Keçid linkləri

Təcili xəbərlər

Azərbaycanda media azadlığı böhranı


Rebecca Vincent
Rebecca Vincent
-
Bu həftə, iyulun 22-də Azərbaycan özünün Milli Mətbuat Gününü qeyd etdi. Diqqəti ən çox çəkən hökumətin say-seçmə jurnalistlərə 156 mənzili pulsuz hədiyyə etməsi idi. Mən bu hərəkətin arxasında duran niyyətlər barədə narahatlığı bölüşsəm də, bu yazımda ölkədə media azadlığının böhran həddinə çatmış durumu barədə daha geniş məsələlərə toxunmaq istəyirəm. Toxunacağım məsələlər, əsasən ənənəvi çap və yayın mediası ilə bağlıdır. İnternet azadlığı barədə gələcək yazılarımdan birində söz açacağam.
Azərbaycanda medianın və əlbəttə, geniş miqyasda ifadə azadlığının və insan haqlarının hazırkı vəziyyəti narahatedicidir və illərdir, pisləşməkdə davam edir. Reportyorların Azadlığı və Təhlükəsizliyi İnstitutunun (Institute for Reporters’ Freedom and Safety - IRFS) və Media Haqları İnstitutunun (Media Rights Institute - MRI) məlumatlarından görünən budur ki, hökumət tənqidin bütün formalarına qarşı dözümsüzləşir və ölkənin olan-qalan müstəqil mediasını susdurmağa çalışır.
JURNALİSTLƏRƏ QARŞI ZORAKILIQ
Tənqidi jurnalistləri və media qurumlarını susdurmaq üçün geniş taktikadan istifadə olunur. Əlbəttə ən narahatedicisi budur ki, jurnalistlərə qarşı zorakılıqlar və onlara hücum edənlər barəsində cəzasızlıq davam edir. İRFS məlumat verir ki, “Monitor” jurnalının redaktoru Elmar Hüseynovun qətlə yetirildiyi 2005-ci ilin martından bəri, jurnalistlərə qarşı 200-dən çox zorakılıq halları və hətta bir ölüm halı – 2011-ci ilin noyabrında yazıçı Rafiq Tağının qətli baş verib. Əslində bu işlərin heç birinə dair hökumət tərəfindən diqqətli, qərəzsiz təhqiqat aparılmayıb, hücumları planlaşdıran və həyata keçirənlər mühakimə edilməyiblər.
Bu hücumlardan çoxu “iş başında” – yəni jurnalist hadisəni təhqiq edərkən və ya etiraz aksiyalarını və ya məhkəmələrin işini işıqlandırarkən baş verir. 2012-ci ilin aprelində evlərin sökülməsini videoya çəkən jurnalist İdrak Abbasova Dövlət Neft Şirkətinin işçiləri tərəfindən hücum edilməsi buna misaldır. Başqa hallar ayrı-ayrı şəxslərin seçilərək hədəflənməsi ilə bağlıdır. Bunlara misal olaraq “Azadlıq” qəzetinin əməkdaşları Seymur Həzinin və Ramin Dekonun 2011-ci ildə oğurlanması və döyülməsini göstərmək olar.
JURNALİSTLƏRİN MƏHBUS EDİLMƏSİ
Azərbaycanda jurnalistlər tez-tez məhbus edilir. 2007-ci ildə həbsxanadakı jurnalistlərin sayı 10-a çatanda ölkə, “jurnalistlərin ATƏT regionundakı ən böyük məhbəsçisi” adı ilə damğalanmışdı. İndi, üstündən 6 il keçəndən sonra da həbsdə və həbsxanada olan jurnalistlərin sayı həmin rəqəmə yaxın olaraq qalır.
Dəyişən yalnız jurnalistləri həbsxanaya atmaq üçün işlədilən ittihamlardır. Əvvəlki illərdə olduğu kimi indi onları böhtanda və peşələri ilə bağlı başqa qanunsuzluqlarda ittiham etmirlər. İndi jurnalıstlər peşə fəaliyyətlərinə aid olmayan xuliqanlıq, narkotik maddə və silah saxlamaq kimi iddialarla ittiham olunurlar. Bu ittihamların tələb etiyi cəzalar isə daha ağırdır. Son dəfə mühakimə olunmuş iki jurnalistə 8 il və 9 il iş kəsilib.
İRFS xəbər verir ki, hazırda Azərbaycanda həbsdə və həbsxanada olan 7 jurnalist var: azadzxeber.net saytının baş redaktoru Nicat Əliyev, xeber44.com saytının redaktoru Araz Quliyev, müstəqil jurnalist Fuad Hüseynov, Tolishi Sado qəzetinin baş redaktoru Hilal Məmmədov, müstəqil jutrnalist Fərəməz Novruzoğlu, “Yeni Müsavat” qəzetinin müxbiri Tofiq Yaqublu və Xural qəzetinin baş redaktoru Əvəz Zeynallı. Bura hələ özünün ifadə azadlığı haqqından istifadə etdiyi üçün həbsxanaya salınmış çox sayda bloger, insan haqları müdafiəçisi, vətəndaş cəmiyyəti və siyasi fəallar daxil deyil.
BÖHTAN ÜZRƏ MƏHKƏMƏ İŞLƏRİ VƏ İQTİSADİ TƏZYİQ
Tənqidi jurnalistlərin və media qurumlarının susdurulması üçün daha bir taktika böhtanla bağlı iddialardan aşırı istifadə olunmasıdır. Belə məhkəmə iddialarını adətən, fövqəladə hallar naziri Kəmaləddin Heydərov, nəqliyyat naziri Ziya Məmmədovun oğlu Anar Məmmədov kimi rəsmilər və onların qohumları qaldırırlar. Yeri gəlmişkən, sonuncunun adı İRFS-in 2012-ci il üçün hesabatında “ifadə azadlığını ən çox pozanların” arasında çəkilir. Bu kimi iddialarla son vaxtlarda ən çox Azadlıq və Yeni Müsavat qəzetlərinin əməkdaşları və bu qəzetlərlə bağlı olan şəxslər üzləşiblıər. MRİ-nin məlumatına görə 2013-cü ilin birinci yarısında jurnalistlərə və media qurumlarına qarşı 36 məhkəmə iddiası qaldırılıb.
Böhtan iddiaları ilə keçirilən mühakimələrdə təyin edilən cərimələr o qədər böyükdür ki, qəzetlər üçün ciddi maliyyə problem yaradır. Böhtanla bağlı məhkəmənin qərarı ilə Bakı Metropoliteninin başçısı Tağı Əhmədova 30 min manat borclu olduğuna görə “Azadlıq” qəzetinin bank hesabı iki ay müddətinə bağlanıb. “Azadlıq” qəzeti bir neçə dəfə bağlanmağa məcbur ola biləcəyini elan etsə də, indiyədək sağ qala bilib.
Lakin böhtanla bağlı məhkəmə işlərindən cərimələr qəzetlərin üzləşdiyi iqtisadi təzyiq formalarından yalnız bididir. Dövlət ölkənin bir çox nəşr və yayım müəssisələrinə nəzarət edir və dövlətin rəğbətində olmayanlar isə öz maliyyə çətinliklərinə görə “Azadlıq” qəzetinə 40 min manat borcunu verə bilməməklə qəzet üçün çıxılmaz vəziyyət yaratmış “Qasid” firması kimi sağ qalmaq üçün çəlləşir.
CƏZASIZLIQ VƏ QORXU MÜHİTİ
Müstəqil mediaya qarşı bu və digər tədbirlərin görülməsi, tənqidi səsləri boğmaq istəyənlər üçün tam cəzasızlıq və media icması üçünsə qorxu mühiti yaradır. Azərbaycanda şəxsi həyatı üçün çox riskli təhqiqat jurnaliszmi ilə məşğul olmaq istəyən çox az jurnalist qalıb. Özünüsenzura geniş yayılıb və indi ölkədə media azadlığı problemlərinin ən böyüyünə çevrilib. Belə senzuranı sezmək və həll etmək daha açıq senzuradan xeyli çətindir.
Müstəqil medianı məhdudlaşdırmaq cəhdləri təkcə ölkə daxilindəki mətbuata şamil edilmir. Ötən həftə bəlli oldu ki, AzadlıqRadiosunu, MeydanTV-ni və “Azərbaycan saatını” yayınlayan peyklərin işinə bilərəkdən müdaxilə olunub. Belə görünür ki, bu yayınçılar Azərbaycana xəbərlərin alternativ təhlilini gətirməklə boşluğu doldurduqları üçün hədəflənib. Yayınların işinə bilərəkdən müdaxilə “siqnalların boğulması” adlanır ki, bu da beynəlxalq telekommunikasiya qaydalarına və insan haqları qanunlarına ziddir.
Ölkədə media azadlığının olmaması təkcə siyasi məsələ deyil, bu, Azərbaycanlıların hamısına aid bir məsələdir və ona bu cür də baxılmalıdır. Hadisələrin yalnız bir verisyasının, yeganə siyasi baxışın geniş yayınlanması ilə hakimiyyət müxtəlif informasiyaları, ideyaları və rəyləri almalı və öz nəticələrini çıxarmalı olan əhaliyə ciddi ziyan vurur.
Mənzil payı verərək, jurnalistləri “vətənpərvər” olmağın – yəni hökuməti tənqid etməməyin mənfəətlərinə inandırmaqdansa, hakimiyyət media azadlığı və başqa insan haqlarına qarşı geniş və sistematik hücumlarını dayandırmalı, elə bir mühitin yaranmasına imkan verməlidir ki, bütün Azərbaycanlıların geniş çeşidli informasiyaya çıxışları olsun və onlar qorxusuz və qisas xofu olmadan öz ideya və fikirlərini azad səsləndirə bilsinlər.

Rebecca Vincent İnsan Haqları Klubunun Demokratiya Sənəti kampaniyasının müvəkkil direktorudur və müstəqil qaydada başqa beynəlxalq və Azərbaycan QHT-ləri üçün işləyir. O, mütəmadi olaraq AzadlıqRadiosu, «Al Jazeera»nin ingilisdilli kanalı və Xarici Siyasət Mərkəzi (Foreign Policy Centre) də daxil media üçün Azərbaycanda insan haqları məsələləri barədə yazır.

Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir.
XS
SM
MD
LG