Keçid linkləri

Təcili xəbərlər

Leyla&Ləmbəranski [Video]


L. Yunus: Məni heç tualetə də getməyə qoymadılar
Gözlə

No media source currently available

0:00 0:04:10 0:00

L. Yunus: Məni heç tualetə də getməyə qoymadılar

-
Bu nə başlıqdır ağlıma gəldi?!

AzadlıqRadiosunun «İz» proqramında belə bir radiodastan efirə gedə bilərdimi?

Yox... Ən yaxşı halda bu «Leyla &Arif» ola bilərdi...

Niyə də olmasın?

İki ictimai fəalın, insan haqları müdafiəçisinin sevgi və həyat tarixçəsindən söz açan radio verilişinin nəyi pis olardı?

«Əli&Nigar», «Niyazi&Həcər», «Rəsul&Nigar», «Əmin Abid&Nafiyə» bizim verilişlər deyilmi?

Amma...Təəssüf!!!

Bu günün reallığı başqa söz deyir.

Bu gün – aprelin 29-da, Azərbaycanın tarixi işğal günündən 94 il və 1 gün sonra bizə başqa dastanlar «oxunur».
İstəsək də, istəməsək də, bu dastanın adı «Leyla&Ləmbəranski»dir...

Və dastanın 3-cə yarpağı var.

BİRİNCİ YARPAQ: «YA V TUALET XOÇU!»

Ağlıma da gəlməzdi ki, nə vaxtsa dastan qəhrəmanı – üstəlik, dastanın qadın qəhrəmanı bu sözləri söyləyər.

Yəqin ki, heç bir ölkənin dastan tarixində qəhrəman bu sözləri dilinə gətirməzdi.
Amma Azərbaycan gerçəkliyi 29 Aprelə bu sözlərlə damğasını vurdu və beləcə, «Qadın» ayaqyoluna dürtülən (ifadəyə görə üzrlər) «Kişi» obrazı da yarandı...
Və ya yaradıldı. Nə fərq edər ki?

İKİNCİ YARPAQ: LƏMBƏRANSKİ

Bu soyad Azərbaycan tarixində tanınmış soyadlardandır. Qarabağın Ləmbəran kəndində doğulan Əliş Ləmbəranskinin adı Bakının tarixində – yenidən qurulmasında bir örnək soyad kimi xatırlanır.

Bakıdakı bir çox mühüm tikinti obyektlərinin ucaldılmasında onun böyük əməyi olub. «Vikipedia»ya dayansaq, «Bağırov körpüsü», «Dövlət sirki», «Respublika» sarayı, Qaqarin körpüsü, Məişət Kondisionerləri Zavodu, Opera və Balet Teatrının bərpası, Yeni Bakı Neftayırma zavodu, Musiqili Komediya Teatrı və s. sənaye və mədəniyyət ocaqları onun rəhbərliyi ilə tikilib. Əliş Ləmbəranski bir çox orden və medallarla təltif edilib. SSRİ dövlət mükafatı laureatı, Azərbaycanın əməkdar mühəndisi olub.

Daha bir Ləmbəranski – İsmayıl bəy Sankt- Peterburq Universitetini bitirərək neft mühəndisi ixtisasına yiyələnib və Bakının neft mədənlərində çalışıb.

Başqa bir Ləmbəranski – Cəmil bəy Kiyev Universitetini bitirib. O, travmatoloq-ortoped olub və hətta Azərbaycan Cümhuriyyətinin parlamentinə üzv seçilib.

Və bir Ləmbəranski də var - müstəntiq Ləmbəranski. Yəqin o, hansı soyadın daşıyıcısı olduğunu bir an da unutmayacaq...

ÜÇÜNCÜ YARPAQ: 10 KİŞİ VƏ QIZIL ALMA

Və bu gərgin münasibətlər fonunda ən yaddaqalan nüans Leyla xanımın alma yeməsiydi.

Axtarış üçün «Order! Order! Order» – deyə bağıran, ofisinə uyuşdurucu maddə atılmasından qorxub heç kəsi içəri buraxmayan, üstəlik, gecə təyyarədən düşürülən yuxusuz Leyla xanım iştahla alma yeyirdi...

Sanki ətrafın pisliyini, ədalətsizliyini, qarmaqarışıqlığını ALMAYA yükləyib yeyirdi Leyla xanım...

Və ətrafını bürümüş kişiləri sayırdı: Bir, iki, üç, dörd, beş, altı, yeddi, səkkiz, doqquz, on!..

Təsəvvür edirsiniz, 10 geyimli-kecimli Kişi 1 Qadına qarşı birləşmişdi. Həm də, kübarcasına birləşmişdi.

Hərdən rusca danışmağa da cəhdlər vardı...

Bəzən mənalı gülümsəmələr, baş tərpətmələr də sezilirdi...

Xanımı arxayınlaşdırmaq, qanunun tələblərinə uymağa çağırış cəhdləri də...
Yeri gəldi-gəlmədi, mentalitetdən, ailə dəyərlərindən, ağsaqqaldan, ağbirçəkdən, böyükdən-kiçikdən danışan 10 Kişi bir Qadının peşinə düşmüşdü o dastan gecəsində...

Və əslində, bu dastanın adını mən «Leyla və (300 Spartalı...) 10 bığıburma Azərbaycanlı igid» qoymalıydım.

Ancaq 10 Kişinin adını bilmədiyimdən, yalnız birini – o məşhur soyadın daşıyıcısını seçdim.

«İz»dən çıxmayın!

Dastan bitmədi...
Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir.
XS
SM
MD
LG