Keçid linkləri

Təcili xəbərlər

Azərbaycan müxalifəti Londonda


London, Chatham House, Cəmil Həsənli və Erkin Qədirli, 12 sentyabır 2013
London, Chatham House, Cəmil Həsənli və Erkin Qədirli, 12 sentyabır 2013
-
Son bir neçə həftə ərzində mənim Azərbaycanın Londona səfər etmiş iki müxalifət qrupunu - Milli Şura və REAL-Respublikaçı Alternativ hərəkatının nümayəndələri ilə görüşmək imkanım olub.

Birləşmiş müxalifətin Milli Şurasının prezidentliyə namizədi Cəmil Həsənli El hərəkatının lideri, Milli Şuranın icra administrasiyanın rəhbəri Eldar Namazovla birlikdə bir sıra görüşlər üçün sentyabrın 12-13-ü Londona səfər etmişdi. Növbəti həftə REAL hərəkatının həmtəsisçisi Erkin Qədirli Londonun Chatham House araşdırma mərkəzində sentyabrın 17-də keçirilən tədbirə gəldi.

Məni daha çox onların seçkiqabağı mühit barədə nə deyəcəkləri maraqlandırırdı. Mən onların iştirak etdikləri bəzi tədbirlərə qatıldım və onlardan bəziləri ilə müsahibə etdim.

Həsənli namizədliyinin təsdiq olunduğu barədə xəbəri Bakıdan alanda mən onunla üzbəüz oturmuşdum. Bakıdakılar həmçinin ondan xahiş edirdilər ki, Erkin Qədirliyə REAL hərəkatının namizədinin qeydiyyat məsələsi barədə son məlumatları ötürsün. Mən oradaca telefonumla bir neçə şəkil çəkib Facebook və Twitterə ötürdüm. Sonradan bu şəkillərdən Azərbaycan mətbuatında istifadə olunmasından başa düşdüm ki, orada Həsənlinin səfəri barədə informasiya aclığı var.

Məni belə bir fakt heyrətləndirdi ki, Azərbaycanda tənqidi səslər üçün getdikcə düşmənləşən mühitə baxmayaraq, xüsusən də müxalifətin nümayəndələri – Həsənli, Qədirli və Namazov nikbin idilər. Onlar hakim rejimə meydan oxuduqlarına görə girdikləri riskin fərqində idilər, lakin inanırdılar ki, onların cəhdləri ölkədəki vəziyyətin yaxşıya doğru dəyişməsinə xidmət edəcək.

CƏMİL HƏSƏNLİ – BİRLƏŞMİŞ MÜXALİFƏTİN NAMİZƏDİ

Sentyabrın 12-də mən Həsənli və Namazovun Londonda mənzillənmiş bir neçə QHT ilə görüşündə iştirak etdim. Həmin görüşdə onlar Azərbaycanda insan haqlarının seçkiqabağı dövrdə vəziyyətini müzakirə edirdilər.

Mən əvvəllər, Həsənli hələ parlament üzvü olanda, onunla dəfələrlə görüşmüşəm. Mən onda ABŞ-ın Bakı səfirliyində siyasi məsələlərlə məşğul olan əməkdaş idim. Yadımdadır ki, o, dairəsindəki seçicilərlə tez-tez görüşən, onların problemlərini dinləyən və onları sözün əsl mənasında təmsil edən azsaylı deputatlardan biri idi. Səfirlikdə işlədiyim vaxtlarda, sonralar QHT-lərdə çalışdığım dövrdə Həsənli ilə birlikdə siyasi məhbusların məhkəmələrində saatlarca bir yerdə olardıq.

Mən Həsənli ilə Londonda görüşəndə də onun lütfkarlıq və hüsn-rəğbətinin, həmçinin sadəliyinin şahidi oldum. Onda siyasətçilərə xas olan mənəm-mənəmlik yox idi. O sanki özünün prezident seçilməsinə çalışmırdı, daha çox ölkəsinin idarə edilməsi ilə bağlı problemlərə diqqət yetirirdi.

Siyasi məhbuslar Həsənlini başlıca narahat edən məsələdir
Həsənli xüsusilə vurğulayır ki, namizədliyi ikili – Rusiya-Azərbycan vətəndaşlığına görə qeydiyyata alınmamış Rüstəm İbrahimbəyov seçiləcəyi təqdirdə təyin olunmuş beş illik müddətdə prezident olmayacaqdı. Həsənli bildirir ki, əvəzində o, iki il müddətində vəzifədə olmaqla Azərbaycanın, onun təbirincə desək, “avtoritarlıqdan demokratiyaya keçidinə” rəhbərlik edəcəkdi.

Siyasi məhbuslar Həsənlini başlıca narahat edən məsələdir. Bu məhbuslardan biri də, əslində onun prezident seçkisindəki rəqibi olacaq İlqar Məmmədovdur. O, ötən fevral ayında İsmayıllı şəhərində zorakı etirazları qızışdırmaq ittihamı ilə həbs edilib.

Həsənli Məkəzi Seçki Komissiyasının Məmmədovun namizədliyini qeydə almaqdan imtina etdiyi barədə xəbəri alanda, mən onun yanında idim. Həsənli vəd etdi ki, o, Məmmədovun həbsdən azad olunması üçün əlindən gələni edəcək.

Həsənli və Namazov bildirdilər ki, Milli Şuranın 130 üzvündən 10-u siyasi məhbusdur. Daha on üzv həbsxana cəzası ilə bitə biləcək hüquqi problemlərlə üzləşib. Namazovun özü iki dəfə prokurorluğa çağırılıb. Ona Milli Şuranın asayişi poza biləcəyi barədə suallar verilib. Milli Şuranın başqa üzvləri də sorğu-suala çəkiliblər.

“Mən hər dəfə prokurorluğa gedəndə, dostlarımla, ailəmlə vidalaşıram, çünki nə vaxt həbs olunacağımı bilmirəm”, - deyir Namazov. O həmçinin əlavə edir ki, Londona səfər üçün ölkədən çıxmasına icazə veriləcəyinə də əmin olmayıb.

Elə isə Həsənli və Namazov Londona niyə gəliblər? Sadəcə olaraq Milli Şuranı Britaniya ictimaiyyətinə təqdim etmək və iqtidarın neqativ informasiyasına baxmayaraq Azərbaycan müxalifətinin qorxulu olmadığını göstərmıək üçün. Onlar vurğulayırlar ki, London səfəri daha geniş beynəlxalq turnenin bir hissəsdir. Bundan əvvəl İbrahimbəyov Vaşiqtona, Brüsselə və Berlinə səfərlər edib.

ELDAR NAMAZOV ƏRƏB BAHARI İSTƏMİR

Mən onlardan seçkilərə qalan müddətdə Milli Şuranın planları barədə suallar verdim. Ələlxüsus da soruşdum ki, hər hansı icazəsiz aksiyalar planlaşdırılırmı? Azərbaycanda icazə verilməmiş aksiyaların təşkili və onlarda iştiraka görə qanunvericiliklə nəzərdə tutulmuş cərimələr kəskin şəkildə artırılıb. İnzibati həbslərin müddəti 15 gündən 60 günə çatdırılıb. Yaranmış vəziyyətdə bu, seçki günündə həbsdə olmaq deməkdir.

Namazov bildirir ki, hazırda icazəsiz etiraz aksiyalarının keçirilməsi gündəmdə deyil. O deyir ki, Milli Şura öz vaxtının daha çox hissəsini aksiyalar üçün icazə verilmiş yerlərin öyrənilməsinə sərf edir. Bu yerlərin əksəriyyəti şəhərin mərkəzindən uzaq və münasib olmayan məkanlardır. Milli Şura ümumən namünasib yerlərin ən məqbul variantı üzərində düşünür.

Əlbəttə, onlar bütün təzyiqlərə baxmayaraq, ən pis şəraitdən də ən yaxşı variantları seçməyə çalışırlar. Onlar dəfələrlə bildiriblər ki, ədalətli seçki keçirilsə, Həsənli qalib gələ bilərdi. Bununla belə, onlar ədalətli seçki keçiriləcəyi təqdirdə Həsənlinin səslərin necə faizini qazana biləcəyi barədə də fikir söyləyə bilmirlər. Namazov bildirir ki, onlar bütün hərəkətlərini Azərbaycan Konstitusiyasının çərçivəsində etmək istəyirlər. “Biz Ərəb baharı istəmirik”, - deyir Namazov.

“Azərbaycan müxalifətinin gələcəyi necə olacaq?”
Mən ertəsi gün Həsənlinin Chatham House-dakı çıxışını dinləməyə getmişdim. Bu çıxış bir sual üzərində qurulmuşdu: “Azərbaycan müxalifətinin gələcəyi necə olacaq?” Chatham House-un müəyyən qaydalarına görə mən həmin söhbətin tam təfərrüatlarına vara bilməyəcəyəm. Lakin o, burda təxminən mənimlə müsahibəsində söylədiyi fikirləri səsləndirmişdi.

Mən Həsənli və Namazovla ayrılanda onlardan özlərindən müğayət olmalarını xahiş etdim. Hər ikisi kədərli idi. Onları Azərbaycanda nə gözlədiyindən narahat idilər. Həsənli təkcə onu dedi ki, Milli Şuranın vahid namizədi kimi rolu öz üzərinə götürəndə bilirdi riskə gedir və onu həbs də edə bilərlər.

ERKİN QƏDİRLİ – MÜXALİFƏTİN “YENİ NƏSLİNİN” LİDERİ

Mən REAL hərəkatının həmtəsisçisi Erkin Qədirli ilə onun Chatham House-da 17 sentyabr çıxışından əvvəl müsahibə üçün görüşdüm.

Biz Məmmədovun namizədliyi məsələsini müzakirə etdik. Qədirli bildirir ki, REAL Məmmədov üçün 12 gün ərzində 41247 imza toplaya bilmişdi.

...hökumət siyasətçilərin yeni nəslini ölkədə baş verən sosial dəyişikliklər şəraitində hədəfləyir
Qədirlinin dediyinə görə, yüzlərlə könüllü REAL üçün imza toplama kampaniyasına qoşulub və onlardan bəziləri başqa siyasi təşkilatların üzvləri olublar. Onun fikrincə nəticədən asılı olmayaraq, toplanmış imzalar REAL üçün böyük mənəvi əhəmiyyətə malikdir. Ən azı ona görə ki, indi hakimiyyət Məmmədovun işi ilə bağlı Avropa İnsan Haqları Məhkəməsinə müraciətin dəstəyi olmadığını deyə bilməyəcək. Məhkəmə bu işə təcililik qaydasında baxmağa başlayıb.

REAL niyə bu qədər nikbindir? Yəqin ki, belə olmaq lazımdır. Qədirli izah edir ki, hökumət siyasətçilərin yeni nəslini ölkədə baş verən sosial dəyişikliklər şəraitində hədəfləyir. Qədirlinin nəzərincə sosial qüvvə hazırda ölkənin gənclərindədir.

Nəticədə illər keçdikcə REAL tədricən daha yaxşı tanınmağa və populyar olmağa başlayıb. Buna bəlkə də hərəkatın yaxşı tanınmış siyasi liderinin həbsi də kömək edib. Qədirliyə görə hərəkartın Milli Şuraya qoşulmamasına səbəb üzvlük məsələsinə fərqli yanaşma olub. Qədirlinin fikrincə REAL tədricən hərəkət etməyin tərəfdarı olsa da, Milli Şura, üzvlərinin sayını qısa müddətdə sürətlə artırmağa çalışıb və nəticədə əsas siyasi məqamlar qurban verilib.

QƏDİRLİ: BU İL BİZİM İLİMİZ DEYİL

Qədirli gözlənilmədən xahiş etdi ki, Chatham House-dakı tədbir tamamilə yazılsın. Müzakirə zamanı o, REAL hərəkatının ideologiyası və müasir Azərbaycan siyasətinin tarixi, enerji siyasəti və Dağlıq Qarabağ barədə məsələlərə aydınlıq gətirdi. Həmişə olduğu kimi Qədirli maraq doğuran bir natiq idi və tədbir moderator onu dayandıranadək davam etdi. İştirtakçılar hələ də suallarını vermək istəyirdilər.

Qədirlinin Londona səfərindən sonra Azərbaycan Ədliyyə Nazirliyi bildirmişdi ki, əlbəttə, imzaların etibarsız olduğu üçün Appelyasiya Məhkəməsi Məmmədovun iddiasını rədd edib. Beləliklə, REAL hərəkatının seçkilərdə öz namizədi ilə iştirak etmək arzuları məhv oldu. Lakin Qədirli mənə dedi ki, bu il, bizim ilimiz deyil. O əlavə etdi ki, REAL bu nəticəni gözləyirdi və öz namizədinin olmayacağı təqdirdə Həsənlinin namizədliyini dəstəkləməyə hazır idi.

Görünür, şərhçilər haqlıdırlar. Əslində Məmmədovun namizədliyini rədd etməklə, hakimiyyət parçalanmış müxalifətin birləşməsi üçün, müxalifətin özündən daha çox iş görüb. 9 oktyabr seçkilərinin nəticəsindən asılı olmayaraq bu birlik bu il Azərbaycanın siyasi inkişafında ən əhəmiyyətli hadisəyə çevriləcək.

Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir
XS
SM
MD
LG