Keçid linkləri

Təcili xəbərlər

Hətta səkkiz namizəd olsa belə…


İranda pezidentliyə namizədlər
İranda pezidentliyə namizədlər
-

İranda iyunun 14-də baş tutacaq prezident seçkiləri ətrafında böyük siyasi ümidlər qurulmasa da dünya mediası hər halda ona biganə də deyil. Əslində bir məsələ hamıya aydındır: kənardan təsir olmadan ölkənin ciddi dəyişikliklərə doğru addımlaması, siyasi həyatın tam sekulyarlaşması bir o qədər də ehtimallı deyil, ölkənin öz içində belə dəyişikliklərə apara biləcək potensial hələ ki yoxdur və yaxud da olduqca zəifdir.

Seçkidə iştirak edəcək səkkiz namizədi indi də mühafizəkarlara, islahatçılara və müstəqil namizədlərə bölürlər. Amma islam inqilabının 34 illik tarixi göstərir ki, bu, olduqca şərti bölgüdür, hər yeni gələn prezident sanki qarşısına bir məqsəd qoyur:

islam inqilabının «nailiyyət»lərinin daha da artırılması və genişləndirilməsi. Bunun özü də təəccüblü deyil. Seçkilər vaxtı namizədlərin çoxluğu ali rəhbərin çağırışı ilə baş verir. İndi də səkkiz namizədin olması əslində özündə heç nə ehtiva etmir, eyni uğurla bu namizədlərin sayı iyirmi də ola bilərdi. O da maraqlıdır ki, səkkiz namizədin içində azərbaycanlı oxucu üçün bir tanış ad var ki, o da keçmiş xarici işlər naziri Ə. Ə. Vilayətidir.

İranda seçki yolu ilə hakimiyyətə gələnlərə ümidlə baxanlar da olub. Bu daha çox çarəsizlikdən olub. Məsələn, bir-iki ay bundan əvvəl ABŞ-ın dövlət katibi demişdi ki, seçkilərin nəticələrini gözləməyə məcburuq. Bəli, burada yalnız əlacsızlıqdan, məcburiyyətdən danışmaq olar. Əgər daxildən rejimi sarsıda biləcək potensial olsaydı, heç kim belə ümidlərə qapılmazdı.

Amma bütün hallarda klerkal siyasi olimpə yeni adam gəlir. Bəs ondan nə gözləmək olar? Bu gözləntilər bir növ siyasi şablon və standart halını alıb. Amma onları bir daha sadalamaq elə bir əziyyət də olmazdı.

YENİ PREZİDENTDƏN NƏ GÖZLƏNİR?

Birincisi, bu, daxili siyasi həyatın mülayimləşməsidir – hamı ümid edir ki, bəlkə yeni prezident ifrat mühafizəkarların - dini liderlərin təsirini və imkanlarını azacıq da olsa zəiflədə biləcək.

İkincisi və ən əsası, bu vaxta qədər nüvə problemi ətrafında gedən danışıqlar və bu danışıqlarda əhəmiyyətli irəliləyişin əldə olunmasıdır.

Üçüncüsü, islam inqilabının ixracı məsələsi və İranın bu yolda sərf etdiyi məsrəflərin azaldılmasıdır.

Dördüncüsü, Yaxın Şərq məsələsində, İsrailə olan münasibətdə İranı bir qədər konstruktiv mövqeyə çəkməkdir.

Bəlkə də daha başqa hansısa məsələlər də var. Amma ən əsası bunlardır. Di gəl, bu siyahıya baxanda görürsən ki, onların hər biri üzrə İranın apardığı siyasət onun ideoloji sütunlarını təşkil edir. Elə bu səbəbdən çətin ki, həm İranda seçiləcək növbəti prezidentdən, həm də onun komandasından belə bir addımlar gözləmək mümkün olsun.

Bəs onda dünya nəyə ümid edir? Bir daha qeyd edirik ki, onların ümiddən başqa bir aləti yoxdur. Bəli, İranla açıq hərbi qarşıdurmaya getmək olardı. Amma o elə də asan məsələ deyil: ölkənin maddi və insani resursları kifayət qədərdir və ən başlıcası ruhani liderlər hələ də islami şüarlarla meydanları doldura bilirlər, tərəfdaş baxımından bir o qədər də çətinlik çəkmirlər.

İqtisadi sanksiyalara gəlincə, etiraf etmək lazımdır ki, bu addımlar heç də ölkə iqtisadiyyatı üçün təsirsiz ötüşmür, amma onu tamam çökdürmək iqtidarında da deyil. İranın təbii resursları böyükdür. İqtisadi sistemi islam yönümlü bazar iqtisadiyyatıdır. Ona görə də birdən-birə ciddi nəticələrə ümid etmək çətindir.

Üstəlik, mollakratiya da öz sütunlarını qoruyub saxlaya bilir. Rejimə qarşı ciddi etiraz yoxdur deməklə vəziyyəti təhrif etmək olardı: etiraz var, özü də bu, sistemli xarakter daşıyır. Elə bir ay olmur ki, hansısa ictimai fəal təqibə məruz qalmasın. Amma hələ ki rejimlə bacara bilmirlər, o, çox möhkəmdir…

KİÇİK SÖZARDI

Dərindən fikirləşəndə İrandakı seçkiləri seçki adlandırmaq da çətindir və o baxımdan siyasi sürprizlər də istisna olunur. Bəs ümumilikdə götürəndə hansı sürpriz ola bilər?
İndiki prezident daha çox Latın Amerikasının solçu liderlərini xatırladırdı. Onun bir az da V. Zhirinovsky-nin üslubunu xatırladan populist ritorikası hələ bir müddət yadda qalacaq. Qərəz, o, bir növ İran mühitində orijinal siyasi lider tipi idi.

Ola bilsin, seçki daha bir orijinal siyasətçi tipini ortaya çıxarsın. Amma ciddi fərqlər, ciddi siyasi tip fərqləri gözləmək əbəsdir.

Hər bir İran lideri öz mahiyyətinə görə islamçı və anti-qərbçidir. Fərqlər isə bu baxışların ifadə tərzindədir - kiminsə ifasında bu daha orijinal alınır, kiməsə də bu müvəffəq olmur. Axı nahaq yerə demirlər ki, siyasət həm də aktyorluqdur…

Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir

Ən son yazılan

XS
SM
MD
LG