-
BİRİNCİ, YOXSA YEGANƏ?
Zaman bəzi insanları önə çəkir, yoxsa insanlar özləri zamanın fövqünə qalxırlar? Sual sizə qəribə görünməsin. Hansısa lider haqqında danışanda insanların ilk sözü bu, olur ki, bəli, o, vaxtında doğulmuşdu.
Bəlkə də tarixin böyük dönəmlərinə tətbiqən bu fikirlə razılaşmaq olar. Amma zamanın özü bəzən tarixlə hesablaşmır. Kimi beş ildən bir, kimi də yeddi ildən bir prezident seçmək məcburiyyətindədir.
Hələ merləri, deputat və digər seçkililəri demirik. Onların hamısı dahi olmalıdırmı? Təbii ki, yox. Amma onların hamısı lider olmağa borcludur. Sonradan tarix özü saf-çürük edəcək, kimisə yaddaşlarda saxlayacaq, kimisə də unutduracaq.
Kiçik zaman intervalında liderləri hamı nə az, nə də çox, birinci şəxs adlandırır. Ona beş il, bəlkə də bir az da artıq bütöv bir ölkəni təmsil etmək həvalə olunur.
Hamı bunu bacarırmı? İndi prezidentliyə namizədlərin ilkin siyahısına baxırıq. Təbii ki, onların hamısı prezidentliyə namizəd kimi təsdiq edilməyəcək. Kimisi elə həqiqətən də bu sınaqdan keçməyəcək, kimisini də bu hakimiyyət gərəkli bilməyəcək.
Ona görə layiq yox, gərəkli yazırıq ki, bu adamlardan bəlkə də ikisi, ən çoxu üçü həqiqətən də prezidentlik uğrunda çarpışmaq üçün namizədliyini irəli sürüb, digərlərinin isə adi, cari umacaqları var.
Bu umacaqlar qismən təmin ediləcək, qismən də rədd ediləcək. Amma onlar ola bilsin ki, ümumi seçki teatrı üçün lazım olsunlar.
Mərhum bir rejissor ölkədə illərlə davam edən siyasi teatra xitabən çox maraqlı bir fikir demişdi: «Vallah, özüm də çaşıb qalmışam. Mən burada oyun qururam, yoxsa onlar meydanlarda, televiziyalarda oyun qururlar? Kimdir əsl rejissor? Çaşıb qalmışam. Cavab tapa bilmirəm».
Amma çaşmaq lazım deyil. Ən azı onunla barışmaq lazımdır ki, hətta ən yaxşı siyasətdə belə teatr elementləri olur. Bədbəxtlitk onda başlayır ki, bu teatr sonradan dönüb olur bir aktyorun teatrı.
Normal teatrda çoxtərəflilik, polifoniya olur. Bir aktyorun teatrı isə monoloqdur, illərlə davam edən üzücü bir monoloq. Əvvəldə dedik ki, prezident hər yerdə birinci şəxs adlandırılır. Amma bəzi yerlərdə o, dönüb olur yeganə şəxs!
Normal teatrda çoxtərəflilik, polifoniya olur. Bir aktyorun teatrı isə monoloqdur, illərlə davam edən üzücü bir monoloq
Bəlkə fürsəti tale verir. Kim bilir? Amma elələri var ki, fürsəti fövtə vermir, ondan elə yapışır ki, bəlkə taleyin özü ona belə şans verdiyi üçün bir peşimançılıq çəkir.
Bir detala fikir vermişik, avtoritar liderlərin hamısı hər şey haqqında fikir deməyi sevirlər- millətin necə danışmasından tutmuş necə geyinməsinə qədər hər şeylə bağlı onların öz «mülahizələri» olur. Amma siyasət haqqında danışmağı sevmirlər.
Niyə? Ona görə ki, bu da onların sirridir. Onlar bu sirri bölüşsələr başqaları da onların yolu ilə gedə bilər. Ona görə də onlar lap orta əsrlərdə olduğu kimi öz «peşə»lərinin sirrini yalnız övladlarına ötürürlər.
DEMOKRATİYALARDA LİDER PROBLEMİ
Nə qədər qəribə olsa da demokratiyalarda da lider problemi bir az qəlizdir, hətta avtoritar sistemlərdəkindən də qəlizdir, çünki bu, mürəkkəb ssenarili, polifonik bir teatrdır.
Burada baş qəhrəman olmaq üçün sözün əsl mənasında tər tökməlisən. Yoxsa bu, «şahlıq quşu» deyil ki, uçub kiminsə başına qona.
Bu seçkidə ən çox maraq kəsb edən müxalifət tərəfidir, çünki hakimiyyət bəllidir- həmin siyasi təfəkkür, həmin idarəçilik, həmin şüarlardır. Gəl, müxalifət tərəfdə azacıq da olsa yenilik havası ola bilər, çünki hakimiyyətin «ənənəvi» adlandırdığı liderlər bu dəfə arxa plandadır.
Bunu bu seçkilərin üstünlüyü kimi təqdim etmirik. Hələ bundan sonra məlum olacaq ki, müxalifətin bu ilki taktikası doğru idi, ya yox?
Amma bu, sonranın problemidir. İndi vahid namizəd olmuş şəxsin liderlik fürsətindən necə yararlanacağı daha çox maraq doğurur. Doğrusu, belə güman edirdik ki, hamı, digər partiya liderləri ona yardımçı olacaq.
Amma vaxtın bu məqamında onlar biri-birinə qarşı elə ittihamlarla çıxış etdilər ki, hətta hakimiyyət çalışsaydı belə belə qara təbliğat qura bilməzdi və bu qədər effektə nail ola bilməzdi.
Məsələ bundadır ki, siyasi texnologiya belə bir resept verir: hər bir tərəf haqqında ittihamla həmin tərəfin öz adamları çıxış edəndə daha effektli olur.
Biri var, hakim partiya haqqında müxalifətçi çıxış etsin, biri də var ki, bu rolda hakim partiyanın öz nümayəndəsi təşəbbüsdə bulunsun. Bunlardan hansı daha effektli olacaq? Təbii ki, hakim partiyanın nümayəndəsi çıxış edəndə!
Bunu dəfələrlə görmüşük. Mərhum S.Təbrizlinin, həbsdə olan Ə.İnsanovun çıxışlarını kim unudar? Eyni sözləri müxalifət haqqında da demək olar.
Təsəvvür edin ki, vahid namizəd indi- seçkinin artıq təbliğat mərhələsinin başlandığı bir vaxtda quruma daxil olan partiyaların liderlərinin qarşılıqlı münasibətlərini tənzimləməklə məşğul olur. Ona görə də fürsəti fövtə vermək ehtimalı bu dəfə də böyükdür. Necə ki, əvvəllər belə olmuşdu.
Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir
Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir