Keçid linkləri

Təcili xəbərlər

İ. Əliyev hökumətin tərkibini dəyişəcəkmi?


Rəşid Şerifin karikaturası
Rəşid Şerifin karikaturası
-
Bilərək ki, böyük siyasi dəyişikliklər olmadan hökumətin tərkibində ciddi islahatların baş verməsinin ehtimalı olduqca azdır, insanlar yenə də inanırlar ki, növbəti dəfə prezident olandan sonra İlham Əliyev kadr islahatı aparacaq və ən azı bir vəzifədə az qala bir gəncin ömrü qədər vaxt keçirmiş qoca nazirləri başqaları ilə əvəz edəcək.

...ölkədə nəinki cəmiyyətin, heç təbiətin özünün də tələbləri nəzərə alınmır
Hökumətdə islahatların, daha doğrusu, ciddi kadr dəyişikliyinin aparılması bir tərəfdən təbiətin özünün diqtəsidir. Burada elələri var ki, yaşları yeddinci on illiyin həndəvərindədir.

Amma siyasət elə qurulub ki, ölkədə nəinki cəmiyyətin, heç təbiətin özünün də tələbləri nəzərə alınmır. Təcrübə göstərir ki, bir adam bir vəzifədə uzun müddət qalanda onda bir ətalət hissi baş qaldırır.

Başqa ölkələrdə bunun baş verməməsi üçün kadrları tez-tez dəyişirlər. Bir tərəfdən demək olar ki, ali icra hakimiyyətinin başçısı dəyişməyibsə nazirlər niyə dəyişməlidir?

Məsələ bundadır ki, bəzən prezident dəyişməyəndə belə digər kadrların dəyişdirilməsi baş verir. ABŞ prezidenti B. Obamanın ilk prezidentlik dövründə dövlət katibi H. Klinton idi. Prezident dəyişmədi, partiya həmin partiyadır, amma ikinci dönəmdə dövlət katibi C. Kerri oldu.

Seçki vaxtı İ.Əliyev hesabat xarakterli çıxış etməyə əsla cəhd etmədi
Bu məntiqlə İ. Əliyevin də ətrafında dəyişikliklər ola bilər. Amma bunun ehtimalı o qədər azdır ki, bu haqda yalnız hakimiyyətə mütərəqqi bir fasad, görkəm verməyi qarşısına məqsəd qoyan qəzetlər yazır.

Belə qəzetlərin yazarlarının uzağı görmə qabiliyyəti o qədər itiləşib ki, onlar andiçmə mərasimindən sonra yaradılacağı güman edilən «yeni hökumət»in tərkibində hətta müxalifətçiləri də görürlər.

ARTIQ GERİDƏ QALMIŞ SEÇKİDƏN BİR DETAL

Amma reallıq başqa şeydir. Seçki vaxtı İ.Əliyev hesabat xarakterli çıxış etməyə əsla cəhd etmədi. Onun teledebatlara vəkil qismində göndərdiyi YAP təmsilçiləri isə daha çox Milli Şuranın namizidinə danışmağa imkan verməmək üçün orada idilər.

Seçkidən bir neçə saat sonra xalqa ünvanlanan minnətdarlıq müraciətində isə İ. Əliyev sadəcə bu vaxta qədər aparılan uğurlu siyasətin davam etdiriləcəyin bildirdi.

Bu, o deməkdir ki, o, bu vaxta qədər aparılan siyasətdə ciddi qüsur görmür. Ciddi bir qüsur görünməyən yerdə isə kadrları dəyişməyə ehtiyac duymurlar.

...hökumətin tərkibində cavanlar da var, amma onlar o qədər azdır ki, ümumi fondan seçilmirlər
Amma bir qədər əvvəldə bəzi yüksək çinli məmurların təbii göstəriciləri haqda qeyd yazdıq. Hökumətdə elə adamlar var ki, onlar ən azı öz yaşlarına görə hökuməti tərk etməlidirlər.

Bir daha qeyd edək ki, başqa ölkələrdə bu qədər qoca kabinetlərə çox az təsadüf edilir. Düzdür, hökumətin tərkibində cavanlar da var, amma onlar o qədər azdır ki, ümumi fondan seçilmirlər.

HƏTTA NƏSƏ DƏYİŞSƏ BELƏ…

Hətta hipotetik olaraq dəyişikliyi fərz etsək belə, bunun ciddi effektlərə gətirib çıxarması ehtimalı çox azdır. Ona görə ki, bu hakimiyyət özü qanun yazır, onu özü icra edir, özü də ona nəzarət edir.

Səlahiyyət bölgüsünə baxsaq, əslində hökumət hakimiyyət qolları arasında ən böyük çəkiyə malik olan strukturdur. Təkcə ona görə yox ki, axırıncı konstitusiya dəyişikliklərindən sonra hökumətin başçısı ölkədə prezidentdən sonra ikinci şəxsdir.

Həm də ona görə ki, digər hakimiyyət qanadları əhəmiyyətli dərəcədə icra hakimiyyətindən asılıdır. Hökumətə nəzarətin tək bir forması qalıb- o da ali icra hakimiyyətinin başçısının, yəni prezidentin özünün ona nəzarətidir.

Bu nəzarət nə qədər effektli ola bilər və nə qədər effektlidir, bunu yalnız fəhm etmək, təxmin etmək olar.

Dövlət işində və bəlkə də siyasətdə ən pis şey nəzarəti immitasiya etməkdir
Seçki gününün sonunda İ. Əliyev, məsələn, dedi ki, ölkədə rüşvətə və korrupsiyaya qarşı mübarizədə böyük nəticələr əldə edilib. Amma o da var ki, bu da hökumətin özünün özünə nəzarətinin bir formasıdır. Belə özünə nəzarət formalarının sayı isə gündən-günə artır. Necə ki, sovet hakimiyyəti vaxtında belə olurdu-bir struktura nəzarət edən başqa bir struktur yaradırdılar, sonra həmin yeni strukturun özünə nəzarət etmək üçün digər qurum yaradılırdı.

Bu, nəyin göstəricisidir? Birmənalı şəkildə demək olar ki, ölkədə getdikcə artan avtoritarizmin. Bunun başqa izahını tapmaq çətindir və buna ehtiyac da yoxdur, çünki siyasi sistem özü özünün mahiyyət və məzmununa aydınlıq gətirir.

Təcrübə göstərir ki, dövlət işində və bəlkə də siyasətdə ən pis şey nəzarəti immitasiya etməkdir. Özünə nəzarət, hətta o, həqiqətdən də varsa, bəlkə də hansısa etik məzmun kəsb edə bilir, amma bir sosial və siyasi instrument kimi o, olduqca zəifdir.


Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir

Ən son yazılan

XS
SM
MD
LG