-
Azərbaycan ziyalısı Ramiz Səmədin «Exo» qəzetində dərc edilmiş «Müraciət»inə cavab verən Zərdüşt Əlizadənin fikrincə, «Dəvəquşu Antarktidada yaşaya bilmədiyi kimi, Azərbaycanda da «İctimai müqavilə» ağlasığmaz və məntiqsiz bir şeydir».
Müraciət müəllifinin tariximizdə görünən-sezilən iz qoymamış onlarla bənzər müraciətin varlığına rəğmən, bir daha millətə səslənmə cəhdi yalnız ehtiram hissi doğurur. Necə deyərlər, «desəm öldürərlər, deməsəm ölləm». Daha dəqiq desək, «deməsəm – özümə hörmət etmərəm, desəm - ələ salıb tənə edərlər».
Ramiz Səmədin «Exo» qəzetindəki müraciətinin tam mətni
Sonuncu isə özünə hörmət edən şəxs üçün ölümdən betərdir.
Buna baxmayaraq Ramiz Səməd müraciət edir: cəmiyyətə, iqtidara, partiyalara, vətənə biganə olmayanlara... Müəllif müasir dünyada artan hərcmərcliyin vətənimiz üçün təhlükəsindən yazır, Rusiyanın standart «idarə olunan münaqişələr vasitəsilə bölgələri idarə etmək» təcrübəsinin ağır fəsadlarını yadımıza salır. Bu zaman 1920-ci il Türkiyə-Azərbaycan münasibətlərində qardaş ölkənin öz milli maraqları naminə Azərbaycanın arxasından necə çəkildiyini xatırlayır.
Bunların hamısı düzdür. Fəqət bir incə məqam var: Azərbaycan yenə də, 90 il bundan əvvəlki kimi aciz və zəif olsa da, bu dəfə artıq bir dövlətdən deyil, bir neçə dövlətdən asılıdır. Dövlətimizin təkrar yem olmaması üçün ağa dövlətlərin toqquşan maraqları bizim şərti müstəqilliyimizə zəmanət verə bilər. Odur ki, hər şey göründüyü kimi pis deyil.
«BAKI NEFTİNİN BAKILILARA AİDİYYƏTİ NƏ QƏDƏRDİRSƏ...»
Həm də, biz güya müstəqilik, ya tam asılıyıq, – bundan xalqa və cəmiyyətə nə? Bakı neftinin bakılılara aidiyyəti nə qədərdirsə, müstəqillik nemətlərinin də Azərbaycan xalqına aidiyyəti bir o qədərdir. Odur ki, müstəqillik məsələsinə laqeyd yanaşan xalq bir daha öz müdrikliyini sübut edir. Mənasız ora-bura qaçışıb hədər bağırışmağın nə faydası ola bilər?
Müəllif bizi təkrar rus işğalı ilə qorxutmaq istəyir, yada salır ki, «sonrasını özünüz bilirsiniz...». Camaat bilir və... qorxmur. Qəribədir, deyilmi?
Müəllif çıxış yolunu olmayan milli birliyin yaradılmasına başlamaqda görür. Adamın yadına bu məqamda Russonun «İctimai müqavilə»si düşür. Elədirmi? Yox, elə deyil. Fransanın və ümumilikdə Avropanın siyasi mədəniyyəti və tarixi bizimkindən tam fərqlidir. «İctimai müqavilə» Fransada mümkündür, Azərbaycanda mümkünsüzdür. Dəvəquşu Antarktidada yaşaya bilmədiyi kimi Azərbaycanda da «İctimai müqavilə» ağlasığmaz və məntiqsiz bir şeydir. Belə müqavilə üçün ictimai zəmin və şüur, siyasi mədəniyyət və ənənə yoxdur.
«CİBƏ XƏLVƏTİ YOX, XALQIN GÖZÜ ÖNÜNDƏ VƏ ALQIŞ SƏDALARI ALTINDA GİRİRLƏR»
Xalqın hansısa ülvi məqsəd naminə sıx birləşməsi və fəaliyyətə başlaması Azərbaycanda siyasi dələduzların xalqın cibinə girməsi üçün əla fürsət sayılır. Özü də cibə xəlvəti yox, xalqın gözü önündə və onun alqış sədaları altında girirlər.
Niyə xalq cibgirliyi alqışlayır? Çünki ümid edir ki, çalınan puldan ona da çatacaq. Bu tamah və şəhvəti yalnız nadanlar hürriyyət və vətən eşqi sanır.
Müəllif vacib bir işarəni unutmur: biz Avrasiya İttifaqına girsək belə, Qarabağı bizə qaytarmayacaqlar. Tam düzgün və məntiqi siyasi nəticə və öncəgörmədir. Burada düzgün olmayan yeganə şey ondan ibarətdir ki, məgər bizdə Qarabağı düşünən, istəyən, onun naminə çalışan varmı? Mən 20-30 sadəlövh və pak romantik məxluqu nəzərə almıram. Hakimiyyətin və özünü müxalifət sərgiləyən qüvvələrin vacib fəaliyyətinə mane olmayana qədər heç kəs onların canfəşanlıqlarına məhəl belə qoymur. Mane olanda isə təxribat və böhtan işə düşür.
«BELƏ ŞURAYA NƏ İQTİDAR, NƏ DƏ MÜXALİFƏT RAZI OLAR»
Nəhayət, müəllif milli həmrəylik naminə siyasi partiyaların şurasını yaratmağı təklif edir. Onun rəyinə görə, bu şurada iqtidar və müxalifət partiyaları, hətta ictimaiyətin nümayəndələri bir araya gəlib fikir mübadiləsi apara bilər.
Mən bunu mümkünsüz sayıram. Tariximizin son 25 ilinin məntiqi mənə deyir ki, heç kim, nə iqtidar, nə də müxalifət belə şuraya razı olmaz. Niyə? Sadə səbəbə görə. Təsəvvür edin ki, şura yaranıb və ilk iclasda hansısa ağzıgöyçək həyasızcasına deyir ki, mən korrupsiyanın kökünü kəsən bir mexanizm layihəsi hazırlamışam. Hamı sanki sevinir və deyir ki, göstər görək. Göstərir. Baxırlar. Görürlər ki, həqiqətən bu mexanizm korrupsiyanı mümkünsüz edir. Bütün siyasi partiyaların qolu-qanadı qırılıb yanına düşür: «Ə bə onda biz hakimiyyət naminə nə üçün böylə zəhmət çəkib, söyülüb-döyülüb mücadilə aparıırıq? Quru maaş naminə? Dəysin dədənizin kəlləsinə!»...
Mən hələ onu demirəm ki, dövləti həqiqətən ata malı sayan iqtidar bu təklifi vətənə xəyanət kimi tövsif edəcək.
SAKİT SƏSİN TƏHLÜKƏSİ
Sakit səslə deyilən mərifətli sözlər bəzən bağıraraq deyilən hədə və söyüşlərdən daha təhlükəli olur. Müəllifin bu yazısı həqiqətən belə sakit tərzdə deyilən, əslində, həmşəri söyüşünə bərabər sözlərdir. Sadəcə, hər kəs öz qanacağına və dərrakəsinə uyğun olanı ondan götürür.
Nəhayət, baxmayaraq ki, müraciətin bizim cəmiyyət üçün həyati olmadığını deyirəm və bədbinliyimi misallarla sübut etməyə hazıram, xalqımın indiki hədsiz ağır çağında istənilən xoşniyyətli müraciətin altından imza atmağa hazıram və bunu edirəm.
Zərdüşt Əlizadə