Keçid linkləri

Təcili xəbərlər

Ukrayna və «AvroMaydan» Abbas Atilayın gözü ilə


Kiyevin giriş-çıxışlarında könüllü müdafiə dəstələri post qurublar
Kiyevin giriş-çıxışlarında könüllü müdafiə dəstələri post qurublar
-
Hava limanından düşüncə taksiyə oturub yola düzəldik. Gedəcəyimiz ev Maydan yaxınlığında yerləşirdi. Yol boyunca gözə barrikadalar dəyirdi – bir-bir, iki-iki. Onların yanından keçirdik. Durumdan xəbərimiz olmadığı üçün özümüzü «yandırmaq» istəmirdik.

Növbəti postda maşını saxlatdıq. Məlum oldu ki, Kiyevin bütün giriş-çıxışlarında könüllü müdafiə dəstələri post qurub şəhərə əlavə polis qüvvələri gətirilməsini əngəlləmək istəyirlər. Nə yaşda desən insan vardı. Onlar şəhərə daxil olan avtobusları saxlayır, içərisinə baxır və yola salırdılar.

Bakıdan gəldiyimizi bilincə, yaşlı bir adam tez əlini mobil telefonuna atıb, kiməsə zəng etdi. Görünür, qarşı tərəf telefonu açmadığı üçün kişi öz «mobilini» cibinə qoydu və sonra gülərək «sizin bir yerliniz də var, bizimlədir... İndi harasa gedib. İstədim onunla danışasınız», – dedi. Əl uzadıb sağollaşmaq istərkən, bir qız yaxınlaşıb «Bura artıq Kiyevdir. Xoş gəlmisiniz şəhərimizə!» – sözlərini söyləyərək, yaxınlaşan avtobusun qarşısına keçdi.

Aksiyaçı yol hərəkətini nizamlayır
Aksiyaçı yol hərəkətini nizamlayır
XALQ HAKİMİYYƏTİ

Yolboyu hakimiyyəti xatırladan heç nəyə rast gəlinmirdi. Hər yerdə xalqı görürdün. Hətta tıxac olmasın deyə, yolu tənzimləyən də könüllülərdi. Məncə, bu işi qüsursuz görən könüllülər.

Qalacağımız yer Maydan civarında olduğundan yollar barrikadalarla bağlı idi. Bir az ayaqla gedəsi olduq. İndi hər şeyi daha dəqiq görə bilirdik. Sanki Maydan bir qiblə idi və hamı üz tutub bu qibləyə gedirdi. Kiminin əlində taxta, kiminin başında tutub polisdən aldığı dəbilqə... Uşaqların əlində gül-çiçək vardı və hamı Maydana üz tutmuşdu...

Yolda qəfildən güclü alqış və əlçalmalar eşidirdik. Yanımızdan şütüyən və üstü insanlarla dolu yük maşınları çevrədən və ya başqa yerlərdən Kiyevə könüllülər daşıyırdı.
Yük maşını Kiyevə könüllülər daşıyır
Yük maşını Kiyevə könüllülər daşıyır

MAYDAN AĞLAYIR...

Maydan təsəvvür etdiyimizdən daha əzəmətliymiş!.. Desək ki, bütün Kiyev ordaydı, inanmazsınız. Amma inanmağa dəyər. Barrikadaların arasıyla meydana yalnız addım-addım girə bilərdin... Bir gün öncə snayper gülləsinin qurbanına çevrilmiş bir neçə nümayişçiylə vidalaşma mərasimi gedirdi... Meydana qəm-kədər hopmuşdu. İnsanlar ağlayırdılar. Din adamları dualar oxuyur, camaat şüarlar səsləndirirdi. Yan-yörədəki hərbçilərdən də aydın bilinirdi ki, tabutda başından vurulmuş keçmiş ordu nümayəndəsinin cəsədi aparılır. Yaxınları ona son dəfə baxır, bəziləri hətta öpürdü də. Və sonra... və sonra bu tabutu sanki bütün kütlə çiyninə alırdı...
Nümayişçiylə vidalaşma mərasimi
Nümayişçiylə vidalaşma mərasimi

«TİTUŞKİ»LƏR

Qətlə yetirilənlərin anım mərasimində qəfildən hay-küy qopdu. Aləm dəydi bir-birinə. Bir nəfəri gətirirdilər. Qəzəbli kütlə parçalamaq istəsə də, onu aralayıb, tribuna tərəfə gətirənlər tapılırdı. Bu adam yaxınlaşdıqca meydan lərzəyə gəlir, dalğalanırdı. Hamı ona hücum çəkirdi. Bu adamı Kiyevin hansısa küçəsində tutmuşdular. Onun «tituşki»lərdən olduğu deyilirdi...

«Tituşki» adı bir neçə ay əvvəl dinc nümayişdə jurnalist qadına hücum edən idmançı Vadim Tituşkonun adından götürülüb. Vadim jurnalistə hücum etdiyi üçün iki il şərti cəza almış və nümayişçilərin nifrətini qazanmışdı. Məhz bundan sonra dinc nümayişlərin dağıdılması üçün hakimiyyətin təşkil etdiyi idmançı qrupa «Tituşki» adı verilmişdi. Bu «tituşki»lər muzdlu idmançılar və bir hissəsi də həbsdən buraxılan şəxslər idi.
Onun «tituşki»lərdən olduğu deyilirdi...
Onun «tituşki»lərdən olduğu deyilirdi...
Onlar polislə birgə hərəkət edir və gecələr küçələrdə dəstələrlə gəzərək nümayişçi «ovlayırdılar»...

...Xalqın qəzəbinin səbəbi bu idi. Hamı ona tərəf yürüyür, yumruqla, təpiklə vururdu. Artıq vəziyyətin daha da pisləşdiyini görən din xadimləri əllərindəki xaçı qaldıraraq xalqı sakitləşdirməyə çalışırdı. Bunun bir az faydası dəyirdi...

Buna bənzər başqa bir hadisənin də şahidi olduq: Hansı nümayişçi harada qətlə yetirilmişdisə, onun qətlə yetirildiyi yerə güllər düzülmüş, şamlar yandırılmışdı. Belə yerlərdən birinə həmin adamın ölümündə günahkar bilinən bir polis işçisini gətirmişdilər. Ona nümayişçinin qanı tökülən yeri öpdürürdülər. Dəhşətli mənzərəydi. Kütlə qisasını bu cür almağa çalışırdı...

Ardı var
XS
SM
MD
LG