-
Yetərli müşahidə təcrübəsi olanlar növbəti prezident seçkisinin azad və ədalətli qaydada baş tutacağına şübhə edirlər. İlin əvvəlindən bəri siyasi təşkilatlara, media və vətəndaş cəmiyyətinə basqılarını artıran iqtidar da keçmiş seçki təcrübələrini təkrarlamaq niyyətini gizlətmir.
Bu halda seçki ssenarisini asanlıqla təsəvvürə gətirmək olur: Əvvəlki illərin təcrübələrinə dayanaraq, hakim siyasi qüvvə seçki prosesinə vahid namizədlə, yəni ölkə başçısı İlham Əliyevin liderliyi ilə qoşulur və siyasi durum olduğu kimi saxlanılır. Siyasi azadlıqların boğulması avqustun sonunadək sürür. Ən yaxşı halda seçki kampaniyası dönəmində dinc toplantılara şəhər kənarında yerlər, İctimai TV-də də namizədlərə cüzi efir vaxtı ayrılır. Nəhayət, seçki günü hakim siyasi qüvvə seçicilərin səsvermədə dəfələrlə iştirakını və inzibati resurslardan istifadəni təşkil etməklə Əliyevin «qələbəsini» təmin etməyə çalışır. Çox güman, bu dəfə MSK 2008-ci ildəki alternativsiz seçkidən fərqli olaraq, qalib namizədin səslərini 88 faizə çatdırmaqdan çəkinəcək.
Bütün hallarda hakimiyyətə qarşı üç yeni maneə var və bunları indiki şərtlər daxilində ciddiyə almamaq yanlış davranış sayılar.
Birinci maneə: İlham Əliyevin namizədliyi üçüncü dəfə irəli sürüləcək və Azərbaycanın adı Avropada «bir şəxsin üçüncü dəfə prezidentliyi» təcrübəsini yaşamış Rusiya və Belarusla bir sırada çəkiləcək. Beləcə, Əliyevin ünvanına səslənən ən ciddi ittiham atası ilə birgə 20 illik avtoritar hakimiyyət yaratması və daha bir beşilliyə hazırlaşması olacaq.
İkinci maneə: İqtidar öz namizədini seçkinin ilk turunda qalib elan edib-etməməyi düşünəcək. Son 9 ilin seçki statistikasına əsasən, İlham Əliyevin ciddi opponentə seçkilərin birinci turunda qalib gəlmək şansı indi zəifdir. Bu məsələyə daha sonra ayrıca toxunacağıq.
Üçüncü maneə: Sosial mediadan – İnternetdən (vətəndaş jurnalistikasından) yararlananlar son 3 ildə sayca çoxaldığından seçki saxtakarlıqlarının aşkarlanması, yerli və beynəlxalq ictimaiyyətə çatdırılması imkanları xeyli artıb.
İQTİDARIN 2-Cİ TUR «TƏHLÜKƏSİ»
15 oktyabr 2003-cü ilin rəsmi rəqəmlərinə görə, İlham Əliyev seçicilərin 77 faizinin səsini qazanmaqla ən yüksək göstərici əldə edib. Ancaq elə həmin seçkidə minlərcə məntəqədə baş verən qanun pozuntuları barədə məlumatların yayılması seçki sonuclarından şübhələnməyə əsas yaratdı. Məntiq baxımından seçicilərin 77 faizinin səsini «qazanmış» siyasi qüvvəyə seçki günü kütləvi qanun pozuntularına rəvac vermək gərək deyildi. Ancaq bu baş verdi; bununla da həm İlham Əliyevin, həm də onun əsas rəqibi İsa Qəmbərin ölkə üzrə seçici səslərinin 50 faizindən çoxunu əldə etməsi barədə hüquqi mübahisənin şahidi olmadıq. Təəssüf ki, həmin seçkidən dərhal sonra hüquqi araşdırmalar deyil, siyasi ritorika işə düşdü və pozuntular hüquqi qiymətini almadı. Əslində isə 2003-cü ildə ya seçkilər etibarsız sayılıb yenidən keçirilməli, ya da pozuntuların az sayda qeydə alındığı seçki məntəqələrinin protokolları əsasında ikinci tur baş tutmalıydı.
İqtidarın reytinqinə dair nisbətən etibarlı nəticə 2005-ci ildə keçirilmiş parlament seçkilərində qeydə alındı. Həmin seçkilərin yekunları üzrə MSK-nın elan etdiyi rəqəmlərə görə, YAP seçki bloku digər əsas müxalif bloklardan («Azadlıq», Yeni Siyasət və Liberal Partiyası) daha çox (təxminən 450 min seçici) etibarlı seçici səsi toplasa da, bu ölkə üzrə ümumi seçici sayının (1 milyon 974 min 36 seçici səsverməyə qatılıb) cəmi 23 faizi idi. Əlbəttə, kimsə İlham Əliyev və YAP-ın 2003-cü və 2005-ci il seçkilərindən sonra reytinqinin daha da yüksəldiyini iddia edə bilər. Ancaq əlimizdə etibarlı sorğu nəticələri olmadığından 2013-cü ilin oktyabrında ciddi seçki yarışı olarsa, qalibin ilk turda müəyyən edilməsi gözlənilmir.
MÜXALİFƏTİN TOPARLANMAQ İMKANLARI
Müxalif düşərgədə vahid namizəd məsələsi əsas problem, bəzi hallarda ciddi çatışmazlıq sayılır. Əslində isə müxalif düşərgədə bundan daha önəmli çatışmazlıqlar diqqət çəkir.
Birinci çatışmazlıq: İndi institusional baxımdan, iqtidardan başqa heç bir siyasi qüvvə təkbaşına hakimiyyətə gəlmək bir yana, heç hakimiyyət uğrunda seçki kampaniyası aparmaq imkanında deyil. Bu baxımdan maddi-texniki və sosial resursların müəyyənləşdirilməsi, seçkiyə qatılacaq könüllülərdən (təbliğatçı, müşahidəçi, məşvərətçi səsli nümayəndələrdən) ibarət qərargahların yaradılması yubadılır. Siyasi komanda və platformanın müəyyən edilməsi, aralıq və ya illik dönəm üçün konsepsiyaların müzakirəsi müşahidə edilmir. Deməli, ciddi şəkildə birləşməyən-bütünləşməyən və təmərküzləşməyən qüvvələrin vahid namizəd ətrafında tələsik və zərif birliyi səmərə verməyə bilər.
İkinci çatışmazlıq: Hər bir siyasi qüvvə və ya qrup üçün vahid seçki koalisiyasına qoşulmaq imkanı (şərtləri) və qoşulduqdan sonra vəzifələri (öhdəliklər) öncədən aydın olmalıdır.
Üçüncü çatışmazlıq: Belə bir siyasi qüvvənin idarə olunmasında cəmiyyətin iştirak imkanları nəzərdə tutulmalı, gələcək siyasi hakimiyyətə cəmiyyətin şəriklik dərəcəsi bilinməlidir.
Dördüncü çatışmazlıq: Bu koalisiyanın ölkədə demokratik seçki mühiti ilə bağlı fəaliyyət proqramı bəlli olmalıdır.
BİGANƏ ELEKTORAT
Ölkədə rəsmi qeydiyyatda təxminən 5 milyon seçici olsa da, alternativ hesablamalara görə, ən rəqabətli keçən seçkilərdə (2003-cü il prezident və 2005-ci il parlament) seçici fəallığı 40-50 faiz arası olub. Bu göstərici 2010-cu ildə 25 faizədək azalıb. Hazırda seçimlərdə fəal olanların sayını 1,5-2 milyon civarında təxmin etmək olar. Təbii ki, daxili miqrasiya və xaricdə yaşayan işçi immiqrantlar seçkilərə qoşulmayan əhəmiyyətli çoxluqdur. Əslində etiraf etməliyik ki, seçkilər artıq ictimai-siyasi hadisə kimi cəlbedici və maraqlı prosesə çevrilmir. Ancaq keçid dövrünü yaşayan postsovet ölkələrində ədalətli seçkilər üçün başlıca şərt seçici fəallığı olub. Bu amil seçki pozuntularına qarşı ən mükəmməl vasitə sayılıb (2003-cü il Gürcüstan parlament seçkiləri – 60 faiz, 2004-cü il Ukrayna prezident seçkiləri – 74 faiz, 2005-ci il Qırğızıstan parlament seçkiləri – 75 faiz, 2009-cu il Moldova parlament seçkiləri – 58 faiz).
BEYNƏLXALQ DİQQƏT
Azərbaycanda keçiriləcək növbəti prezident seçkisi ilə bağlı ciddi müzakirə mövzularından biri beynəlxalq birliyin seçkilərə verəcəyi önəmdir.
Rusiya, adətən, ATƏT və Avropa Şurasında üstün mövqeyindən yararlanır, postsovet ölkələri rəhbərləri ilə xırda umu-küsüləri olsa da, seçkilərdə hakim siyasi elitaları dəstəkləyir. Azərbaycan da istisna deyil və Rusiya bu seçkilərdə iqtidarın potensial havadarı kimi qalacaq.
ABŞ Azərbaycanda hakimiyyətə siyasi təzyiqlərini daha çox «səssiz diplomatiya» səviyyəsində gerçəkləşdirir. Ümumiyyətlə, Ukrayna və Gürcüstan seçkilərinin təcrübəsi göstərdi ki, ABŞ-ın seçki prosesinə töhfəsi yerli siyasi hərəkatların səviyyəsinə görə dəyişir; vətəndaşların üzündən itaətsizlik oxunanda etirazçıların, qorxu yağanda iqtidarların yanında olur.
Almaniya, Böyük Britaniya və Fransa növbəti seçkilərlə bağlı daha çox ABŞ və Rusiyanın addımlarını izləyəcək. Türkiyə hökuməti, əksər seçkilərdə olduğu kimi, bu dəfə də seçki prosesinə bir qədər biganə qalacaq. Bu ölkədə təkcə siyasətçilər deyil, hökumətin total nəzarətində olan media da, adətən, Azərbaycanın daxili işlərinə «burun soxmamaq» xətti tutur.
MİNİMUM GÖZLƏNTİ
Bəs yuxarıda açıqlanan şərtlər daxilində cəmiyyət üçün ən ideal seçki nəticəsi nə ola bilər? Son illər keçirilən sorğular göstərir ki, cəmiyyətdə sosial-iqtisadi şəraitin yaxşılaşması ilə bağlı istəklər seçkidə əsas gözləntidir. Yəni, seçki prosesinin ədalətli və azad qaydada baş tutması, siyasi azadlıqların boğulması və siyasi repressiya heç də bütün sosial qruplar üçün aktual deyil. Ancaq qarşıdakı seçki yarışı sosial-iqtisadi dəyişiklikləri milli müzakirəyə çevirmək, bununla da seçkinin hüquqi xarakteri, legitimliyi və nəhayət, siyasi azadlıqlara ictimai ehtiyacı gündəmə daşımaq üçün unikal vasitə ola bilər.
Siyasi hakimiyyət son 20 ildə ilk dəfə mənəvi-siyasi üstünlüyünü itirib və iqtidar növbəti 5 ildə hakimiyyəti saxlamaqdan ötrü ciddi «əsaslandırma»ya ehtiyac duyur. Bu baxımdan müzakirələr tədricən hakimiyyətin necə əldə olunmasına deyil, nə üçün saxlanılmasına yönələ bilər. İqtidarın ciddi siyasi opponentlə üzləşməsi seçkisonrası üçün legitimliklə bağlı ciddi qınaqla üzləşmə ehtimalını da artırır. Bu, 7 illik bir fasilədən sonra alternativ siyasi güc mərkəzlərinin yaranmasına, ölkədə siyasi dinamizmin bərpasına rəvac verəcək.
Nəhayət, növbəti seçkinin ən önəmli töhfəsi uzun illərdən sonra seçicilərin siyasi proseslərə marağının yaranması, hakimiyyətin dəyişiləcəyinə və alternativ siyasi düşüncəyə inamın bərpası ola bilər. Bir sözlə, bu seçki ciddi siyasi rəqabət yaşadarsa və dinc şəraitdə keçirilərsə, ən azı, ölkədə siyasi süstlüyün sonu, yeni siyasi münasibətlərin başlanğıcı sayılacaq.

Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir.