Keçid linkləri

Təcili xəbərlər

Bakı vaxtilə San-Fransiskoda saat -13.00-dır


Metroda qocalar üçün yerlər
Metroda qocalar üçün yerlər
-
Əvvəl toyuq olub, yoxsa yumurta? Çoxları bu sualın cavabını axtardığı kimi məni də son vaxtlar bir sual düşündürürdü: İctimai nəqliyyatda böyüklərə yer verilməlidir, ya yox? Yorğunsunuz, oturmusunuz avtobusda, sizdən sonra minən yaşlı bir qadın bilərəkdən gəlib dayanır başınızın üstə. Hiss edirsiniz ki, yuxarıdan aşağı «dur oturum!» əmrli baxışları üzərinizdədir. Ya da qoca biri minir avtobusa, qocanın ayaqüstü dayanıb, sizin oturmanızı azı vicdanınız götürmür. Nə qədər yorğun olsanız da, durub yerinizi ona verirsiniz.

Toyuq, yumurta söhbəti kimi məncə, böyüklərə yer verilib-verilməməsinin cavabı da dilemmalıdır. Daha doğrusu, dilemma qarşısında idim bir neçə gün öncəyə qədər. Nəhayət, sualımın cavabını San-Fransisko metrosunda tapdım (digər şəhər və ştatları bilmirəm deyə, ABŞ yazmıram).

SUALIMIN CAVABINI TAPDIM...

3-qapılı vaqonlarda hər qapının yanında iki oturacaq var. Həmin oturacaqların yuxarı hissəsində yazılıb: «Federal qanunun tələbi ilə bu oturacaqlar qocalar və əlillərə yaradılıb».

Bax, belə. Kiçiklər yer vermədiyindən inciyən böyüklərin və «niyə mən öz yerimi kiməsə verməliyəm. Görürlər avtobus doludur minməsinlər» deyən gənclərin narazılığını qanun belə həll edir.

Hüquqşünas İntiqam Əliyev təlimlərdə həmişə jurnalistlərə yazılarında dövlətin pozitiv öhdəliklərini vurğulamağı tövsiyə edir. Düzü, dəfələrlə cəhd etmişəm bu tövsiyəyə əməl edim. Amma nə yalan deyim, dövlətin pozitiv öhdəliyi deyiləndə, nəyin nəzərdə tutulduğunu dərk edə bilmirdim. Axır, bu sualıma da cavab tapdım. Yəqin, İntiqam müəllim «problemlərin həllində dövlət nə etməlidir, hansı pozitiv öhdəlikləri var» deyəndə, elə bunu nəzərdə tuturmuş.
San-Fransisko
San-Fransisko

AMERİKA TIXAC PROBLEMİNİ NECƏ HƏLL EDİB VƏ YA EDİR

Dövlətin başqa bir öhdəliyi də tıxacların həllidir. Amerikada da tıxac problemi yaşanır. Düzdür, Bakı qədər ciddi deyil. Amma bir nüans var. Azərbaycanla müqayisədə Amerikada avtomobillərin qiyməti daha ucuzdur, üstəlik, əksəriyyətin maşını var. Amma bununla belə problem Bakıdakı qədər deyil. Ya da hələ ki rastlaşmamışam.

Amerikada evdən çıxan hər kəs maşından istifadə etmir. Birincisi parkinqlər bahadır. Hətta küçədə yolun kənarında saxlamaq belə ödənişlidir. Buna görə də çoxları maşınlarını ancaq uzaq yola gedəndə istifadə edir. İşə, universitetə gedəndə daha çox ictimai nəqliyyatdan istifadə edirlər.

Amerikalı həmkarım deyir ki, bütün bunlar tıxac probleminin həllinə təsir edir, amma əsas bu deyil. Əsas məsələ velosipeddir. Hökumət insanları həm ciblərinə xeyir olması, həm ekoloji ziyansızdır deyə, həm də tıxac probleminin əsas həlli kimi velosipedlərdən istifadəyə çağırır.
Metroda velosiped yeri
Metroda velosiped yeri

TIXACIN QƏNİMİ - VELOSİPED?

Amma çağırmaq kifayət deyil. Şəhərdə velosiped sürənlərə ayrıca yol, metroda, avtobusda velosipedləri daşımağa imkan, ya da ofisdə, restoranda olarkən velosipedi saxlamağa yer olmasaydı, yəqin insanlar bu çağırışı bir qulaqlarından alıb, o birindən ötürərdilər. Vaqonlarda velosipedləri saxlamaq üçün xüsusi yerlər var. Həmin yerlərdə belə bir xəbərdaredici elan vurulub: «Burada ancaq velosiped olmasa, dayana bilərsən». Tutalım evdən metroyacan velosipedlə gəldin, amma metrodan işə velosipedsiz getmək istəyirsən. Problem yoxdur. Hər metronun çıxışında velosiped parkinqləri var. Təkcə metroda yox, avtobuslarda velosipedi daşımaq da problem deyil. Avtobusların qabağında xüsusi dəmir qurğu quraşdırılıb. Ora velosipedi yerləşdirirsən, vəssalam. Tutalım, velosipedlə gəzdin, yemək yemək istəyirsən, ya da banka girməlisən. Problem yoxdur, küçələrdə maşınları saxlamağa xüsusi yerlər olduğu kimi, velosipedlərə də ayrıca yerlər var. Şəhərin əksər yerlərində velosiped kirayə verilir. Bunun üstünlüklərindən biri odur ki, gedəcəyin yerin yaxınlığında başqa kirayə velosiped verən məntəqələr varsa, velosipedini ora təhvil verə bilərsən.
Avtobuslarda velosipedi daşımaq da problem deyil.
Avtobuslarda velosipedi daşımaq da problem deyil.

BU İMKANLAR OLMASA...

ABŞ hökuməti velosiped sürməyə infrastruktur, şərait yaratmasaydı, nə qədər çağırış edir etsin, onu eşidən olmayacaqdı. Bakı bulvarının bir hissəsi velosiped sürmək üçün yaradılıb. Bir də gördün velosiped sürdüyün yerdə qabağına bir uşaq çıxdı. Ya da qabaqda 4-5 nəfər asta-asta gəzişir. İndi sən bunlara necə deyəsən ki, bura velosiped yoludur, burda bütün yolu tutub, gəzmək olmaz. Deyə də bilməzsən. Səndən soruşarlar ki, harada yazılıb buranın velosiped yolu olduğu? Qalarsan mat.

Uşaqlıqdan velosiped sürməyə özəl sevgim var. Hər dəfə küçədə velosiped sürənləri görüb, mən də istəyirəm velikim olsun. O qədər dedim, axır dostlarım doğum günümə velosiped hədiyyə etdilər. Amma 3 ildə olsa-olsa 20 dəfə. O da səhərlər, ya da axşamlar. Həm maşınlar az olanda, həm də adamlar. Bizim yollar velosipedə hazır olmadığı kimi, adamların çoxu da qızların velosiped sürməsinə alışmayıblar. Hətta ötən il İranda (Tehranda) velosiped sürən qadınları görüb, xeyli təəccüblənmişdim
Velosiped yolu
Velosiped yolu

SAN-FRANSİSKO DA İCTİMAİ NƏQLİYYATDA GEDİŞ HAQQI...

San-Fransiskoda daha çox metrodan istifadə edirəm. Təcrübə keçdiyim mərkəz Oakland şəhərindədir (Elə bil Sumqayıtda). Metro ilə 20 dəqiqəlik yoldur. Metronun bir gedişi təxminən 4 dollardır. Yaxşı ki, avtobuslar ödənişsizdir.

San-Fransiskonun özündə avtobus, tramvayda gedişhaqqı 1.5 dollar, teleferik (cable car – daha çox turistlər istifadə edir) 5 dollardır.
Taksiyə oturdun 3.88 dollar yazılır və hər kilometrə görə 1.86 dollar hesablanır.

ÇÖRƏK BOL OLARSA, BASILMAZ VƏTƏN!

Orta çörəyin qiyməti 4 dollardır (mağazanın daimi müştərilərinə 3 dollar). Kartof, soğan 1.50, donuz ətinin 1 poundu (funt, 1kq=2.2046 pound) 6, sümüksüz mal əti 7 (daimi müştərilərə 4), 12 yumurta 4 dollardır.
San-Fransiskoda supermarket
San-Fransiskoda supermarket

Kaliforniyada hər saata minimum maaş 8 dollardır (hər ştat üçün bu məbləğ fərqlidir. Amerikada ortalama iş saatı üçün bu, 7.25-dir. Yəni, işçiyə bundan az maaş hesablanması qanunsuzdur. Gündəlik rəsmi iş saatı 8 saatdır. Deməli, minimum aylıq əməkhaqqı (24 iş günü hesabı ilə) 1500 dollardır.

Amerikalılar minimum maaşların artmasını tələb edirlər. Ötən ay Barack Obama Konqres-ə özəl sektorda maaşların artırılması üçün müraciət edib. Amerikalılar prezidentin təkcə özəl sektorla bağlı müraciətindən narazıdırlar. (CIR-da bu mövzunu işləyən həmkarım belə deyir).

AVSTRALİYADA 17, ABŞ-DA 7... AZƏRBAYCANDA 0.6 $

Ümumiyyətlə, Amerika mediasının ən çox işıqlandırdığı mövzulardan biri məhz maaşlardır. Özəlliklə, böhrandan sonra. «Washington Post»un ötən ilin avqustunda hazırladığı yazıda Amerikadakı maaşlar digər ölkələrlə müqayisə olunur. Hər saat minimum əməkhaqqı Avstraliyada 17, Fransada 12, Yeni Zelandiyada 11, Böyük Britaniyada 10 dollar göstərilir. Azərbaycanda ötən ilin sentyabrından minimum əməkhaqqı 105 manatdır. Başqa sözlə, hər saata minimum maaş 0.54 (təxminən 0.6 dollar) - Əfqanıstanda əməkhaqqı qədər.

Növbəti yazıda Amerika mediası, təhsil və Amerikada intiharlar – dünyada ən çox intihar edilən «Golden Gate» körpüsü haqda görüb eşitdiklərimi bölüşəcəyəm.

Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir
XS
SM
MD
LG