-
RUSLAR MÜHARİBƏ İSTƏYİRMİ?
Hətta sürprizlərlə dolu futbol dünyası belə diqqətləri konkret geosiyasi çevrədə - Ukraynada baş verən proseslərdən ayırmadı. Demək olar ki, hər gün xəbər bülletenləri Ukraynanın şərqində baş verən proseslərlə başlayır və onlarla da bitir.
Maraqlıdır ki, keçmiş sovetlər üzrə böyük mütəxəssis, politoloq Zbigniew Brzezinski də proseslərə biganə qalmadı. O da bu yaxınlarda Vladimir Putinin üç yolu haqqında yazdı. Biz də bu üç variantdan hansının indiki ssenariyə yaxın olması haqqında düşündük. Köməyimizə elə bu günlərdə Rusiyanın «Levada» sorğu mərkəzinin keçirdiyi kiçik bir araşdırma gəldi.
Məlum olur ki, rəyi soruşulan Rusiya vətəndaşlarının üçdən ikisi Ukraynaya qoşun yeridilməsinin əleyhinədir. Düzdür, «Levada» mərkəzinin araşdırmalarına, ümumiyyətlə, Rusiyada keçirilən sorğulara bir o qədər bel bağlamırıq, çünki onlar sanki konkret zaman kəsiyində adi Rusiya vətəndaşının deyil, Rusiya siyasi elitasının baxışlarını əks etdirir. Amma digər mənbə də yoxdur ki, ona istinad edək. Rusiyada sayılıb-seçilən sorğu mərkəzlərindən biri də «Levada» mərkəzidir.
Qərəz, mərkəz Rusiya vətəndaşlarının pasifist ovqatını xəbərləyir. Üstəlik, onların sanksiyalardan möhkəm ehtiyat etdiyini bildirir.
Ona görə də ən real yol kimi ABŞ politoloqunun da göstərdiyi üçüncü yol qalır. Bizə də bu yol daha real görünür.
RUSİYAYA HANSI UKRAYNA LAZIMDIR?
Söhbət nədən gedir? Böyük ehtimalla Rusiya Ukraynanın şərqində baş verən proseslərə hərbi müdaxilə etməyəcək, Ukraynanın Avropa Birliyilə inteqrasiyasına mane olmayacaq. Bəs nə istəyəcək? Böyük ehtimalla Rusiya Ukraynanın NATO-ya daxil olmamasını tələb edəcək.
Bu variant realdırmı? Realdır. Birincisi, o səbəbdən ki, hələ proseslərin lap başlanğıcında ABŞ prezidenti də bəyan etmişdi ki, NATO Ukraynanın hesabına genişlənməyəcək. İkincisi, bu güzəşt diqqəti daha bir məsələdən - Krımdan yayındırır. Nəhayət, üçüncüsü, bu yolla Rusiya sanksiyaları özündən sovuşdura bilir.
O səbəbdən də bizə elə gəlir ki, proseslərin inkişafının məhz bu ssenarisi reallaşacaq.
QƏRB UKRAYNANI TƏK BURAXMIR...
Qərb ölkələri Ukraynaya öz şərqində suverenliyini bərpa etmək üçün hərtərəfli kömək edir. Bu günlərdə hətta deyildi ki, NATO ölkələri şərqi Avropa ölkələrinin arsenalında olan köhnə sovet silahlarını da Ukraynaya verməyə hazırlaşır.
Amma burada bir detal var. Ukraynada uzun müddət iqtisadi və siyasi aşınma prosesləri aparılıb. Bu ölkənin unikal hərbi-sənaye kompleksi vardı. Bunu hərdən ukraynalılara xatırlatmaq lazımdır.
İndi 1994-cü ildə əldə olunan Budapeşt razılaşmasından ya danışmırlar, ya da çox az danışırlar. Halbuki Ukraynanın nüvə arsenalı qalsaydı bəlkə də indi onun ərazi bütövlüyü ilə bağlı problem yaranmazdı. Ona görə də Brzezinski Rusiyanın Ukraynaya hərbi müdaxilə edəcəyi təqdirdə Qərb ölkələrinin də bu ölkəyə - Ukraynaya hərtərəfli yardım etməli olduğunu yazanda haqlıdır. Bu, ən azı siyasi əxlaq məsələsidir.
Üstəlik, Rusiya da Ukraynanın NATO-ya üzv olmayacağı təqdirdə müəyyən öhdəliklər götürməlidir. Amma Rusiyanın öhdəlik götürmək mədəniyyəti varmı?
Budapeşt razılaşmasına görə, Ukraynanın təhlükəsizliyinə təminat verən ölkələrdən biri də Rusiya olmalı idi. Amma məsələ də bundadır ki, olmalı idi, amma olmadı, olmaq istəmədi, Ukraynanın strateji əhəmiyyətli bölgəsini ondan qopardı.
İndi qarşıdan NATO-nun Uels sammiti gəlir. Sentyabr ayına bir o qədər də çox vaxt qalmayıb. Bu sammitin gedişindən bəlli olacaq ki, Şimal Alyansı Ukrayna haqqında nə düşünür.
Əgər növbəti dəfə Ukraynanın NATO-ya üzvlüyü təxirə salınsa, onda məlum olacaq ki, proseslər Zbigniew Brzezinski-nin dediyi ssenarilərdən biri üzrə baş verməkdədir.
Həm də ortalıqda sanksiya söhbəti var. Rusiya ağır sanksiyalardan qaçmalıdır.
Elə «Levada» sorğu mərkəzinin araşdırmasının bir cəhəti də odur ki, rəyi soruşulan Rusiya vətəndaşlarının böyük hissəsi sanksiyaların bilavasitə onlara təsir edəcəyini düşünür.
Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir.