Keçid linkləri

Təcili xəbərlər

Ən azı altı dəqiqəlik azadlıq üçün...


Rəşid Şərifin karikaturası
Rəşid Şərifin karikaturası
-
Seçki prosesinin yekunlaşmasına hələ bir həftə vaxt qalsa da artıq onu indidən təhlil etmək, seçkiyə qatılmağın müxalifətə nə verdiyini araşdırmaq cəhdləri hiss olunur.
Prinsipcə, bu, təbiidir.

Ölkə müxalifəti hakimiyyətdən fərqli olaraq təhlil üçün tam açıqdır, ona görə də belə cəhdlərə bir kəsilməz, permanent proses kimi baxmaq lazımdır - insanlar bəlkə də bununla özlərini başa düşməyə, qəbul etdikləri siyasi qərarların nə qədər optimal olduğunu anlamağa çalışırlar, insana isə özünü və başqalarını anlamağı yasaq etmək olmaz.

Bu qəbildən olan təhlillərə gəldikdə isə, prosesi lap bir qədər də əvvəldən analiz edərdik, Milli Şuranın özünə vahid namizəd kimi R. İbrahimbəyovu seçməsindən başlayardıq.

Ən azı həqiqətlərin üzə çıxması və səslənməsi özü də bir fədakarlıqdır
Belə fikirlər var ki, Milli Şura bu məsələyə izafi dərəcədə çox vaxt ayırmaqla öz fəaliyyətini bir qədər zəiflətdi. Nə demək olar? Belə fikirləri tam inkar etməsək də, onlarda ifadə olunan qınağı qismən qəbul etsək də, başqa bir fikirlə də razıyıq ki, R. İbrahimbəyovun siyasi proseslərə qatılması hər halda faydasız olmadı.

Onun çıxışları, bəyanatları ən azı belə bir əminlik yaratdı ki, Azərbaycandakı etiraz prosesləri heç də hakimiyyətin iddia və təqdim etdiyi kimi bir qrup siyasi «marginal»ın, «müxalifətdə qarımış siyasətbazlar»ın mövqeyi deyil, cəmiyyətin öz baxışıdır.

Düzdür, bir çox hallarda hətta həqiqətlər belə gərçəkliklərə münasibətdə köməksiz və aciz olur. Amma nə etmək olar? Ən azı həqiqətlərin üzə çıxması və səslənməsi özü də bir fədakarlıqdır. R. İbrahimbəyov da müəyyən qədər buna çalışdı.

Hətta indi belə bir fikir dolaşır ki, C. Həsənli R. İbrahimbəyovla müqayisədə bəlkə də daha uğurlu seçim oldu. Yada salaq ki, əvvəl C.Həsənlinin namizədliyinə çoxu bir qədər tərəddüdlə yanaşırdı. Amma bir-iki teledebatdan sonra bu tərəddüd çəkildi.

Hətta indi bir çoxu deyir ki, bəlkə də R. İbrahimbəyov teledebatlarda C. Həsənli qədər effekt yarada bilməyəcəkdi, buna onun siyasi təcrübəsinin azlığı və bir də dil problemi mane olacaqdı.

Seçki Azərbaycanda həmişə bir sualla başlayır: iştirak edək, ya etməyək?
Nə demək olar? Bu fikirlərin heç birinə əlavə şərh vermək istəməzdik. Kiçik düzəlişlərlə onların bəlkə də hamısını qəbul etmək olardı. Amma təhlilçilər hətta bu mərhələdə də dayanmır, onlar bir az da irəli gedirlər və indi C.Həsənli ilə seçkiyə qatılmağın müxalifətə nə verdiyini araşdırmağa çalışırlar.

SEÇKİYƏ GETMƏYİN ALTERNATİVİ VARDIMI?

Seçki Azərbaycanda həmişə bir sualla başlayır: iştirak edək, ya etməyək? Hər dəfə bu sual verilir. Bu dəfə haqlı olaraq belə qərara gəldilər ki, getmək, seçkidə iştirak etmək bütün hallarda daha yaxşı seçimdir, çünki müxalifətin seçkiyə qatılmadığı vaxtlar da olub və onlar əhəmiyyətli bir şeylə yadda qalmayıblar.

Bu baxımdan yanaşanda bu ilki seçki nə verdi? Ən azı o, altı dəqiqəlik azadlıq verdi! Hakimiyyət hansısa bir səbəbdən, ya seçkiyə demokratik görüntü vermək səbəbindən və yaxud da başqa bir səbəbdən, hər halda, özü haqqında efirdə altı dəqiqəlik tənqid səsləndirməyə imkan verdi.

Hətta düşünürük ki, növbəti seçkidə, məsələn, 2015-ci ilin parlament seçkisində o, indiki «səhv»ini düzlətməyə, deputatlığa namizədləri efirdən məhrum etməyə cəhd edəcək, çünki gördülər ki, hətta orta göstəricili müxalifətçiyə efir verəndə onun qarşısında on dəqiqə belə davam gətirmək olmur!

Seçkiyə gedilməyəcəyi təqdirdə nə olacaqdı? Ən azı bugünkü çıxışlar, onlara yönələn ictimai diqqət olmayacaqdı
Ona görə də bu altı dəqiqəlik efirə bir azadlıq anları kimi baxmaq lazımdır. Bu, həm də o, aspektdən əhəmiyyət kəsb edir ki, hakimiyyət də özü haqqında tənqidi fikirlərə azacıq da olsa alışır, seçkilərarası dövrdə azad mediaya qarşı yürüş etmək fikrindən çəkinir, ona görə ki, bu dövrlərdə hakimiyyətin tənqidi əsasən müstəqil medianın səhifələrində, məhdud saylı elektron informasiya vasitələrinin efirində fokuslaşır.

Seçkiyə gedilməyəcəyi təqdirdə nə olacaqdı? Ən azı bugünkü çıxışlar, onlara yönələn ictimai diqqət olmayacaqdı. Həm də seçkidə iştirak edənlərə beynəlxalq ictimaiyyət daha çox inanır.

Seçkiyə getməmək belə bir fikir yaradır ki, ola bilsin, müxalifət öz gücünə, öz imkanlarına bir o qədər də arxayın deyil və bir çox hallarda belə iradları təkzib etmək çox çətin olur. Çünki demokratiyanın əxlaqı, dünyagörüşü belə bir fikri təlqin edir ki, əsl demokrat ən kiçik imkandan belə mübarizə üçün və demokratiyanın sərhədlərini genişləndirmək üçün istifadə etməlidir.


Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir

Ən son yazılan

XS
SM
MD
LG