Keçid linkləri

Təcili xəbərlər

Tanıdığımız və tanımadığımız Ukrayna


Ukraynada mitinqdə atlı adam - 8 dekabr 2013
Ukraynada mitinqdə atlı adam - 8 dekabr 2013
-
DÜŞÜNÜRDÜK, BİRİ-BİRİMİZİ TANIYIRIQ…

Yetmiş illik sovet dönəmində elə bilirdik ki, hamımız - SSRİ-də yaşayan bütün xalqlar biri-birimizi çox gözəl anlayırıq, çox gözəl başa düşürük. Məsələn, ukraynalılara «xoxol» deyir və onları xəsis bilirdik, pribaltikalıları hamı «burjuy» hesab edirdi, orta asiyalılara isə «aziat»- asiyalı deyirdilər.

Amma hər bir xalqla ilk tanışlıq bir az da əvvəldən, canlı ünsiyyətdən əvvəl başlamışdı. Bu tanışlıq ədəbiyyatdan gələn tanışlıq idi. O, daha yüksək tanışlıq idi.

İndi görürsən ki, doğrudan da, böyük yazıçıların intuisiyasına etibar etmək olarmış. Bu mənada bizim Ukrayna ilə ilk tanışlığımız haradan başlamışdı? Bəlkə də N.Gogol-un məşhur «Taras Bulba» əsərindən.

O vaxtdan indi bilmirəm nə qədər vaxt keçib. Hər halda, 35 ildən heç də az olmaz. Bir insanın həyatı qədər zaman kəsiyi.

Həmin əsərin ideoloji xətti haqda çox mübahisə etmək olar. Amma əsər ukraynalıları sevdirir və onların etnik özünəməxsusluğunu çox gözəl nümayiş etdirir.

YALNIZ UKRAYNALILAR…

Fəqət, Ukraynaya bu günün kontekstindən baxanda görürsən ki, bu xalqı hələ də yetərincə tanımırıq. Vilnüs sammiti ərəfəsində və dövründə onlar yeganə xalq oldular ki, öz ölkələrinin strateji və siyasi seçiminə biganə olmadıqlarını sübut etdilər.

Gürcüstanda və Moldovada buna ehtiyac yox idi, bu ölkələrin rəhbərləri Avropa Birliyi ilə assosiasiya sazişini imzaladılar. O başqa məsələdir ki, nə Ermənistanda, nə Azərbaycanda, nə də sammitdə xarici işlər naziri ilə təmsil olunan Belarusda insanlar öz hökumətlərinə təzyiq etməyə cəhd göstərmədilər.

İSTEFA VERMİŞ CƏMİYYƏT

Azərbaycanda siyasi fəallıqdan söhbət düşəndə hamı deyir ki, 1992-ci ildə fəallıq etdik də, nə oldu? İndi hətta unutmuşuq ki, bu ölkədə-Ukraynada baş vermiş «narıncı inqilab»ın üstündən nə qədər vaxt keçib. Bəlkə də heç on il də olmaz.

Amma budur, ukraynalılar yenə də meydandadır. Amma ən qəribəsi heç bilirsiniz nədədir? Azərbaycanda hər şey vəzifə bölgüsündən, «birinci rol»ların paylaşdırılmasından başlayır.

Kiyevdə 5 dekabr aksiyası
Kiyevdə 5 dekabr aksiyası
Bəlkə prosesə o qədər də bələd olmamağımızın nəticəsidir ki, Ukraynadakı prosesləri bir qədər fərqli prizmada görürük. Amma heç güman da etmirik ki, bu qarlı və şaxtalı günlərdə etiraz edən insanlar vəzifə bölgüsü haqqında düşünmüş olsun.

AVROPA OLMADISA, RUSİYA DA OLMAYACAQ…

İndi Ukraynada baş verən proseslərin başqa məzmunu da var. Bu, təkcə Avropaya inteqrasiyaya dəstək aksiyaları deyil, həm də Rusiya adlı kontinental güc mərkəzi olmaq iddiasında bulunan dövlətin geosiyasi planlarına münasibətdir.

Etiraz edən ukraynalılar bunu gizlətmirlər. Onlar deyir ki, ola bilsin, dekabrın ikinci yarısının ilk günlərində V.Yanukovych Gömrük Birliyi ilə bağlı sazişi imzalasın.

Amma bunun perspektivi nə qədərdir? Çətin sualdır. Baxır, bu suala hansı prizmadan cavab vermək istəyirsən- əski sovet siyasətçilərinin məntiqi prizmasından, yoxsa çağdaş siyasi məntiq prizmasından?
Əski sovet məntiqi prizmasından yanaşanda hər şey ola bilər. Bəli, biz deyə bilərik ki, Avropanın az qala mərkəzində bu böyüklükdə zorakılıq ola bilərmi? Amma adamın dərhal da yadına düşür ki, bəs Belarus elə Avropada deyilmi?

Normal məntiq deyir ki, V.Yanukovych üçün ən salamat yol Rusiya ilə də sazişləri imzalamamaqdır. Nə qədər qəribə olsa da, məsələn, rəsmi Bakı bu yolu tutub-onlar Avropa Birliyi ilə assosiasiya sazişini imzalamadıqları kimi, Gömrük Birliyi və Avrasiya İttifaqı ilə də bağlı sazişləri imzalamamaq niyyətindədirlər.

Ona görə də bu gün Ukraynada baş verən proseslər müəyyən mənada Azərbaycanın da mövqelərini möhkəmləndirir. Amma Azərbaycanın öz içində heç bir tərpəniş yoxdur- əhali nəinki Avropa ilə, heç bu yaxınlarda qapını döyəcək (bəzi hallarda artıq döymüş!) bahalaşma ilə də maraqlanmırlar.

Ukraynada milli azadlıq hərəkatı - 1988-1991
Ukraynada milli azadlıq hərəkatı - 1988-1991
Düzdür, müxalifət etiraz etməyə və vəziyyəti azacıq da olsa dəyişməyə cəhd göstərir. Amma bu da elə həmin müxalifətdir. O müxalifət ki, prezident seçkisindən sonra hiss olunacaq bir aksiya keçirə bilmədi.

RUX ÇOXDAN TARİXƏ ÇEVRİLİB

İndi bəlkə də Y.Tymoshenko-nu Ukrayna müxalifətçilərinin lideri hesab etmək olar. Situasiya özü onu liderlik səviyyəsinə qaldırır.

Amma gəlin görək, müxalifətdə nə qədər yeni adam var?! Onların çoxu gənclərdir.

90-cı illərdən bu tərəfə baxsaq, Ukraynada siyasi palitra nə qədər dəyişib? Azərbaycanda siyasi səhnədə yenə də 80-90-cı illərin və bəlkə də ondan da bir qədər irəlinin siyasi xadimləridir.

Amma indi Ukraynada V.Chernovol-u bəlkə də çox az adam xatırlayır və artıq Ukrayna Xalq Cəbhəsi – RUX da bir tarixdir.

Bunu ona görə qeyd edirik ki, siyasət də yenilənməlidir. Keçmiş sovet ölkələrinin heç birində müxalifətdə hələ də Azərbaycandakı kimi ilk milli dalğanın adamları deyillər, onlar çox dəyişiblər.

Azərbaycanda «Kişinin sözü bir olar!» deməyi sevirlər. Bəlkə bunu həm də elə «Kişinin seçimi bir olar!» kimi başa düşmək lazımdır?

Bunlar müəllifin şəxsi mülahizələridir.
XS
SM
MD
LG