Keçid linkləri

Təcili xəbərlər

Avrofobiya


Rəşid Şerifin karikaturası
Rəşid Şerifin karikaturası
-
Əslində vaxt ölkəni 9 oktyabr prezident seçkilərindən uzaqlaşdırdıqca hakimiyyətin Avropa strukturlarına qarşı hiddəti də azalmalı idi.

Amma bununla bağlı gümanlara rəğmən hələ də nüfuzlu Avropa strukturlarından biri ilə-Avronestlə hakimiyyət arasında siyasi qalmaqal yaşanmaqda davam edir.

Elə Avropadan seçki ilə bağlı daxil olan təbrik teleqramları da Avropa isterikasını azaltmaqda acizdir
Hökumət mənsubları gah mülayim bəyanatlarla çıxış edir, gah da ölkənin bu təşkilatdakı nümayəndəsini etiraz notlu addımlar atmağa təhrik edirlər.

Elə Avropadan seçki ilə bağlı daxil olan təbrik teleqramları da Avropa isterikasını azaltmaqda acizdir. Bir də görürsən ki, hansısa telekanal avrofobiya məzmunlu şərhi özünün az qala baş mövzusuna çevirir.

Bəli, demək olar ki, bu, sadəcə həmin telekanalın daxili işidir. Amma Azərbaycanın elektron media sektoruna yaxından bələd olanlar bilir ki, telekanalların müstəqilliyi bu ölkədə çox şərti bir xarakter daşıyır.

Onu da demək lazımdır ki, telekanalların avrofobiyası yalnız seçkilərlə bağlı olmayıb. Avropada iqtisadi böhran yaşanmağa başlayan andan bu strukturlar həmin mövzu üzərində əsl təbliğat kampaniyası qurmuşdular.

İ.ƏLİYEV MEDİADAN NƏ UMUR?

Bu yaxınlarda Bakıda keçirilən böyük humanitar forumda İ. Əliyev həm də mediadan şikayətləndi. O, dedi ki, dünyada yaxşı cəhətlər də var, dünya təkcə aclıqdan, terrordan və narkomafiyadan ibarət deyil, amma nədənsə media həmişə neqativ tərəfləri qabartmağa cəhd edir.


Amma nədənsə çörək pulu ardınca hələki Avropadan bura qaçan yoxdur
İ.Əliyevlə razılaşmaq olardı. Əgər iki nüans olmasaydı. Birincisi, Avropa, ümumiyyətlə, Qərb ölkələri də yalnız böhrandan, işsizlikdən ibarət deyil. Amma nədənsə Azərbaycan telekanalları yalnız məsələnin bu tərəfini qabardırlar.

İkincisi, ölkədəki neqativ tərəfləri görməmək onların heç də olmaması demək deyil.

Onsuz da Azərbaycanda belə bir zarafatyana deyim yaranıb ki, heç bir problemi olmayanlar, düşünməkdən və analiz etməkdən yadırğayanlar qoy yerli telekanallara baxsınlar. Adamda az qala belə bir təəssürat yaranır ki, Yer üzündə yaşamalı bir ölkə varsa, o da elə Azərbaycandır.

Amma nədənsə çörək pulu ardınca hələki Avropadan bura qaçan yoxdur, buradan Avropaya və hətta Rusiyaya qaçanlar var və onların sayı günbəgün artır.

AVROFOBİYANIN SİYASİ ÇALARLARI?

Dərindən fikirləşəndə və reallığı bir qədər təhlil edəndə görürsən ki, Avropaya neqativ münasibətin kökündə konkret siyasi məqsədlər dayanır. Bu, təkcə seçki ilə bağlı deyil, hərçənd hər növbəti seçkidən sonra hakimiyyətin Avropa ilə bağlı isterikası maksimum həddə çatır.

Bunun bir səbəbi odur ki, seçkilərlə bağlı tənqidi fikirləri yalnız Avropa strukturları səsləndirirlər.

...seçkilərlə bağlı tənqidi fikirləri yalnız Avropa strukturları səsləndirirlər
MDB ölkələrindən və buna bənzər digər ölkələrdən seçkini guya ki, müşahidə etməyə gələnlər bu xüsusda hər hansı bir tənqidi fikir səsləndirmirlər, onlar seçki adı ilə sadəcə Azərbaycanı görməyə və bir neçə gün yaxşıca istirahət etməyə gəlirlər.

Amma bir daha qeyd edirik ki, məsələ tək seçki ilə bağlı deyil. Üstəlik, yeni əsrin A.Şpenqlerləri olmağa və Avropanın növbəti qürubu haqqında «öncəgörmələr» quraşdırmağa çalışanları da bu məsələnin ideoloqları hesab etmək əsassızdır.

Məsələ bundadır ki, Avropa yaxşıdır və yaxşı olduğu üçün də hakimiyyət onu azərbaycanlılara göstərməməyə çalışır. Onları narahat edən hətta Avropadakı bəzi ekzotik problemlər- məsələn, seksual azlıqlarla bağlı güzəştlər də deyil.

Azərbaycan Avropa Şurasına üzv olanda tələblərdən biri də seksual azlıqlarla bağlı maddənin cinayət məcəlləsindən çıxarılması idi.

Digər tələblərlə - məsələn, siyasi məhbuslarla və siyasi islahatlarla bağlı illərlə mübahisələr getdi, bu tələblərin bəzisinin yerinə yetirilməsi üçün on ildən çox vaxt lazım gəldi.

Üstəlik, bir sıra məsələlər (məsələn, siyasi məhbuslar məsələsi) hələ də axıra qədər həll olunmamış qaldı. Amma seksual azlıqlarla bağlı tələb dərhal yerinə yetirildi, özü də elə bir sürətlə ki, insanlar bunu hətta hiss də etmədilər.

Deməli, bu hakimiyyəti qorxudan hətta Avropanın həyat tərzi də deyil. Bəs onda nədir?

...hakimiyyət üçün sözün lap mütləq mənasında qorxuludur
Avropanın siyasi idarəçilik üsulları, oralardakı siyasi davranış qaydaları, siyasi institutlar.

Bunlar hakimiyyət üçün sözün lap mütləq mənasında qorxuludur. Onlar bunu özlərinin müddətsiz hakimiyyət fəlsəfələrinə ən böyük təhlükə kimi görürlər.

Ona görə də lap elə M.F.Axundovun ədəbi personajları kimi Avropanı cadu ilə də dağıtmağa da hazırdırlar ki, təki 21-ci əsrin müsyö Jordanı Şahbazı yoldan çıxarmasın, ona Avropanı, oralardakı həyatı və qaydaları sevdirməsin…


Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir.

Ən son yazılan

XS
SM
MD
LG