Keçid linkləri

Təcili xəbərlər

Siyasət də fəsillər kimi dəyişir?


Rəşid Şerifin karikaturası
Rəşid Şerifin karikaturası
-
Bir vaxt «ərəb baharı» hətta bu ölkələrdən uzaqlarda yaşayan insanlara belə xoş anlar yaşatdı, onlara ümid verdi. Amma sonradan bu proseslər onlara rəğbət bəsləyənlərə qarşı bir qınağa, tənəyə çevrildi.
Məsələ bundadır ki, yerli avtoritar hakimiyyətlər «ərəb baharı»ndan xoşlanan, onlara bir ümid müjdəsi kimi baxan və bu proseslərdən ruhlanan insanlara dərhal «Nə oldu? Gördünüz axırını?» -deyə müraciət etmək, həmin proseslərə qarşı bir anti-təbliğat kampaniyası başlamaq fürsətini qaçırmadılar.
Bir az əvvələ qayıtsaq, öncə Misirdə qarışıqlıq yarandı. İndi isə Liviyada vəziyyət özünün gərgin həddinə çatıb.
Bir zamanlar Liviya öz inqilabının qeyri-adi finalı ilə insanları necə təəccübləndirmişdisə, indi də yeni prosesləri ilə elə bir o qədər də təəccüb və məyusluq yaradır-ölkə faktiki olaraq üç hissəyə bölünüb və siyasi təhlilçilər artıq Liviyanın bölünəcəyindən yazırlar.
Nə baş verir? Niyə belə olur? Siyasət də fəsillər kimi dəyişirmi?
Bəlkə inqilab baharlarının ardınca onların payızının, qışının gəlməsi bir növ labüddür? Bəlkə bununla barışmaq lazımdır?
Çətin suallardır. Amma bir məsələ aydındır ki, demokratiyanın, insan haqlarının hansısa ölkədə oturuşması üçün heç də əvvəlki avtoritar siyasi sistemlərin siyasi səhnəni tərk etməsi kifayət deyil. Lap elə həndəsədə deyildiyi kimi: bu, zəruridir, amma kafi deyil.
Ötən yazıların birində Azərbaycan konteksində bir sual qoymuşduq. Nədən cəmiyyət onlara verilən siyasi hüquqlara yetərincə önəm vermir? Nədən bütün səylərə baxmayaraq bəzi ölkələrdə əsl, heç olmasa, orta standartlara cavab verən demokratik seçkilər keçirilmir?
Bir daha həmin suala verdiyimiz cavaba qayıtsaq, görərik ki, o millətlər ki, burjua demokratiyası dövrünü keçməyib onlar üçün bir çox hüquqlar önəm kəsb etmir.
Belə millətlər siyasi hüquqlara dırnaqarası baxır, onları yetərincə dəyərləndirə bilmirlər.
Düzdür, demokratik dalğanın əks dalğaya çevrilməsini başqa cür yozan dahilər də olub. Məsələn, E.Fromm buna «azadlıqdan qaçış» deyirdi. Amma kütlə səviyyəsinə qaldırılan fərdi psixoloji effektlər, kütləni «kollektiv şüuraltı» ilə səciyyələndirmək cəhdləri, zənnimizcə, bir o qədər də inandırıcı görünmür. Bu proseslərin bəlkə də daha sadə yozumları var.
Məsələn, siyasi hüquqlardan birinə-seçki hüququna harada dəyər verirlər? Əgər söhbət keçmiş sovetlərdən gedirsə, siz seçkinin nə olduğunu litvalılardan, latışlardan və estonlardan soruşun.
Düşünürük ki, niyə Özbəkistanda, Türkmənistanda azad və düzgün seçki keçirilmir? Ona görə ki, onlar burjua demokratiyası dövrünü yaşamayıblar, az qala feodalizmdən sosializmə keçiblər.
Eyni sözləri elə Azərbaycan haqqında da demək olar. Çox adama təəccüblü gəlir ki, niyə Azərbaycanda insanlar seçki saxtakarlığı ilə tez barışırlar?
Amma tarixə baxanda görürsən ki, Azərbaycan cəmiyyəti çox qısa bir müddətdə, yalnız çar hakimiyyətinin çox məhdud bir dönəmində seçkilər görüb.
Müstəqillik dövründə də, müstəqillik əldə edilməsindən 22 il vaxt keçsə də, təəssüf ki, əsl demokratik seçki ənənəsi yaradılmadı
Amma o vaxt da ümumi seçkilər olmayıb, məsələn, qadınların seçki hüququ verilməyib.
Sonrakı 70 illik sovet hakimiyyəti dövründə də formal olaraq hər şey bəyan edilsə də, hətta bunlar konstitusiyada öz əksini tapsa da, yenə də praktikada əsl seçki olmayıb.
Sovet dövründə hətta bülletenlərə bir adamın adını yazırdılar. İnsanlarda, nə qədər qəribə olsa da, heç sual da yaranmırdı ki, axı biz kimlərin sırasından seçirik?
Müstəqillik dövründə də, müstəqillik əldə edilməsindən 22 il vaxt keçsə də, təəssüf ki, əsl demokratik seçki ənənəsi yaradılmadı.
Əsrin əvvəlinə də qayıtsaq, o vaxt azacıq Bakıda kapitalist münasibətləri olub və bu münasibətlər bir azca çox davam etsəydi bəlkə nəsə olardı. Amma müddət çox qısa olub, bütövlükdə ölkə əsasən feodal-patriarxal bir ölkə olub.
Elə bu səbəbdən də ha çalışırsan, heç nə alınmır ki, alınmır. Lap bir rus mahnısında deyildiyi kimi: elə bil bazar ertəsi doğulmuşuq.
FEODALİZMDƏN QƏDDAFİ REJİMİNƏ
Bir daha yazının əvvəlinə qayıtsaq, Misirdə və Liviyada baş verən proseslərə nəzər salsaq, görərik ki, əslində burada təəccüblü heç nə yoxdur.
Liviyada nə vardı? Ölkə faktiki olaraq feodalizmdən M.Qəddafinin qurduğu anlaşılmaz bir siyasi sistemə keçmişdi-yarı feodal və yarı sosialist bir ölkə idi. Heç bir demokratik ənənəsi yox idi.
Ona görə də belə ölkələrə xüsusi həssaslıqla yanaşmaq lazımdır. Təbii ki, demokratiya universal dəyərdir. Bununla heç kim mübahisə etmir. Amma vaxt lazımdır ki, insanlar ona alışsınlar. Necə deyərlər, bütün dərdlərin çarəsi zamandır, bir çox şeylərin dərki, anlamı da zamanla gəlir…

Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir

Ən son yazılan

XS
SM
MD
LG