Keçid linkləri

Təcili xəbərlər

93-ün 4 iyunu! O, nələri xatırladır?


Qiyamdan 11 gün sonra Əliyev Ali Sovetin sədri seçildi. Elçibəy isə Bakını tərk etdi
Qiyamdan 11 gün sonra Əliyev Ali Sovetin sədri seçildi. Elçibəy isə Bakını tərk etdi
-

Tarixdə təkcə ürəkaçan hadisələrin yubileyləri olmur. Elə hadisələr var ki, onlar özləri də elə bir tarixdir, baxmayaraq ki, bunu cəmiyyətin bir kəsimi qəbul edir, digəri kəsimi isə onu rədd edir, bir hissə də həmişə olduğu kimi tərəddüd edir.

Amma Azərbaycanda bütün başqa sahələrdə olduğu kimi burada da orijinallıq hiss edilir. İndi bəhs edəcəyimiz 4 iyun hadisələri faktiki olaraq bayram kimi qeyd edilir, amma bir qədər dolayı yolla – indi «Qurtuluş» günü kimi qeyd edilən bayram əslində dolayı yolla elə 4 iyunu bayram etmək deməkdir.

Düz 20 ildir ki, ölkə faktiki olaraq bir partiyanın hakimiyyətə gəlməsini bayram edir. Burada elə təsəvvür yarana bilər ki, kimsə də başqa bir partiyanın hakimiyyətdən getməsini - 4 iyunu özü üçün matəm hesab edir. Əsla belə deyil. Tarixi necə var, elə yaşamaq lazımdır. Bu yazıda bəlkə də elə fikir səslənəcək ki, o, bu vaxta qədər heç vaxt deyilməyib.

Amma ifrat dərəcədə təfərrüatlara da qapılmağa ehtiyac yoxdur. Əsas odur görək ki, 4 iyun bu gün üçün hansı dərsləri aktuallaşdırır? Fəqət, buna görə həm bu günün kontekstində qalmaq, həm də bir az da keçmişə varmaq lazımdır.

92-Cİ İL: ALDANMIŞ KƏVAKİBLƏR, YOXSA…

İndi Milli Şura söhbəti aləmi biri-birinə vurub. Bəzi müstəqil media strukturlarında bunu Rusiyanın növbəti layihəsi kimi qələmə verməyə cəhd edilsə də, hakimiyyət bir qədər ehtiyatla davranır, çünki onlar açıq mətnlə deyə bilməzlər ki, bəli, artıq Rusiya bu hakimiyyətin əleyhinədir və Qərb də onu müdafiə etmir.

Əgər desələr bu, faktiki olaraq şok etiraf olar. Belə məlum olar ki, hakimiyyətin bütün xarici siyasəti iflasa uğrayıb. Ona görə də bir qədər ehtiyatla, özlərini ölkədə yeganə milli qüvvə adlandırmaqla tərəfdarlarına ismarışlar göndərirlər. Elə bu da maraqlı məqamdır. Bu ölkədə siyasi qüvvələr bir hakimiyyətə gələndə və bir də getmək ərəfəsində özlərini milli qüvvə adlandırmağı sevirlər.

Digər tərəf də, müxalifət də ciddi-cəhdlə Rusiya söhbətini inkar edir. Artıq Milli Şurada təmsil olunmaqdan imtina edənlər də var. Onlar belə hesab edir ki, bu xətt heç də M. Ə. Rəsulzadə kursu deyil.

İndi qayıdaq 1993-ün 4 iyun hadisələrinə. Amma bəzi mətləbləri daha yaxşı dərk etmək üçün bir az da əvvələ - 1992-ci ilə, o vaxtkı milli qüvvələrin hakimiyyətə gəldiyi dövrə qayıtmaq lazım gələcək.

Əslində 92-ci ilin hadisələri də elə «Rusiya layihəsi» idi. O zaman Rusiya aldandı və bunun əvəzini 93-cü ildə, məşhur iyun hadisələri zamanı çıxdı.

Diqqətli oxucuda dərhal belə bir sual yarana bilər ki, nədən bu bölgədə baş verən bütün proseslərin hamısını «Rusiya layihəsi» adlandırırlar? Bu, təbiidir, çünki bu bölgədə bu vaxta qədər və elə indinin özündə də əsas söz sahibi Rusiyadır.

Məhz geosiyasi problemlərin ucbatından bu gün Milli Şura çox böyük çətinliklə qurulur. Məhz bu çətinliklərin, ölkənin xarici siyasətinin prioritetlərini müəyyən edən prinsiplərin çətin razılaşdırılmasının nəticəsində onun elan olunma vaxtı dəyişdi, mayın 28-də Novxanıdakı toplantıda elan olunmaq əvəzinə bunu axşam saatlarında etdilər.

Spektr etibarilə çox da geniş olmayan qurumda çox müxtəlif siyasi vektorlar cəmləşib, hətta onları ziddiyyətli siyasi vektorlar da adlandırmaq olardı. Bəs nədən bu qüvvələr bütün halda yenə də bir yerə toplaşır?

Bunun bir cavabı var. Əgər siyasət deyilən sferada hakimiyyət müxalifətə qarşı bütün üsulları məqbul hesab edirsə bir gün elə bir müxalifət yetişir ki, o da hakimiyyətə qarşı bütün mümkün üsulları məqbul hesab edir.

Əgər müxalifət adamları hətta öz ölkələrində sərbəst hərəkət edə, bir-birinin xeyir-şər məclislərinə belə gedə bilmirlərsə, onların bütün siyasi üsulları məqbul hesab etməsində təəccüblü nəsə varmı?

Amma bütün «Rusiya layihələri» haqda bir fikir demək istərdik. Bir kişiyə deyirlər ki, bəs Əzrail uşaq paylayır. Kişi qayıdır ki, Əzrail mənimkilərə dəyməsin, onun uşağı mənə lazım deyil! Rusiyanın xidmətini, hədiyyəsini və qisasını da 92-93-cü illərdə hamı gördü…

KİÇİK SÖZARDI

Ola bilsin, kimsə bu prosesə həm də şəxsi özünütəsdiq vasitəsi kimi baxır. Axı hər bir kəs nə vaxtsa «Mən qalib gəldim!» demək istəyir. Amma ara-bir əvvəllərə, 1993-ün 4 iyun hadisələrinə də baxmaq lazımdır – bəzən qələbə ilə məğlubiyyətin arası cəmi bir il çəkir…

Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir

Ən son yazılan

XS
SM
MD
LG