Keçid linkləri

Təcili xəbərlər

Bir səhnə nağılı


Dəli Kür filmindən səhnə
Dəli Kür filmindən səhnə

-

Gözlə

No media source currently available

0:00 0:04:06 0:00
Direct-ə keçid

BİR GÜN GECİKMİŞ NEKROLOQ...

«Xəbərin var? Cahandar ağa da vəfat etdi!». Son günlər eşitdiyimiz sual bu oldu. Maraqlıdır, heç kimin ağlına gəlmirdi ki, «Cahandar ağa kimdir?» deyə soruşsun. Hamı bilirdi ki, söhbət bu günlərdə vəfat etmiş xalq artisti Ələddin Abbasovdan gedir.

Doğrusu, Azərbaycanda öz rolu ilə bu qədər çulğaşan ikinci bir aktyor tanımıram. Belələri haqqında son söz yazmaq da çətin olur. Ən yaxşısı onları elə beləcə, alqış sədaları altında yola salmaqdır...

Nekroloqda vəfat edənin xidmətlərini sadalayırlar. Amma Ələddin Abbasovun buna ehtiyacı varmı? Aktyorun ən böyük xidməti böyük rol yaratmaqdır. Ələddin Abbasov da onu yaratmışdı - o, əbədi olaraq hamının yaddaşında elə Cahandar ağa kimi qaldı...

Ələddin Abbasov
Ələddin Abbasov

Teatr, kino bir ayrı aləmdir, ayrı dünyadır. Bir dəfə maraqlı bir hadisə haqqında oxumuşdum. Deməli, «Otello»nun tamaşası imiş. Aktyor Yaqonu o qədər təsirli oynayırmış ki, tamaşaçılardan biri - bir zabit özünü tamamilə unudur, tapançanı çıxarıb Yaqo-ya atəş açır. Aktyor səhnədə ölür...

Özünə gəlmiş zabit bir anlığa çaşıb qalır, amma nə etdiyini başa düşəndə özünü də güllə ilə vurur...

Ələddin Abbasovun Cahandar ağası da bir ayrı aləm idi. Deyirlər, çəkiliş zamanı uzun müddət bu rola ifaçı axtarırlarmış. Nəhayət, Ələddin Abbasov da dəvət edilir. Elə ilk sınaqdan rejissor və digərləri başa düşür ki, əsl ifaçını tapıblar. Hətta Adil İsgəndərov rejissora – Hüseyn Seyidzadəyə deyir ki, Seyid, görürsən, axtaranda tapmaq olur...

BƏY MÜSBƏT QƏHRƏMAN OLA BİLƏRDİMİ?

Yetmişinci illərin sonu idi. «Dəli Kür» romanını yenicə oxumuşdum. Filmi də bir neçə dəfə görmüşdüm, özü də çox təsir etmişdi mənə. Amma müəllim məndən soruşanda bütün simpatiyamın «Dəli Kür» romanının və filminin baş qəhrəmanı Cahandar ağanın yanında olmasına baxmayaraq, «Necə düşünürsən? Cahandar ağa müsbət qəhrəmandır, yoxsa mənfi?» sualına könülsüz olaraq, tərəddüdlə «mənfi» deyə cavab verdim. Amma müəllim də sağ olsun, elə bil fikirlərimi oxudu, «Yox, düşündüyünü de. Cahandar ağa təbii ki, müsbət qəhrəmandır» deyə, cavab verdi...

O vaxtdan indiyə qədər nə qədər müddət keçib... Amma hər dəfə bu filmə baxanda həmin o hadisəni xatırlayıram. Mən niyə düşündüyümü deməmişdim, niyə bir başa deməmişdim ki, bəli, Cahandar ağa müsbət qəhrəmandır?

Ona görə ki, o vaxtkı «ideoloji ustanovka»lara görə bəy müsbət qəhrəman ola bilməzdi. O vaxt bəy deyəndə nə başa düşürdülər? İnsanları istismar edən, onlara zülm edən, keçmişin qalığı...

Amma «Dəli Kür» romanı və filmi bu fikri tamamilə dəyişdi. Amma romanda da, filmdə də hər halda azacıq da olsa «ideoloji ustanovkaları» nəzərə almağa çalışmışdılar. Buna görə yazıçını və rejissoru heç qınamırıq da, əks təqdirdə nə roman, nə də film işıq üzü görməzdi...

O dövrün ən qabaqcıl, ən mütərəqqi «naçalniklər»inin belə fikrincə, bəy prinsipcə müsbət qəhrəman ola bilərdi, amma o, ziddiyyətli müsbət qəhrəman olmalı idi, dövrün möhürlərini üzərində daşımalı idi.

Əsərdə də, filmdə də bu möhürü nəzərə almağa çalışmışdılar. Nə etmək olardı? Bunsuz mümkün deyildi....

BAKIDAN BAŞQA...

Həsənağa Turabov
Həsənağa Turabov

Qayıdıram Ələddin Abbasova... Azərbaycanda şəhər məsələsi problemdir. Nə gizlədək? Təkcə Bakı şəhər, qalan yerlər isə əyalət sayılır.

Ələddin Abbasov da bütün ömrünü Gəncədə yaşadı. Bu adama görə mən həmişə belə hesab edirdim ki, Azərbaycanda Bakıdan başqa da bir şəhər var. Bu şəhər Gəncə idi.

On görə ki, orada heç Bakı teatrlarından geri qalmayan, əsl teatr vardı, orada Ələddin Abbasov kimi artist vardı...

Ələddin Abbasov haqda yazıram, digər korifey sənətkar – Həsənağa Turabov yadıma düşür. Dərhal xatırlayıram ki, Həsənağa Turabova da Gəray bəy deyir, bu adla çağırırdılar. Amma Cahandar ağa ilə Gəray bəy arasında yerlə göy arasında fərq var, baxmayaraq ki, hər ikisində aktyor oyunu zirvədə idi və mükəmməl idi.

Amma Gəray bəy rolundan nəsə sətiraltı mənalar tutmaq olardı. Cahandar ağa isə tamam başqa bir aləm idi.

Sənətdə belə bir deyim var: «möhürünü vurmaq». Ələddin Abbasov da bəy roluna, Cahandar ağa roluna möhürünü vurdu. Bundan sonra həmişə Ələddin Abbasov deyəndə Cahandar ağa, Cahandar ağa deyəndə isə Ələddin Abbasov anılacaq. Özü də həmişə...

Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir.

Ən son yazılan

XS
SM
MD
LG