Keçid linkləri

Təcili xəbərlər

Qurumuş ağacların nağılı


Rəşid Şərifin karikaturası
Rəşid Şərifin karikaturası
-
V.V.Goghun bir rəsmi var. Adı da «Kədər»dir. Hər dəfə o rəsmdəki ağaclara baxanda adamda belə təsəvvür yaranır ki, növbəti baharda bir daha bu ağaclar göyərməyəcək. Amma inana da bilmirsən ki, sanki V.V.Gogh qurumuş ağacları çəkib, adam inanmaq istəyir ki, hansısa ilahi qüvvə işə qarışacaq və qurumuş ağaclar göyərəcək, özü də mütləq göyərəcək…
Bunu dedik, yadımıza başqa bir detal da düşdü. Uşaq yoxluqla, ölümlə barışa bilmir. Şoran torpaqlarda ağaclar tez quruyur. Amma uşaqlıqda buna inanmırdıq, qurumuş ağacların dibinə elə hey su tökürdük ki, bəlkə cücərdi.
Bəli, qurumuş ağaclar, şoran torpaqlar… Bəs nədən bizi birdən-birə belə bir «lirika»ya çəkdi?
Dünən prezidentliyə namizədlərin ilk debatı oldu və bu debat qəribə assosiasiyalar yaratdı. Bu assosiasiyaların yaratdığı ilk sual da bu oldu ki, adamlar nədən öz keçmişlərini belə tez unudurlar?
Dünən prezidentliyə namizədlərin ilk debatı oldu və bu debat qəribə assosiasiyalar yaratdı
On namizədin az qala yarısı vaxtilə bir siyasi təşkilatda, bir siyasi cinahda olub. Düzdür, həyatda çox şeylər olur və deyə bilərlər ki, dünən kim olmağından asılı olmayaraq bugün onlar rəqibdir və rəqib psixologiyası ilə də hərəkət edirlər.
Amma onlar biri-birilə rəqabət aparan iddialılardan daha çox bir iddialının vəkilinə bənzəyirdilər. Hamısı bir nəfərə qarşı birləşmişdi və məlum oldu ki, o bir nəfər də heç özünü müdafiə etmək iqtidarında deyil.
SUAL VƏ NİDA
Əsas iddialı şəxs-İlham Əliyev isə debata qatılmamışdı. Onu icraçı katib Əli Əhmədov əvəz edirdi.
Bu Azərbaycanda prezident olmaq şansı ən böyük olan (müxtəlif səbəblərdən!) insanların, necə deyərlər, şakəridir. Hətta demokratiyanın pik nöqtəsində də-1992-ci ildə də belə olmuşdu, o vaxt da prezidentliyə ən çox şansı olan bir nəfər debatlara qatılmadı.
Əslində bu, göstəricidir. Özü də onu göstərir ki, seçkilərin taleyi heç də seçicilərin gözləri qarşısında həll olunmur, onu tamam başqa «rıçaq»lar həll edir.
ABŞ-da prezidentliyə namizədlər debata qatılır. Başa düşmək olmur, görən, oradakı siyasətçilər bunu əskiklikdən edir, yoxsa başqa bir səbəb var? Nədən kiçik ölkələrin avtoritar liderləri bu qədər təkəbbürlü olurlar? Başqasının qarşısında sual işarəsinə dönənlər özününkülərin qarşısında birdən-birə dönüb nida işarəsi olurlar…
Başqa bir detal isə bu oldu ki, hakimiyyət nümayəndəsinin çıxışında hansısa bir hiss, həyəcan duyulmadı, sanki onun vəkillik etdiyi namizəd heç üçüncü dəfə prezident olmağa hazırlaşmırdı! Elə bil üçüncü dəfə prezident olmaq məsələsi tamam arxa plana keçmişdi.
Yeni ağaclar yetişdirmək lazımdır,yeni siyasətçilər yetişdirmək lazımdır
Bu seçkidə ümid edilən yeganə məsələ o idi ki, ola bilsin, beynəlxalq təşkilatların qınağı, böyük dövlətlərin təsiri nəticəsində hakimiyyət bir fərqli namizəd irəli sürəcəkdi. Hətta bunun ilk işartısı da oldu, bəzi təhlilçilər ciddi şəkildə iddia etməyə başladılar ki, böyük ehtimalla bu dəfə hakimiyyət seçkiyə hakim ailənin başqa bir nümayəndəsilə qatılacaq və ən azı zahirən elə təəssürat yaradacaq ki, hakimiyyətdə də dəyişiklik oldu.

Bu yolun bir faydası ola bilərdimi? Olardı. Ən azı iki dəfəlik məhdudiyyət məsələsi möhkəmlənərdi, öz təsdiqini tapardı.
İLK TƏƏSSÜRAT VƏ BİR NƏTİCƏ
Debat
Debat
Qayıdaq debatlara. Prinsipcə, siyasi texnoloq üçün elə bir epizod da kifayətdir. O, bir epizoda baxmaqla da öz qənaətini götürə bilir, bir epizod da qənaət üçün yetərli olur.
Ona görə də elə ilk epizod bütün siyasi vektorların aşkar və potensial imkanlarını qiymətləndirmək üçün, prinsipcə, kifayət etdi. Ən əsası bu debat adlandırılan prosesin istiqaməti bəlli oldu.
Bəs o qənaət nədən ibarətdir? Onu bir-iki cümlə ilə ifadə etmək olarmı? Təbii ki, olar.
Bir qədər əvvəldə V.V.Goghdan misal gətirdik. Bilmək lazımdır ki, qurumuş ağaclar bir daha göyərməyəcək. Qurumuş ağacların dibinə su tökmək, onları sulamaq yetər, çünki onlar bir daha çiçəkləməyəcək, yaşıllaşmayacaq, onlar bundan sonra yalnız odun ola bilərlər.
Yeni ağaclar yetişdirmək lazımdır. Yeni siyasətçilər yetişdirmək lazımdır. Nədən H.Zərdabi, M.Cəlil siyasi iddialara düşmədilər? Onlar bir şeyi bilirdilər ki, bu missiya onlar üçün deyil, bunun vaxtı hələ çatmayıb. Onlar «yeni ağaclar»-yeni siyasətçilər yetişdirməklə məşğul oldular və həmin siyasətçilər yetişdi, özü də H.Zərdabinin, M.Cəlilin yazlıqlarını oxumaqla.
İndi də onlar yetişəcək. Yeni-yeni siyasət adamları gələcək. Bunun yolu da var, hətta yol da bəllidir. Adı da maarifçilikdir…


Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir

Ən son yazılan

XS
SM
MD
LG