Keçid linkləri

Təcili xəbərlər

Məmurlar niyə uçan boşqablar haqda danışmır?


Rəşid Şərifin karikaturası
Rəşid Şərifin karikaturası

-

Gözlə

No media source currently available

0:00 0:04:11 0:00
Direct-ə keçid

SADƏLÖVH DEMOKRATLAR, YOXSA...

Əgər soruşsaydılar ki, 20-ci əsrdə nələri önəmli sayırsınız, düşünmədən iki prinsipi yada salardıq. Bunlardan biri insan haqlarının universallığı, digəri isə insan haqlarının heç bir dövlətin daxili işi olmamasıdır.

Bunların nəticəsində 20-ci əsrdə insan haqları və demokratiya ilə məşğul olan təşkilatların beynəlxalq şəbəkəsi yarandı. Bu şəbəkə dünyada insan haqlarının monitorinqi ilə məşğul olur, informasiya mübadiləsi aparır, qeyri-demokratik ölkələri qınayır, onları demokratiyanı və insan haqlarını gözləməyə dəvət edir.

Bunları niyə xatırladıq? İlham Əliyevin diplomatik korpusla görüşdə dedikləri ictimaiyyət arasında müzakirələrə səbəb oldu.

Hətta prezidentlə razılaşanlar, lirik siyasi etiraflara qapılanlar da tapıldı. Onların fikrincə, demokratiya məsələləri ikitərəfli və çoxtərəfli görüşlərdə bütün ciddiliyilə qaldırılsaydı təbii ki, indi ölkədə fərqli vəziyyət olardı.

Digərləri isə beynəlxalq təşkilatlarla əməkdaşlığı daha çox əlacsızlıqla, ölkənin içində təsir mexanizmlərinin olmaması ilə izah etməyə cəhd göstərdi.

Heç bir dövlət məmuru yad planetlilərdən və ya ucan boşqablardan danışmır. Niyə? Ona görə ki, hələ ki, bu məsələlər siyasətin predmeti deyil, heç bir beynəlxalq tədbirlərdə onlar qaldırılmır, Azərbaycan hökuməti uçan boşqablara diqqət göstərmədiyinə görə qınanmır

İnsanların məyusluğunu başa düşmək olar. 21 ildir ki, mübarizə gedir, insanlar demokratiyanın qalması və inkişafı üçün əllərindən gələni edirlər. Nəticə isə yoxdur.

Bunu başa düşürük. Amma bütün bu narahatlıq dolu etiraflara bir cavab var: əgər hakimiyyətlə təmaslarda, ikitərəfli və çoxtərəfli görüşlərdə demokratiya və insan haqları məsələləri qaldırılmasaydı, onlara toxunulmasaydı İlham Əliyev və onun hökumətinin üzvləri təkrar-təkrar bu məsələlərə qayıtmazdı.

Onları bu haqda danışmağa nə vadar edir? Bəlkə daxildən hansısa bir ictimai sifariş var?

Fikir verin. Heç bir dövlət məmuru yad planetlilərdən və ya ucan boşqablardan danışmır. Niyə? Ona görə ki, hələ ki, bu məsələlər siyasətin predmeti deyil, heç bir beynəlxalq tədbirlərdə onlar qaldırılmır, Azərbaycan hökuməti uçan boşqablara diqqət göstərmədiyinə görə qınanmır.

Ona görə də sadəlövh titulunu qəbul etməyə tələsməyə dəyməz. İnanın, bir daha qeyd edirik ki, ikitərəfli və çoxtərəfli görüşlərdə demokratiya və insan haqları məsələləri qaldırılmasaydı, müxalifətin vəziyyəti müzakirə mövzusu olmasaydı nə prezident, nə də onun məmurları bu mövzuya toxunmazdı.

MƏDƏNİ İNSANI MƏCBUR ETMƏYƏ EHTİYAC YOXDUR...

Sadəcə, problem nədədir? Beynəlxalq siyasətdə məcburetmə mexanizmləri azdır. Dövlətlərin bir çoxu öhdəlikləri ona görə yerinə yetirir ki, sadəcə, buna öyrəşiblər, onlar fərqli yol bilmirlər, çünki siyasi mədəniyyət onlara belə etməyi diktə edir.

İradların və öhdəliklərin çoxu sadəcə, tövsiyə xarakteri daşıyır. Təbii ki, belə vəziyyətdən Azərbaycan kimi dövlətlər sui-istifadə edirlər. Belə dövlətlərin hakimiyyətləri öyrənib ki, onları nəyəsə məcbur etsinlər, kimsə «yuxarılardan» zəng edib, bunları hədələsin.

Siyasi mədəniyyət tamam başqa məsələdir. Burada bir detalı xatırlatmaq istərdik. İngiltərə kraliçası Avropa İnsan Haqları Məhkəməsində onun ölkəsinə qarşı bir neçə məhkəmə prosesini udan vəkili mükafatlandırmışdı. Kraliça bunu onunla izah etmişdi ki, həmin vəkil təbəələrinin hüquqlarını onun öz institutlarından daha yaxşı qoruyur.

SOCRATES AFİNADAN NİYƏ QAÇMADI?

Socrates
Socrates

Bu, əsrlər ərzində formalaşmış mədəniyyətdir. Təsəvvür edin, hələ Sokratın (Socrates) Afinadan qaçmaq, məhkəmədən yayınmaq imkanı olub. Tələbələri onu qaçırmağa hazır imiş. Amma Socrates qaçmadı, ləyaqətli vətəndaş kimi məhkəmə qarşısına çıxdı, hətta öz həmvətənlərinin əlindən zəhəri qəbul etdi.

Ona görə də indi Avropa ölkələrində tamam fərqli siyasi mentalitet bərqərar olub – onları nəyəsə məcbur etməyə ehtiyac yoxdur, sadəcə, iradın ədalətli olub-olmamasına inandırmaq lazımdır.

Dünya dəyişir. Hətta xarici siyasət insan haqlarının və demokratiyanın fövqündə deyil, bəşəri dəyərlər xarici siyasətə də sirayət edir - insanlar öz ölkələrinin kiminlə və necə əməkdaşlıq etməsinin fərqindədir.

Ona görə də azərbaycanlı dövlət xadimlərinin və məmurlarının dedikləri qeyri-səmimilikdən başqa bir şey deyil. Onlar sadəcə, özlərini inandırmağa çalışırlar ki, dünyada heç nə dəyişmir, köhnə qaydalar yaşayır. Onlar üçün «Hamı bizim kimidir!» – demək daha xoşdur, çünki onlar belə dünyada özlərini daha rahat, necə deyərlər, lap suda balıq kimi hiss edirlər...

Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir.

Ən son yazılan

XS
SM
MD
LG