Keçid linkləri

Təcili xəbərlər

Təvazökar hakimiyyət


İlham Əliyevin andiçmə mərasimi
İlham Əliyevin andiçmə mərasimi
-
Prezidentin mətbuat xidməti elə həmin gün məsələ ilə bağlı xüsusi açıqlama ilə çıxış etsə də, andiçmə mərasiminin belə tələsik və çox dar bir çərçivədə keçirilməsi hətta sadə insanların da diqqətindən yayınmadı.

Mətbuat xidməti məsələni çox bəsit şəkildə-prezidentin təvazökarlığı ilə izah etdi. Amma təmtəraq əslində kifayət qədər idi. Yollar həmişə olduğu kimi tamam boşaldılmışdı, prezidenti böyük maşın karvanı müşayiət edirdi və hətta toplar, yaylım atəşləri də yaddan çıxmamışdı. Sadəcə, xarici qonaqlar və bir də səfirlər gözə dəymirdi.

Hətta hansısa yaxınlaşmada belə qəbul etmək olar ki, bu, həqiqətən də elə təvazökarlığın nümayişi idi. Amma o təvazökarlığı insanlar başqa sahələrdə gömək istərdilər. Başqa vaxt, adi həyatda nədənsə bu təvazökarlığın nişanələrini tapmaq çətin olur.

TƏVAZÖKAR SEÇKİ NƏTİCƏSİ

Rəsmi açıqlamalara görə, İ.Əliyev seçkidə 85 faiz nəticə ilə qalib gəldi. Bu nəticəyə ilk münasibət uzaq Amerikadan, bir tele-aparıcının dilindən gəldi. O, demişdi ki, hətta İsa Məsih də belə nəticə ilə qalib gələ bilməzdi.

Elə ölkə daxilində də seçki ədədləri ilə bağlı bir qalmaqal yaşandı və o, hətta az qala diplomatik qarşıdurmaya çevrildi.

Hiss olundu ki, bu hakimiyyət öz nəticələrini qəbul etdirmək üçün hətta diplomatik şantaja da əl ata bilər.

Əslində əsl siyasi təvazökarlıq özünü burada göstərməli idi. Amma hakimiyyət bunu özünə rəva bilmədi. Ölkədə hər şey bəsit bir məntiq üzərində qurulub: əgər ölkəyə gələn neft pulları artırsa və o, istər-istəməz insanların həyat şəraitini nisbətən yüngülləşdirirsə, ölkədə nəsə inşa edilirsə, deməli, insanlar razı olmalıdır və onların hakimiyyətə dəstəyi ildən-ilə artmalıdır və bu da seçki nəticəsində öz ifadəsini tapmalıdır.

Nə demək olar? Sadəcə yada salaq ki, W.Churchill kimi siyasət nəhəngi seçkini nə az, nə çox, dərhal müharibədəki qələbədən sonra uduzmuşdu. O vaxt ondan bunun səbəbini soruşanda, onun cavabı çox qısa olmuşdu: demokratiya elə budur, məgər biz bundan ötrü vuruşmurduqmu?

Amma bəsit məntiqə görə, o vaxt W.Churchill əsl siyasi bütə çevrilməli və seçkini udmalı idi, çünki o, müharibədə qalib gəlmişdi.
Winston Churchill (1874 – 1965)
Winston Churchill (1874 – 1965)

Bu məsələnin bir tərəfidir. Bəlkə də yazmaqdan barmaqlarımız qabar olub və deməkdən dilimiz yorulub ki, dünyada 80-90 faizlik seçkilərə inanmırlar.

Birincisi, seçicilərin fəallığı hər yerdə bir problem kimi yaşanır. İkincisi də ki, 80-90 faizdən dərhal totalitarizmin, ən yaxşı halda isə avtoritarizmin qoxusu gəlir.
Doğrudanmı, bunu fəhm etmək bu qədər çətindir? Bunlar məsələni psixoloji cəhətdən qəbul edə bilmirlər.

Məsələn, heç cür barışmırlar ki, müxalifət, tutaq ki, seçkidə 10 faiz nəticə ilə qalib gələ bilər, çünki 10 faiz on minlərlə insan deməkdir və bunlar da on minlərlə insanın onlara dəstək verməməsi ilə hesablaşa bilmirlər.

Ona görə ki, həmişə deyiblər ki, müxalifətin mitinqlərinə cəmi 500-600 adam gəlir. Birdən-birə necə qəbul etsinlər ki, bu hakimiyyətdən on minlərlə adam narazıdır?

TƏVAZÖKAR SEÇKİ PROSESİ

ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun müşahidə missiyası hələ də israr edir ki, onların əlində seçkinin saxtalığını sübut edən, prosesdə topa bülletenlərin atılmasını əyani şəkildə nümayiş etdirən onlarla foto-sübut var.

9 oktyabr seçkisi
9 oktyabr seçkisi
Amma təvazökar hakimiyyət bununla da barışmır. Nə deyirlər? Seçkidən danışmaq əvəzinə Azərbaycan-Avropa münasibətlərini və onların bu vaxta qədərki durumunu təhlil-təftiş edirlər.

ATƏT-in müşahidə missiyası isə dediklərində israr edir, müsahibələr və bəyanatlar yaymaqda davam edirlər. Ona görə də bir qədər əvvəldə müzakirə edilən məsələni bir sualda da ifadə etmək olardı: İ.Əliyev andiçmə mərasimini niyə belə tələsik keçirdi?

Düşünürük ki, o, bunu seçki ətrafındakı müzakirələrə, təftiş xarakterli cəhdlərə nöqtə qoymaq, onları dayandırmaq və hamını fakt qarşısında qoymaq üçün etdi.

Çalışdılar ki, bu prosesi mümkün qədər tez başa çatdırsınlar və başa çatdırdılar da. İndi, necə deyərlər, rahatca otura bilərlər.

Bundan sonra seçkiyə münasibət yalnız daxil olan təbriklərlə ölçüləcək. Onların çoxluğu və ya azlığı isə təvazökar hakimiyyəti o qədər də narahat etmir.

Yada salaq ki, andiçmə günü cəmi iki ölkənin prezidentindən təbrik daxil oldu. Onlardan biri Bolqarıstanın, digəri isə Vyetnamın prezidenti idi.

Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir
XS
SM
MD
LG