Keçid linkləri

Təcili xəbərlər

Mübahisə edə-edə idarə edirlər...


Rəşid Şerifin karikaturası
Rəşid Şerifin karikaturası
-
Adətən öyrəşmişik ki, ABŞ digər ölkələrdəki insanların diqqətini harasa yönəldir. Amma bir neçə gündür ki, diqqət ABŞ-ın özünə, bu ölkədə hökumətlə parlament arasında yaşanan böhrana istiqamətlənib. Bu məsələdə bəlkə də ən pis «vəkil» bizik, ona görə də böhrana münasibətdə tərəf olmamağa çalışacağıq.

Bazar iqtisadiyyatı şəraitində yaşayan insanlar səhiyyənin necə bir problem olduğunu hamıdan yaxşı bilirlər
Amma neytrallığı saxlamaq da o qədər asan məsələ deyil. Təbii ki, bu dəfə simpatiya prezident B. Obamanın tərəfindədir. Ən azı ona görə ki, bu adamın təklif etdiyi səhiyyə islahatları paketi on minlərlə insanın sağlamlıq problemlərini həll etmək iqtidarındadır.

Bazar iqtisadiyyatı şəraitində yaşayan insanlar səhiyyənin necə bir problem olduğunu hamıdan yaxşı bilirlər, onlara bu məsələnin detallarını izah etməyə elə bir lüzum yoxdur.

Amma bizi parlamentin özü, onun qüdrəti də cəlb etməyə bilməz. Adam dünyada belə parlamentlər görəndə utanır desin ki, bəli, bizdə də parlament var. Təbii ki, bu, bizim-demokratiya tərəfdarlarının baxışıdır.

Digər tərəf-hakimiyyət institutları məsələyə fərqli yanaşır. Ona görə ki, onlar demokratik ölkələrdə yaşanan istənilən mürəkkəblikləri böyük fəlakət kimi təqdim etməyə alışıblar.

...bu ölkənin insanları mübahisə edə-edə, deyişə-deyişə ölkələrini idarə edə bilirlər
ABŞ demokratiyasından «şok»a düşən və sonra da onun əsl pərəstişkarına çevrilən ilk adam bəlkə də A. Tokvill olmuşdu. Hər yerdə mübahisə, deyişmə görən həmin bu adam özü də məəttəl qalmışdı ki, bəs görən bu ölkə necə idarə olunur?

Amma nə qədər qəribə olsa da, idarə olunur, özü də artıq üçüncü yüz illikdir ki, bu ölkənin insanları mübahisə edə-edə, deyişə-deyişə ölkələrini idarə edə bilirlər.

Təbii ki, bu böhran da çəkiləcək. Bu yaxınlarda Rusiyada 20 il bundan əvvəl parlamentlə hökumət arasında yaşanan böhrandan danışırdılar. İndi hamı bilir ki, o vaxt məsələni toplar, tanklar həll etdi.

Amma ABŞ-da cəmi iki dəfə (səhv etmiriksə!) toplar işə düşüb. Birinci dəfə bu, İstiqlaliyyət müharibəsi zamanı, ikinci dəfə isə vətəndaş savaşı zamanı olub.
O vaxtdan toplar susub, onların lüləsində bəlkə də quşlar yuva qurub. Ona görə də «narahatlığ»a bir əsas yoxdur.

AZƏRBAYCANDA DA ƏSL PARLAMENT OLA BİLƏRDİ

Azərbaycanda da parlament iki dəfə hiss olunub, duyulub ki, ölkədə belə bir qurum da var. Birinci dəfə bu, 1918-20-ci illərdə, ikinci dəfə isə 1990-93-cü illərdə olub. İndi tamam sakitlikdir.

Hökumətlə indiki parlament arasında o qədər «harmonik münasibətlər» formalaşıb ki, həmin münasibətlərin yaratdığı yeknəsəqlik adamı lap üzür, darıxdırır.

Bəzən adama elə gəlir ki, parlament yalnız ona görə fəaliyyət göstərir ki, hökuməti cəmiyyətdən, onun tənqidindən və nəzarətindən qorusun, hərçənd ki, bu nəzarətin özünün də ölkədə indi yalnız primitiv formaları qalıb.

Ölkə parlamenti bundan əvvəl də bir dəfə məmurları xilas etmişdi
Az qala payız sessiyasının ilk iclasında parlament çox «orijinal» bir təşəbbüslə çıxış etdi, ali icra hakimiyyəti ilə cəmiyyət arasında növbəti bir sipər yaratmağa cəhd etdi.

Yada salaq ki, ölkə parlamenti bundan əvvəl də bir dəfə məmurları xilas etmişdi. Bunu ona görə qeyd edirik ki, əgər bu vaxta qədər məmurlarla bağlı aparılan jurnalist araşdırmalarında irəli sürülən ittihamlar yalan idisə nədən həmin bu parlament o vaxt qanunlara dərhal düzəliş edərək mülkiyyətin sahibliyi məsələsini biznes sirlərinə aid etmişdi?

QANUNLAR NİYƏ QƏBUL EDİLİR?

Bəli, istənilən adamdan soruşsan ki, parlament niyə lazımdır, dərhal deyəcək ki, bəs, qanun qəbul etmək üçün. Bəs qanunlar niyə qəbul edilir?

Onlar ona görə qəbul edilir ki, hökumətin fəaliyyətinə rasional-leqal məzmun verilsin, despotiya olmasın. Amma bu ölkənin təcrübəsində bunun əksi müşahidə olunur-qanunlar ona görə qəbul edilir ki, hökumətin fəaliyyətində indiyə qədər zorla qorunub saxlanılan azacıq şəffaflıq da qalmasın.

Parlamentin qaldırdığı məsələ, onun növbəti təşəbbüsü də heç də yeni bir şey deyil və bu vaxta çox böyük mübahisələrə səbəb olmuş məsələdir.

ABŞ-da da parlament var, Azərbaycanda da. Hansı əsl parlamentə daha çox oxşayır?
Ona görə ki, Ali Qanununda vətəndaşlarla bağlı belə bir maddə var və ölkədə tutduğu vəzifədən asılı olmayaraq hamı vətəndaşdır və adı çəkilən maddənin təsiri onlara da şamil edilə bilər.

Üstəlik, ölkə artıq neçə illərdir ki, parlamentdən kənarda, ictimai mühitdə diffamasiya ilə bağlı qanunun müzakirəsini aparır və hər dəfə də onun qəbul edilməsini yubadırlar.

Bütün bunları ona görə qeyd etdik ki, icra hakimiyyətinin ətrafında daha bir sipər yaratmaq təşəbbüsü başqa bir yerdən yox, məhz parlamentin özündən gəldi.
İndi baxın. ABŞ-da da parlament var, Azərbaycanda da. Hansı əsl parlamentə daha çox oxşayır?


Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir

Ən son yazılan

XS
SM
MD
LG