Keçid linkləri

Təcili xəbərlər

O, öz vədini niyə unutdu?


İ. Əliyevin andiçmə mərasimi, 2008-ci il
İ. Əliyevin andiçmə mərasimi, 2008-ci il
-

ZAMAN DA YARALARI SAĞALTMIR…

İ. Əliyevin öz partiyasının qurultayındakı siyasi məruzəsi «qara PR» elementləri ilə o qədər zəngin oldu ki, siyasi təhlilçilər onu «qara ritorika» adlandırmaqdan özlərini saxlaya bilmədilər.

Belə bir misal var ki, zaman özü yaraları sağaldır. Bu məntiqlə görəsən elə bir vaxt gələcəkmi ki, bu ölkədə rəqib haqqında rəqib kimi danışacaqlar?

Bir neçə gündür ki, Türkiyədəki prosesləri izləyirik. Prezident A. Gul rəqiblər haqqında danışanda siyasi mədəniyyətin çərçivələrindən azacıq da olsa kənara çıxmağa cəhd etmədi. Düzdür, baş nazir R.T. Erdogan öz fantaziyasına daha çox meydan verdi, amma onun da çıxışlarında «naftalin» söhbətini, «milli xəyanətkarlar» ifadəsini eşitmədik.

Hətta ola bilsin ki, Türkiyədə də belə ifadələr olmadan keçinə bilməyəcəklər, əsəbləri cilovlamaq çətin olacaq. Amma nə olar, Azərbaycan tək mahnı festivalında birinci olmasın, həm də siyasi ritorikaların, çıxış və məruzələrin mədəniliyinə görə seçilsin! Çətindirmi?

ATA G. BUSH B. CLİNTON-A NƏ DEMİŞDİ?

Başa düşürük, bu, siyasətdir, siyasi texnologiyadır. Heç yadımdan çıxmaz, ata G. Bush vaxtilə B. Clinton-la teledebatda demişdi ki, mənim itim xarici siyasəti bu adamdan daha yaxşı bilir!

Siyasətdə belə şeylər olur. Hətta özüm də Amerikada bunun şahidi olmuşam. Hyustonda mer seçkiləri idi. Bizi qaradərili namizədin seçki kampaniyasına aparmışdılar. O vaxt həmin namizədin dediyi sözlər hələ də yadımda qalıb. O, deyirdi ki, kərtənkələlər bizim qələbəmizi oğurlamaq istəyir….

Bunları niyə deyirik? Bir daha qeyd edirik ki, siyasətdə çox şey ola bilər. Amma Amerikada Bin Laden-dən elə danışırdılar ki, dərhal başa düşürdün ki, söhbət tutaq ki, Demokratlar Partiyasının liderindən yox, terrorçu Bin Laden-dən gedir!..

«QIRMIZI XƏTT» SİLİNƏNDƏ…

Amma İ. Əliyevin çıxışından anlamaq olmur ki, o, S. Sargsyan haqqında danışır, yoxsa ölkə müxalifəti haqqında? Doğrudanmı S. Sargsyan-la Azərbaycan müxalifəti arasında elə bir fərq yoxdur? Bunun səbəbini yalnız bir amillə izah etmək olar: hakimiyyət müxalifətə münasibətində çoxdan «qırmızı xətt»i keçib, onunla düşmənçilik edir, ona görə də ondan da belə bir reaksiya gözləyir, düşünür ki, müxalifət də onlara lap milli düşmən kimi baxır! Amma həqiqətdə belədirmi? Güman etmirik… Sadəcə, siyasətin də bir qanunu var: əgər müxalifətə qarşı bütün üsulları məqbul hesab edirsənsə, onda bir gün elə bir müxalifətlə üzləşəcəksən ki, o, da sənə qarşı bütün üsulları məqbul hesab edəcək! «Qırmızı xətt»in itirilməsi, silinməsi elə bu deməkdir.

GƏNCLƏRİN QOCALARDAN BİR ÜSTÜNLÜYÜ…

H. Əliyevin siyasətindəki bəzi çalarları başa düşmək olardı. O, nə qədər desəydi ki, hamıdan əvvəl demokrat olub, həmişə aşkarlığa çalışıb, bunları inandırıcı hesab etmək çətin idi, çünki onun həyatında totalitar idarəçiliyin yarım əsrlik təcrübəsi vardı! O, hətta istəsəydi belə yarım əsrlik vərdişlərindən qurtula bilməzdi, çünki o, belə görmüşdü, belə öyrənmişdi…

İ. Əliyev isə cavan idi, elə indi də cavandır. O, prezident olanda bəziləri özünü inandırmağa çalışırdı ki, daha cavan olan İ. Əliyevin siyasətində H. Əliyevdə rast gəlinən bir sıra avtoritar vərdişlər olmayacaq, ona görə ki, o, kommunist nomenklaturasının nümayəndəsi, necə deyərlər, partokrat deyildi, sovetlər vaxtında özünün iddia etdiyi kimi, siyasətlə deyil, bizneslə məşğul olmuşdu…

Amma prezidentliyi dövründə İ. Əliyev bu cür düşünən insanların hamısını məyus etdi, məlum oldu ki, onun siyasət, siyasi rəqabət və siyasi idarəçilik haqqındakı təsəvvürləri sovet məmuru olmuş R. Mehdiyevin fikirlərindən qətiyyən fərqlənmir.

O, tez bir zamanda öz vədlərini unutdu. Birinci dəfə prezident olarkən hamının prezidenti olacağını demişdi. İndi nə oldu? Nə baş verdi? Bəlkə bu haqda yazmaq artıq gecdir, çünki İ. Əliyev ona ayrılan vaxtı öz yaxınlarının prezidenti olmağa sərf etdi…

İ. ƏLİYEV NƏ EDƏ BİLƏRDİ?

İndi də bir prezident kimi ondan böyük bir şey tələb olunmur. Daha yaxşı olardı ki, o, dünyanın məntiqi ilə hesablaşsın, iki dəfəlik məhdudiyyəti bərpa etsin. Əgər bunu da etmirsə heç olmasa, azad və demokratik seçki keçirsin.

Azad və demokratik seçkidə sübut etsin ki, o, həqiqətən də üçüncü dəfə prezident olmağa layiqdir. Bu da çətindirmi?

Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir

Ən son yazılan

XS
SM
MD
LG