-
Evsiz, işsiz və dişsiz şairin nağılı bitdi...
Həm də acı sonluqla bitdi.
3 ALMA XOŞBƏXT SONLUQLARDA DÜŞÜR...
Heç göydən 3 alma da düşmədi.
Yəqin alma xoşbəxt adamların xoşbəxt sonluğunda düşür.
Və elə xoşbəxtlər də bölüşdürüb yeyirlər...
HƏR ŞEYİ BİZƏ BURAXIB GETDİ
Evsiz, işsiz və dişsiz şair bu yalan dünya ilə vidalaşdı.
Nöqtəsiz-vergülsüz, nidasız-böyük hərfsiz şeirlərini, dadlı rəsmlərini bizlərə buraxıb getdi.
Özüylə heç nə götürmədi, heç nə!
2 RƏSM ƏSƏRİ, BİR NEÇƏ KİTAB, KOMPÜTERDƏ SƏS
Evimin divarlarında onun iki rəsmi, kitab rəflərimdə bir neçə şeir kitabı, bir də kompüterimdə qonaq olduğu verilişlərdəki səsi qaldı...
ötən gecə yuxuma girməsəydin
yuxumda ağlamasaydın gülüm
bu gün işdən qalmazdım mən
bir fincan qəhvə belə içmədən çıxdım evdən
röyalarla gerçəklər arasında azdım
bir də gördüm içərişəhərdəyəm
bir də gördüm təbrizdəyəm
bir də gördüm parisdəyəm
parisdən təbrizə təbrizdən içərişəhərə döndüm
hər şəhərdə qonurdum kirəmitli damlara
malakan bağına gəldim günbatımında
malakan bağında qumru quşları
şübhəylə baxırdı adamlara
(«Malakan bağında qumru quşları» şeiri)
QAYĞILARDAN UZAQ DÜNYANI SEÇDİ
Evsiz, işsiz və dişsiz şair sonsuzluğa köçdü.
Bu işıqlı dünyadakı kimi ev-ailə-qazanc qayğıları olmayacaq.
Dərman dərdi, oğul-qız gələcəyi də onu narahat etməyəcək.
Bakıdan vurub Parisə, Təbrizə, İstanbula çıxmayacaq.
Bakıda oturub, görməyə-görməyə, Parisdəki Monmartrdan, Monparnasdan, nə bilim, fransızların filan kafesindən, Van Qoqdan, Renuardan şeirlər yazmayacaq...
BİZLƏRİ UNUDACAQ...
Evsiz, işsiz və dişsiz şair bundan sonra göylərə çəkiləcək, səmavi duyğulardan söz açacaq.
Bizləri unudacaq...
AĞDAŞDA DOĞULUB BAKIDA ÖLDÜ...
Hə, evsiz, işsiz və dişsiz şair hər zaman misal gətirdiyi fransızların «Şairlər əyalətdə doğulub Parisdə ölürlər» fikrini də doğruladı.
Ağdaşda doğulub Bakıda öldü...
«ÇIXIB GEDƏRƏM BU MƏMLƏKƏTDƏN»
Evsiz, işsiz və dişsiz şair illər öncə dediyini gerçəyə çevirdi.
«Ümid mövsümünün» sonu çatdı.
Çıxıb getdi bu məmləkətdən.
Avqusta 14 gün qalırdı...
Bir gecə bir avqust gecəsi
Ümid mövsümünün sonunda
Son dəfə qara frak geyib
Dəmir yol vağzalında
Nəfəsi araq qoxuyan dostlara əlvida deyib
Çıxıb gedərəm bu məmləkətdən
İLK DƏFƏ ÖZ YUVASI OLACAQ
Amma bir təsəllim var.
Axır ki, bu dünyada – bu işıqlı, nəhəng dünyada evsiz, işsiz və dişsiz şairin öz yuvası olacaq.
Daracaq da olsa, qaranlıq da olsa, havasız da olsa, bu, onun 62 illik ömründə
sahib olduğu yeganə məkan sayılacaq.
SƏNİN NƏYİN ÇATMIR ATƏŞBÖCƏYİ?..
Evsiz, işsiz və dişsiz şair daha nə evsizlikdən, nə işsizlikdən, nə də dişsizlikdən şikayətlənəcək.
Və bizlər onun hər yerdən əli üzülüb atəşböcəyinə xitabən yazdığı şeirini xatırlayıb güləcəyik:
Evim yox
işim yox
ağzımda dişim yox
sənin nəyin çatmır, atəşböcəyi?..
Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir.