salmaz. Yəni şəxsi və özəlliklə ictimai məsələlərdə intiqam hissindən çox uzaq adam təsiri bağışlayır. Peşəsinə bağlılığı bir yana, Azərbaycan cəmiyyətinin hüquqi bilgilərinin artırılmasında o qədər çox xidməti var ki, fəaliyyətini ayrıca bir institutla müqayisə etmək olar. Bu, kompliment deyil, adi, çox adi gerçəkdir. Yetirmələrinin sosial şəbəkələrdə yayılmış ürək sözləri bu qənaəti bir daha təsdiqləyir.

İNTİQAM MÜƏLLİMİN YETİRMƏLƏRİ DEYİRLƏR:

- O, BDU-nun hüquq fakültəsinin toplam fəaliyyətindən çox iş görüb!..

- Bilmirəm axtarılan nədir, amma tapılan, sadəcə, universal dəyərlər olacaq – onun hər zaman bizlərə öyrətdiyi dəyərlər!..

- Dünən İntiqam müəllimin saxlanması barədə mediada xəbər yayıldıqdan sonra mənə bir zəng gəldi. 10 il bundan öncə Hüquq Maarifçiliyi Cəmiyyətində pulsuz hüquq yardımı göstərdiyimiz bir qadın idi. Həyəcanla «niyə», «səbəb nədir» kimi çoxsaylı, bəzən ritorik suallar verdi, necə yardım edə biləcəyini soruşdu. Sonda kilsəyə gedəcəyini və İntiqam müəllim üçün çox dua edəcəyini bildirdi...

- 6 il BDU-da oxusam da, özümə İntiqam müəllimin sayəsində hüquqşünas deyə bilmişdim. Təəssüf ki, hüquqşünasam deməyə yenə utanıram, amma səbəbləri bu gün daha üzücüdür...

- Yüzlərlə hüquqşünasa təcrübə, bilik, iş, yeni təhsil imkanları qazandırıb İntiqam Əliyev. İnsan hüquqlarının ölkəmizdə dərindən öyrənilməsinin və qavranılmasının ən qabaqcıl vasitəçilərindən olub İntiqam Əliyev. Xeyli sayda insanın hüququn aliliyinə, ədalətə, insan hüquqlarına inanmasına, güvənməsinə vəsilə olub İntiqam Əliyev. Avropa İnsan Hüquqları Məhkəməsini Azərbaycanla, Azərbaycanı da həmin məhkəməylə yaxından tanış edən ilk şəxslərdən olub İntiqam Əliyev. Xeyli sayda ərizəçinin həmin məhkəmədə nümayəndəsi, vəkili olub, xeyli iş udub həmin məhkəmədə İntiqam Əliyev. Və budur, ədalətin mütləqliyinə, aliliyinə, gözəlliyinə, müqəddəsliyinə inanan adamın özü həbs olundu... Cəmiyyəti, ölkəsi üçün bu qədər faydalı olan adamı azadlıqdın məhrum etmək olarmı?!

PEŞƏKARLIQ DƏRSLƏRİ

Dahi sözünü heç vaxt bəyənmədim. Bu söz birləşdirməz, ayırar. Kiminsə üstünlüyünü vurğulayar və nə qədər doğru və danılmaz olsa da, birinin dahi olması, ha çalış-ha vuruş, başqalarına yarımçıqlıq kompleksi aşılayar. Bir də, nədənsə, dahilərlə aciz və uğursuz cəmiyyətlər öyünər. Mənlikli-ərdəmli cəmiyyətlərin sözlüyündə «dahi»lərə hələm-hələm yer tapılmaz və «dahi»dənsə «peşəkar» üstün və gərəkli sayılar. Dahi sanki özünə yönəlib, amma peşəkar üzünü başqalarına tutub, elə özü kimi başqalarına – yuxarıdan deyil, eyni səviyyədən baxır. İntiqam Əliyev kimi. Peşəkar və vətəndaş sözlərini təkcə ortaq «ş» hərfi birləşdirməz. Ortaq olan toplum maraqları, cəmiyyətin və insanlığın çıxarlarıdır, məncə... İntiqam müəllim peşəkarlıq və vətəndaşlıq anlayışlarını özündə birləşdirən çox gərəkli və parlaq adamdır. Anlaşma, inkişaf və qarşılıqlı sayqı belələrinin üzərində dayanır.

HƏSƏN BƏYİ XATIRLADIR

...Universitet müəllimliyi. Cild-cild və çox dəyərli kitablar. Özəlliklə tərcümələr. «Hüquq qəzeti». Hüquqçular Forumu. Simvolik məhkəmə prosesləri. Az qala bütün Azərbaycan coğrafiyasını əhatə edən təlimlər. Vəkillik fəaliyyəti... Heç də tam siyahı deyil. İntiqam Əliyev insan hüquq və azadlıqlarının qorunması, vətəndaş hüquqlarının açıqlanması sahəsində o qədər çox iş görüb ki, ona tərəddüdsüz «Gerçək hüquqçu», «Örnək vətəndaş», «Nümunəvi vergiödəyicisi» və s. fəxri adları vermək olar. Bütün təzad və faciə də bundadır ki, ona mükafatları xarici ölkələr, ittihamları şərəfini qoruduğu öz dövləti verib. Amma bir şey unudulub: İntiqam müəllim harada, hansı şəraitdə olsa da, sevimli işindən ayrılmayacaq və məhbəsdə də «məhbus hüquqları»nı öyrədəcək... Axı eynən Zərdabi kimi tərs və deyib-düşündüyündən dönməyən, ədalətli və demokratik cəmiyyət quruculuğuna ürəkdən inanan və buna çalışan bir şəxsiyyətdir.

ƏDALƏTLİ MƏHKƏMƏ VƏ DEMOKRATİYA TESTİ

O, siyasi hay-küydən, özünəvurğunluqdan, şöhrətdən uzaq adamdır. Öz işinə, öz peşəsinə bağlıdır. Amma onun məhkəməsi, nə qədər sadəlövh səslənsə də, önəmli suallara cavab verəcək:

­­İntiqam Əliyevin həmkarları (dövlət qurumlarında çalışanlar – müstəntiq və hakimlər daxil) Azərbaycan məhkəməsinin ədalətli hökmünə nail ola biləcəklərmi?

Bu hökm siyasi istək-şıltaq və bir anın siyasi qərarlılığından arındırılacaqmı?

Bir şeyə əminəm: İntiqam Əliyevin həbsinə kim necə yanaşır-yanaşsın, o sualların cavabı həm də Azərbaycanda demokratiyanın gələcəyi üçün çox ciddi sınaq olacaq...

Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir.

XS
SM
MD
LG