Keçid linkləri

Təcili xəbərlər

Personifikasia olunmuş siyasət


Rəşid Şərifin karikaturası
Rəşid Şərifin karikaturası
-
Zaman özü siyasətin özəlliklərini üzə çıxarır. 90-cı illərdə yazanda ki, Azərbaycan siyasəti həddən artıq personifikasiya olunub, izafi dərəcədə azsaylı şəxslərdən ibarət xarizmatik qruplara çevrilib, bunu bəziləri heç də yetərincə dəyərləndirmədi, başa düşənlər, razılaşanlar oldu, amma nəticə çıxaranlar çox az oldu.

Məhz bu tendensiyanın nəticəsidir ki, bu gün ölkədə təşkilatdan daha çox şəxslər, siyasi fərdlər var. Proporsional seçki sisteminin ləğvi bu tendensiyanı bir az da gücləndirdi, liderlərin öz təşkilatlarından uzaqlaşması prosesi baş verdi.

Bir çox siyasət adamları belə hesab etdilər ki, onların artıq təşkilata elə bir ehtiyacı yoxdur, bu vaxta qədər topladıqları siyasi nüfuz onlara milli miqyaslarda siyasətlə məşğul olmağa imkan verir.

Beləcə, ölkədə «siyasi tribun»lar yarandı. Onlar bu və ya başqa bir hadisə haqqında bəyanat verəndə, çıxış edəndə cəmiyyət buna diqqət edir. Fəqət, bu çıxışlar yetərincə siyasi güc ilə tamamlanmadığından getdikcə onlara da diqqət azalır, çünki başa düşmək olmur ki, bu şəxslər kimi təcəssüm etdirir, onlar kimdir, siyasi liderlər, yoxsa tənha dissidentlər?

İndi vəziyyət elədir ki, lider olmaq həvəsində olanların sayı həmişə olduğu kimi çoxdur
Ona görə də bu gün həmin şəxslərin bəyanatlarına, çıxışlarına yalnız müxalifət qəzetlərini oxuyanlar diqqət edir, amma onlar da praktiki davranış tərzi nümayiş etdirmirlər, çünki bu çıxışları hərəkətə çevirə bilən siyasi təşkilatlar azdır, iki əsas müxalifət partiyasından savayı hərəkət qabiliyyətli partiyaların sayı azalıb.

Bu isə ona gətirib çıxardı ki, müxalifətin ən güclü vaxtında-2003-cü ilin prezident seçkisi zamanı onlar yalnız üç məntəqədən birinə müşahidəçilər təyin edə bildilər, hətta o vaxt çünki yetərincə siyasi-ictimai fəal tapmaq çətin idi.

SİYASƏTİN ÜÇ ATRİBUTU

Lider, ideologiya və bir də təşkilat olmadan real siyasi fəaliyyətdən danışmaq çətindir. İndi vəziyyət elədir ki, lider olmaq həvəsində olanların sayı həmişə olduğu kimi çoxdur. Amma onların hamısı ölkədəki narazı elektoratı öz təşkilatı bilir. Unudulur ki, yaxşı təşkil olunmamış ictimai qruplar siyasətdə köməksiz kütləyə çevrilir, o, nə etmək, nə vaxt etmək və necə etmək lazım olduğunu bilmir.

Elektoratla təşkilat arasında böyük fərq var. Amma Azərbaycanda bəzi liderlər bu fərqi nəzərə almır. Təşkilat idarəolunan, çevik və mobil bir sturukturdur. Amma elektorat mütəhərrik qrupdur, o, idarə olunmur, çox tez fikrini dəyişir, özünü hansısa bir lider, ideologiya qarşısında öhdəlik götürmüş qrup hesab etmir.

İDEOLOGİYA AYIRIR, YOXSA SƏFƏRBƏR EDİR?

Bu gün elə vəziyyət yaranıb ki, liderlər ideoloji mübahisələrə, axtarışlara nöqtə qoyublar, çünki onlar belə hesab edir ki, ideoloji çəkişmələr parçalanma, siyasi ixtilaf yaradır.

Elektoratla təşkilat arasında böyük fərq var, amma Azərbaycanda bəzi liderlər bu fərqi nəzərə almır
Bəlkə də bunun nəticəsidir ki, indi ən hazırlıqlı namizədlər belə öz platformaları ilə bağlı açıqlamaları hər dəfə növbəti debata saxlayırlar. Bəziləri isə, xüsusən də hakimiyyətin peyk partiyaları özlərinin platformalarını mitinqlərdə açıqlayacaqlarını bildirirlər. Amma mitinqdə, ayaq üstündə də siyasi platforma açıqlamaq olarmı?

Bu siyasi liderlər hətta onu da nəzərə almır ki, siyasi ittihamların bir hissəsini mitinqlərə saxlamaq, teledebatlarda isə «Nə edəcəyəm?» sualını cavablandırmağa cəhd etmək daha məqbul yol ola bilərdi.

Düzdür, bunun başqa səbəbləri də var. Siyasi liderlərə, xüsusəndə ölkədə əsas müxalifət partiyalarına cəmiyyətlə təmasda olmağa o qədər az imkan verilir ki, onlar yaranmış müvəqqəti imkanlarını da planlaşdıra bilmirlər, vaxtı bölə bilmirlər.

Təbii ki, siyasi müxalifətin çıxış və bəyanatlarında mövcud hakimiyyətin fəaliyyətinin tənqidi əsas yer tutmalıdır. Ona görə də müxalifətçi namizədlər efir vaxtının böyük hissəsini məhz buna həsr etməyə cəhd edir, çünki onlara belə çıxışlarını cəmiyyətə çatdırmaq üçün hətta ödənişli efir vaxtı da vermirlər.

HƏTTA LİDER OLMAYANDA…

Siyasi təşkilatın, siyasi şəbəkənin üstünlüyü ondadır ki, onlar bir mexanizm kimi işə düşəndə artıq bu fəaliyyətin qarşısını almaq çox çətin olur. Tarixdə, başqa ölkələrin təcrübəsində elə hallar olub ki, liderlər uzun müddətə öz təşkilatlarından təcrid olunublar. Məsələn, Afrikada N.Mandela öz həyatının iyirmi ilindən artığını həbsdə keçirməli olmuşdu.

Amma hətta belə anlarda fəaliyyət bir an belə dayanmamışdı. Səbəb? Ona görə ki, çevik strutktur, təşkilat vardı. Bəzən təşkilatın rolu o qədər artır ki, hətta siyasi partiyanın böyük sosial dayaqlara malik olmadığı halda o nəsə edə bilir.

...təşkil edə bilən, təşkilatlandıran azdır, məhz ona görə də etirazlar zəifdir
Məsələn, tarixə baxsaq, bolşeviklərin partiyası Rusiyada o qədər də populyar deyildi. Amma bu partiyanın güclü strukturları vardı və bu güc bəzən digər amilləri kompensasiya edə bilirdi.

İndi Azərbaycana baxanda çox ziddiyyətli mənzərə yaranır. Bir tərəfdən müxalifət liderləri iddia edir ki, ölkədə böyük narazılıq var. Amma digər tərəfdən onlar bir suala cavab verməyə çətinlik çəkir ki, bəs onda niyə etiraz yoxdur?

Cavab isə çox sadədir və əslində ziddiyyət də zahiridir. Məsələ bundadır ki, təşkil edə bilən, təşkilatlandıran azdır. Məhz ona görə də etirazlar zəifdir.
Bir çox hallarda hətta partiya fəalları tədbirlərə inamsız yanaşırlar, onun təşkil olunmasında zəif iştirak edirlər. Ona görə də bəzən etiraz aksiyasına, mitinqlərə çıxanların sayı hətta partiya üzvlərinin sayından belə az olur.


Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir
XS
SM
MD
LG