Keçid linkləri

Təcili xəbərlər

Rusiyanın Krım eyforiyası... Bakının təhlükəsizlik dilemması


-
V.Putinin reytinqi son beş ildə ən yüksək həddə çatıb-75,7 faiz olub. Bunu Ümumrusiya sorğu mərkəzi elan edib. Əslində belə də olmalı idi. Rusiyada bir başqa nəticə olsaydı bu, təəccüblü olardı.

Həm də belə alınır ki, V.Putinin hiddətlə “beşinci kolon” adlandırdığı müxalifət və onun tərəfdarları bir o qədər də çox deyillər. Bəlkə də digər ölkələrin prizmasından baxanda da burada qəribə heç nə yoxdur. Dünya özü biz düşündüyümüzdən bir qədər mürəkkəb qurulub.

Bəli, bir vaxt Bülənt Ecevit Kiprə qoşun daxil edərkən, Britaniyanın Baş Naziri Thatcher də Folklend adaları uğrunda savaş apararkən onların da reytinqi qalxmışdı. Elə C.Bush da İraqa hücum edərkən reytinqi düşməmişdi.

Nə gizlədək, insanlar öz dövlətlərinin dünyada söz və güc sahibi olmasından xoşlanırlar. Böyük dövlətlər bir tərəfə, hətta kiçik dövlətlərin də insanlarına bu hisslər yad deyil.

Amma Rusiyada bu, daha qabarıqdır. Hətta bir qədər hiperbolizə edilmiş formadadır. Fəqət, nə etmək olar?..

İndi buna Ukraynanın, digər GUAM ölkərlərinin reaksiyası maraqlıdır. Nə qədər təəccüblü olsa da Qazaxıstan Krımın ilhaqını dəstəklədi. Ukrayna isə bu problemə hələ demarşlarla cavab verir.

Bu ölkə artıq MDB-də sədrlikdən imtina edib. Onun MDB sıralarından çıxacağı haqda da bəyanatlar səslənir. Çox maraqlıdır ki, baş verən bu qədər hadisədən sonra Rusiya hələ də Ukraynadan yaxın qonşuluq münasibətləri umur, onun MDB-də qalmasını arzu edir. Həqiqətən də təəccüblüdür!..

Dedik ki, V.Putinin reytinqinin qalxmasının anologiyaları olub. Amma bu qədər soyuq münasibətdən sonra Ukraynanın MDB-də qalmasını arzulamaq...

Bax, bu, həqiqətən də görünməmiş siyasətdir...

NATO-NUN GENİŞLƏNMƏSİ ÜÇÜN REAL MƏQAM

İndiki vəziyyətdə Qərbin Rusiyaya ən yaxşı cavabı üç GUAM ölkəsinin- Gürcüstanın, Moldovonun və Ukraynanın NATO-ya qəbul edilməsi olardı. Düşünürük ki, bu, Rusiyanı sözün əsl mənasında peşiman edərdi.

Ukrayna Ali Radasında ölkənin NATO-ya qəbulunu dəstəkləyən qanun qeydə alınıb. Gürcüstan və Moldovo da tez-tez NATO-ya yönəlik bəyanatlar verir, özlərinin Alyansa daha tez qəbul edilməsini istəyirlər.

Amma hələki Fransa və Almaniyanı razı salmaq, onların fikrini dəyişmək mümkün olmayıb. Ona görə də müşahidəçilər belə hesab edir ki, bu ilin sentyabr ayında baş tutacaq NATO dövlət başçılarının sammitində bu ölkələr yalnız üzvlük planı ala biləcəklər. Xatırladaq ki, bu, ölkələrin Alyansa qəbul edilməsində sonuncu mərhələdir. Amma o, çox uzun da çəkə bilər.

Prinsip etibarilə, Alyans üzvləri vəziyyəti nəzərə alaraq güzəşt edə bilərlər. Amma artıq qeyd etdiyimiz kimi, Almaniya və Fransa bununla razılaşmır. O ki qaldı razı olan dövlətlərə, bəli, ABŞ-dan tutmuş Baltikyanı ölkələrə qədər bir çox ölkələr Ukraynanın, Moldovonun və Gürcüstanın Alyansa daha tez qəbul edilməsinin tərəfdarıdır.

NATO-nun soyuq müharibədən sonrakı strategiyasına görə Rusiya heç də rəqib dövlət hesab edilmirdi. Gəl, o, həmişə NATO-nun genişlənməsindən, öz sərhədlərinə yaxınlaşmasından ehtiyat edib. Məsəl var, deyirlər ki, təqsirkar, suçlu həmişə xoflu olar. Ukrayna NATO-ya üzv olsa, artıq onun hərbi-texniki infrastrukturu Rusiyanın qərb sərhədlərinə qədər gəlib çıxacaq. Maraqlıdır ki, Rusiya onda nə edəcək? Bəlkə köçüb başqa planetə gedəcək?..

TƏK QALMIŞ AZƏRBAYCAN...

GUAM ölkələrindən üçü artıq yönümünü müəyyənləşdirib. Azərbaycan da bir vaxt bu ölkələrin cərgəsində idi.

İndisə çox maraqlı vəziyyət yaranıb. Üç ölkə Rusiya ilə münasibətlərinin ən gərgin çağını yaşayır. Onlar MDB-ni tərk edib və yaxud da etmək ərəfəsindədir. Azərbaycan nə etmək istəyir?

Bu sualın ən düzgün cavabı o olardı ki, mövcud hakimyyət özünü qoruyur. Bu özünüqoruma siyasətindən istər-istəməz ölkənin də payına nəsə düşür. Rusiya bunu çox özünəməxsus tərzdə dəyərləndirir-Ermənistan və Qarabağ hələki sakit durublar. Amma yada salaq ki, Qazaxıstan kimi Ermənistan da Krımın Rusiyaya birləşdirilməsini dəstəklədi.

Aydındır ki, bu siyasətlə Azərbaycan çox da uzağa gedə bilməyəcək. Ona görə ki, minalar yarım əsrdən sonra da partlaya bilirlər. Rusiya isə Dağlıq Qarabağın timsalında Azərbaycanın altına elə bir mina qoyub ki...

Rusiyadan Qarabağı ummaq Əzraildən ömür diləmək kimi bir şeydir. Elə bu səbəbdən Azərbaycanın təhülkəsizliyi yalnız NATO ilə əməkdaşlıqda təmin oluna bilər.

Buna görə isə İ.Əliyev də NATO dövlət başçılarının sentyabrda Uelsdə baş tutacaq sammitinə əliboş getməməlidir, nəsə təklif etməlidir. Amma nə? Bax, sual da budur...

Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir
XS
SM
MD
LG