Keçid linkləri

Təcili xəbərlər

Mətbuatın caniyə «cani» demək hüququ


«The Sunday Times»
«The Sunday Times»
-
Qatil «qatil», oğru «oğru», rüşvətxor «rüşvətxor» olduğunu eşitmək və oxumaq istəmir.

Qatil qatilliyindən, oğru oğruluğundan, rüşvətxor rüşvətxorluğundan utanmır, amma «oğru», «qatil», «rüşvətxor» adlandırılmağından utanır. Daha doğrusu, utanmır, qəzəblənir.

Hər il onlarca jurnalistin təqib olunması, qətlə yetirilməsi, şikəst və rüsvay edilməsinin başlıca səbəbi də budur.

Hər il onlarca jurnalistin «şərəf və ləyaqətin» təhqiri üçün məhkəmələrdə süründürülməsinin, ağır cərimələr ödəməsinin və hətta həbsxanaya girməsinin də səbəbi budur.

«ŞƏRƏF VƏ LƏYAQƏT»

Bu da bir həqiqətdir ki, məhkəmələr çox vaxt şərəf və ləyaqəti olmayanların «şərəf və ləyaqətini» qorumalı olur. Bu məhkəmələrdə həmin bu «şərəf və ləyaqət»in cərimələr şəklində konkret pul qiyməti var. Oğurlanan və rüşvət alınan, fəqət qədəri bilinməyən pul kimi...

Bu günlərdə mətbuat qanunlarının sərtliyinə, yəni əsasən jurnalisti cəzalandırmaq qabiliyyətinə görə yaxşı tanınan Britaniya məhkəməsi misligörünməmiş qərar çıxarıb.

Məşhur «The Sunday Times» qəzetinə quldura «quldur» demək icazəsi verilib.

Qəzet 2010-cu il saylarından birində David Hunt adlı birisini cinayətkar şəbəkəyə rəhbərlikdə ittiham etmişdi. Həmin bu David Hunt da qəzeti «şərəf və ləyaqətinin» alçaldılması üçün məhkəməyə vermişdi.
Foto: Arxiv
Foto: Arxiv


POLİSDƏN CƏSARƏTLİ JURNALİSTİKA

Amma Britaniya hakimi Britaniya ədliyyəsi üçün misligörünməmiş bir hökm verdi. O qədər misligörünməmiş hökm ki, bu barədə bu gün az qala bütün Britaniya mətbuatı yazır.

Hakim – cənab Ədalət Saymon (bu, aşıq Ədalət və ya Ədalət Şükürovdeyil. Britaniyada hörmət əlaməti olaraq hakimlərin adlarının əvvəlinə əlavə olunan tituldur) iddiaçıya açıq-aşkar bildirdi ki, onun həqiqətən də «şərəf və ləyaqəti» yoxdur.

Hakim təhqiqatçı-jurnalist Michael Gillard-ı zəhmətinə və mərdliyinə görə təriflədi və belə dedi:

«Mən bu nəticəyə gəlmişəm ki, cənab Gillard-ın iddiaçını zorakı və qorxulu cinayətkar, qətl, narkotik maddələrin nəqli və fırıldaqçılıq kimi əməllərə bulaşmış mütəşəkkil cinayətkar şəbəkənin lideri adlandırması üçün kifayət qədər əsası olub».

«The Sunday Times» qəzetinin redaktor əvəzi Martin Ivens deyib ki, Londonda məşhur kriminal avtoritetə qarşı bu bahalı və riskli məhkəmə qələbəsi Michael Gillard-ın və bir neçə şahidin igidliyi nəticəsində mümkün olub.

Redaktor bildirib ki, jurnalist hakimiyyət orqanlarının 20 ildə edə bilmədiyini edib.
Cənab Hunt-ın öz adını «təmizləmək» cəhdi, əksinə, onun qaranlıq
Foto: Arxiv
Foto: Arxiv
keçmişinə, hələ 20 yaşlarında ikən «Snayperlər» adlanan kriminal qrupda cinayətkar əməllərə qoşulmasına işıq salıb.

QULDURDUR, QULDURBAŞI DEYİL

Maraqlıdır ki, jurnalist Gillard məqaləsini polis sənədləri əsasında yazıb. Bu sənədlərdən birində bələdiyyə polisi yerli icra hakimiyyətinə yazırdı ki, David Hunt-ın cinayətləri, sifarişli qətlləri törətmək və maliyyələşdirmək üçün imkanları və motivləri var.

Polis bunları bilə-bilə heç nə edə bilmirdi.

Hakim hökmü oxuyarkən jurnalistin mərdlikdən başqa, səriştəli olmasını və həssas informasiya ilə işləmək qabiliyyətini tərifləyib.

Lakin hakim bunu da qeyd edib ki, «The Sunday Times» Hunt-ın mütəşəkkil cinayətkar qrupun başçısı olduğunu sübuta yetirə bilməyib. Başqa sözlərlə, Hunt quldurdur, lakin onun quldurbaşı olduğunu isbat etmək mümkün deyil. Bu da tam təbiidir.

Çox vaxt «şərəf və ləyaqətini» təmizləməyə can atanların «şərəf və ləyaqəti» qorumaqda pərgar olan vəkilləri var. «Şərəf və ləyaqətlə» qazanıldığına şübhə olan puluna minnət.
XS
SM
MD
LG