Keçid linkləri

Təcili xəbərlər

Lukashenko-nun ölkəsində bir fincan kofeyə bir ətək pul verirlər...


Arxiv foto: Azərbaycan prezidenti İlham Əliyev (solda) Minskdə həmkarı Aleksander Lukashenko ilə görüşür. 28 avqust 2012
Arxiv foto: Azərbaycan prezidenti İlham Əliyev (solda) Minskdə həmkarı Aleksander Lukashenko ilə görüşür. 28 avqust 2012
-
BELARUS HAQDA BİR-İKİ EPİZOD…

Dövlət başçılarının səfərləri bütün hallarda maraq doğurur, hətta bu, Belarus prezidenti A.Lukashenkonun səfəri kimi səfər olsa belə.

Dərindən düşünəndə bəlkə də avtoritar liderlərin səfərləri daha maraqlıdır, çünki onlar teatral baxımdan daha rəngarəng olur. Məsələ bundadır ki, demokratik liderlər təmtərağı bir o qədər də sevmirlər, bəlağətli nitqlər baxımından da bir qədər xəsis olurlar.

Di gəl, avtoritar liderlərin səfərləri əsl tamaşa olur. Onlar sanki biri-birinə «Sən məni təriflə, mən də səni!» deyirlər.

Doğrusu, Belarus və onun prezidenti A.Lukashenkonun Bakıya səfəri haqda yazmağı qərara alanda özüm də bir qədər duruxdum. Bu ölkə və onun məşhur diktatoru haqqında nələri bilirəm?

Ona görə də qərara gəldim ki, sadəcə, Belarus haqda bir-iki ştirix yazım. Bəlkə kiməsə bu, maraqlı görünə bilər…

BİR FİNCAN KOFEYƏ BİR ƏTƏK PUL

Belarusda iki dəfə olmuşam, ikisində də yolüstü. Təbii ki, qısa müddətdə bir ölkə haqqında təəssürat əldə etmək çox çətindir. Amma Belarus mənim yadımda bir gözəl xanımları, bir də pulları ilə qaldı.

Gözəl xanımlar aydındır, bəs pul nə məsələdir?

Əvvəlcə pul dəyişməli oldum. Diqqətimi dərhal o çəkdi ki, mənə otuz-qırx dolların əvəzində az qala bir qucaq pul verdilər. Amma tək bununla da məsələ bitmədi.

Vağzalın bufetində bir fincan kofe içmək istədim. Satıcı məni başa salmağa çalışsa da, Belarus pullarından bir şey anlamadığım üçün çaş-baş qalmışdım.

Axırda əlimdəki bir dəstə pulu satıcıya uzatdım ki, götür. O da bir neçə kağız pul götürdü.

O vaxta qədər heç təsəvvür də etməzdim ki, haradasa bir fincan kofe üçün bu qədər pul verməli olarsan!

Yox, düşünmürəm ki, satıcı məni aldatdı, belə adama heç oxşamırdı. Sadəcə, Belarus pulu o qədər dəyərdən düşmüşdü ki, bir fincan kofe içmək üçün bir ətək pul verməli olurdun!

Hətta ötəri bir baxış kifayət idi ki, əmin olsan ki, bu ölkə sovet dövründən bu vaxta qədər çox az dəyişib. Sanki heç dəyişməyib. Elə bil keçmişə, sovetlər dönəminə qayıtmışdım.

Bu təəssüratı iki detal pozurdu: bir vağzalın yaxınlığındakı McDonalds restoranı, bir də kiçik valyuta dəyişmə məntəqəsi. Hər ikisi adamın beynində bir fikir yaradırdı.

Belarus nə qədər müqavimət göstərsə də, zahiri dəyişməzliyin arxasında bir mənzərəni görməmək mümkün deyil: sarsılmaz sovet iqtisadiyyatı bu ölkədə də öz mövqelərini zorla saxlayır.

Demirəm ki, bu bir-iki detal bir ölkəni xarakterizə etmək üçün kifayətdir. Əsla. Əvvəldə də bunu qeyd etdim. Amma məsəl var, deyir ki, “varın verən utanmaz.”
Mənim də Belarusla bağlı bir-iki canlı müşahidəm vardı və onu sizinlə bölüşdüm. Amma bu da hamısı deyil.

HƏM DƏ V.BIKOVUN ÖLKƏSİ…

Diktatorları həmişə onlara qarşı müqavimətin miqyası ilə qiymətləndirməyə cəhd etmişəm. Məsələ bundadır ki, diktatura ona qarşı müqavimət olmayanda olduğu kimi görünmür.

Belarus müxalifətçiləri (onların bir-ikisini görmək mənə də qismət olub) çox fədakar insanlardır. Bizə bir vaxt Türkiyə kömək etdiyi kimi, Belarus fəallarına da Polşa kömək edir.

Burada bir məsələni qeyd etmək yerinə düşər. Polyaklar Ukraynaya, bir də Belarusa çox diqqət yetirirlər. Özü də maraqlısı budur ki, hər iki ölkənin torpaqlarının bir hissəsi vaxtilə Polşanın olub.

Amma polyaklar bunu yada salmağı sevmirlər. Onlar sadəcə, Belarus demokratlarına yardım edirlər.

V.Bıkovu və onun əsərlərini isə sovetlər vaxtından oxumuşdum. O vaxt bir nəfər də vardı - A.Adamoviç. Onun da müharibə haqqında çox maraqlı yazıları olurdu. Hətta onların birinin əsasında çox məşhur film də çəkilmişdi…

Amma V.Bıkov bizim üçün həm də ona görə maraqlı oldu ki, o, Belarus Xalq Cəbhəsinin üzvü idi.

O Xalq Cəbhəsinin ki, bəlkə sağ olsaydı indiyə qədər də hazırda Azərbaycanın qonağı olan A.Lukashenko cənablarına qarşı mübarizə aparırdı.

Polşada olarkən ora baş çəkən belaruslardan da V.Bıkov haqqında soruşurdum. Bəlli oldu ki, o, Almaniyaya mühacirət etmiş və orada da vəfat etmişdi.

Bu, bizim yerli hakimiyyətə yarınmaq üçün ən kiçik fürsəti əldən verməyən böyük və rusofil Azərbaycan ədiblərini yada salanda bir qədər təəccüb doğura bilər, hətta kimsə buna inanmaz da. Amma reallıqdır.

Elə Ukrayna millətçiləri də bu aspektdən yanaşanda bir qədər anlaşılmaz görünə bilərlər. Amma nə etmək olar? Bu iki ölkə tarix və mədəniyyət baxımından Rusiyaya çox yaxın olsalar da, özlərini bir qədər fərqli hiss edirlər. Nə demək olar? Onların buna hüququ çatmırmı?

Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir.

Ən son yazılan

XS
SM
MD
LG