Keçid linkləri

Təcili xəbərlər

Suriya - Bir kimyəvi silahın hekayəsi


Azad Suriya Ordusunun əsgərləri hakimiyyətə qarşı döyüşlərdə iştirak edərkən
Azad Suriya Ordusunun əsgərləri hakimiyyətə qarşı döyüşlərdə iştirak edərkən
-
Politoloq Rəşad Şirin
BMT-nin dəyərləndirməsinə görə Suriyada iqtidar və müxalifət arasında münaqişə (müharibə) başlayandan ölkədə 100.000 insan öldürülüb. Amma dünyanın böyük gücləri və xüsusilə də ABŞ yalnız Dəməşqdə kimyəvi silah istifadə edildikdən sonra Suriyaya müdaxiləni gündəmə gətirir. Xatırladaq ki, ABŞ Dövlət Departamentinin açıqlamasına görə kimyəvi hücum nəticəsində 1400-ə yaxın insan dünaysını dəyişib.
Dünən (31 Avqust 2013-cü il) ABŞ prezidenti Barak Obama Suriyaya qarşı hərbi əməliyyat haqqında qərar verdi. Təbii ki, çox məqbul bir sual yaranır ki, axı niyə ABŞ ancaq indi bu qərarı verir?
Birincisi, gəlin başlayaq ondan ki, beynəlxalq birlik və ya beynəlxalq ictimaiyyət dediyimiz şey əslində beynəlxalq siyasət və ya beynəlxalq hüquq qədər amorf və qurma (sosial inşaetmə) bir nəsnədir. Özü özlüyündə mövcud deyil. Zaman-zaman ortaya çıxır və yalnız (!) hansısa böyük gücün başını çəkdiyi bir prosesə çevrilir. Məsəl üçün, Bill Klinton 1999-cu ildə Kosovoya (və Serbiyaya) hərbi müdaxilə qərarı verməsəydi müsəlmanların Serblər tərəfindən qətledilməsinin qarşısını almaq mümkün olmayacaqdı. Yəni “beynəlxalq ictimaiyyətin” hərəkətə gəlməsinin əsas səbəbəi (və göstəricisi) ABŞ-ın verdiyi qərar idi. Sonradan ABŞ NATO simasında özünə partnyor tapdı, çünki Amerikalılar təktərəfli müdaxilələrin öz ölkələrinin böyüklüyünə kölgə salacağını düşünür hər zaman.
“Dünya lideriyik, amma dünya polisi olmaq istəmirik” mesajıdır bu.
Amma yenə də istənilən halda humanitar faciələrdə ABŞ-ın müdaxiləsi bir qlobal liderlik məsələsi və həm də bu liderliyin verdiyi prestiji qorumaq məsələsidir.
Çox maraqlıdır ki, bugün Səudiyyə Ərəbistanının Xarici İşlər Naziri Saud al-Faisal dedi ki, “Suriya rejimi öz zülmkarlığı ilə bütün həddləri aşıb. Artıq beynəlxalq ictimaiyyətin öz məsuliyyətini yerinə yetirmək və bu, üçüncü ilinə qədəm qoymuş faciəyə son qoymaq vaxtdır”. Təbii ki beynəlxalq ictimaiyyət deyəndə al-Faisal Amerika və onun müttəfiqlərini nəzərdə tutur.
Amma Amerikanın bir ölkəyə müdaxilə etməsi üçün bu yetərli əsasdırmı? Çünki Suriya məsələsinə gəldikdə ABŞ-ın əlləri bağlı idi. Əfqanıstan və İraq hərbi müdaxiləsi və ölkədəki iqtisadi böhran bu günə qədər müdaxilə etməməsinin əsas səbəblərindəndi.
Lakin burada çox önəmli bir səbəb də ortaya çıxır. Həm Əfqanıstan həm də İraq savaşı ABŞ-ın yeni dünyada savaş açdığı iki düşmənlə bağlıdı - terrorism və Kütləvi Qırğın Silahları. Bu ikisinin birləşməsi isə ABŞ-ın qorxulu yuxusudur. 2001-ci ildən başlayaraq ABŞ-ın təhlükəsizliyi əksər hallarda bu iki məfhum üzərinə köklənir. Hətta bunun üçün ABŞ yeni nazirlik belə yaratdı – Milli Təhlükəsizlik Nazirliyi (Department of Homeland Security). Bu qurum Mərkəzi Kəşfiyyat Agentliyi və Federal Təhqiqatlar Bürosunun bəzi səlahiyyətlərini özündə birləşdirdi və ölkə daxilində daha çox nəzarət və əks-kəşfiyyat işləri görməyə başladı.

ÜST- ÜSTƏ DÜŞƏN MARAQLAR
ABŞ prezidenti Barak Obama
ABŞ prezidenti Barak Obama
Amerika hökumətinin kabusu, terroristlərin kütləvi qırğın silahına sahib olmasıdır. Keçən həftə Obama Amerikanın və müttəfiqlərinin milli təhlükəsizlik maraqları haqqında danışanda çox ciddi idi. Yəni məsələ artıq Amerika dövləti ilə bağlı olan məsələdir. Obamanın daha əvvəl çizdiyi “qırmızı xətt” artıq keçilmişdir və “söz ağızdan çıxdığı üçün” Amerika bu sözün arxasında durmalıdır.
Suriya dövləti Kimyəvi Silahların Qadağan Olunması Konvensiyasını (KSQK) imzalamayıb. Bu nə deməkdir? Bu o deməkdir ki, Suriya dövlət olaraq öz üzərinə kimyəvi silahları istehsal etmək, digər dövlətə və ya şəxslərə ötürmək və eləcə də istifadə etməmək öhdəliyi götürməyib. Və əslində keçən ildən başlayaraq Suriyada həm iqtidar həm də müxalifət qüvvələrinin bu silahlardan istifadə etdiyi barədə xəbərlər gəlir. İstifadə edilən silahlar arasında ən çox adı çəkilən zarindir ki, o da KSQK tərəfindən qadağan olunub.
Dolayısıyla, iki məsələ çox önəmlidi ABŞ üçün: 1) dünya liderliyini yenidən sübut etmək – çünki insanlar artıq öyrəşib ki ya Amerika ya da NATO müdaxilə edib insan faciəsnin qarşısını alacaq. 2) KQS üstəgəl terrorizm – burada Amerika dərhal hərəkətə keçir.
Və görünən odur ki, bunlar üst-üstə düşdü.
Amma ABŞ sanki hələ də tərəddüddədir. Obama nə qədər də özünə güvənən imici yaratsa da, əslində tarixdə yeni bir savaş başladan insan kimi qalmaq istəmir. Ona görə “məhdud və dar” müdaxilə haqqında danışır. Bu variantın isə sonu o qədər də aydın görünmür hələ.
Hələlik isə hamı sentyabrın 9-da Konqresin də öz sözünü deyəcəyini gözləyir.

Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir
XS
SM
MD
LG