Keçid linkləri

Təcili xəbərlər

Bir gün əvvəl tez idi, bir gün sonra gec…


Novxanıda Respublika Bayramı qeyd edilir
Novxanıda Respublika Bayramı qeyd edilir
-

W. Churchill (Çerçill) deyirdi ki, siyasətçi bir ay, bir il sonra baş verəcək hadisələri irəlicədən görməli və sonra da bunların niyə baş vermədiyini izah etməyi bacarmalıdır.

Bilinmir, bu məntiqlə müxalifət siyasətçiləri Milli Şuranın niyə mayın 28-də Novxanıdakı toplantıda deyil, yalnız axşam saatlarında elan olunmasını izah edə biləcəklər, ya yox?

Amma bu izah ən azı bir-iki gün qəzetlərin siyasət səhifələrinin baş olayı olmaq iqtidarındadır, çünki qəzetlərin də öz məntiqi var. Onlar təkcə hansısa bir hadisənin baş verəcəyini deyil, onun baş verməməsini, hətta ləngiməsini də gurultulu xəbərlərə çevirmək gücündədir. Bunun üçün əsas da var. Milli Şuranın həmin gün axşam saatlarında elan olunması əvvəl gözlənilən effekti yarada bilmədi, belə təsəvvür yarandı ki, sanki müxalifətçilər bütün üsullarla öz vədlərini xilas etməyə çalışdılar.

Məsələ bundadır ki, onun 28 Mayda Novxanıdakı toplantıda elan olunacağı haqda xəbərlər bu hadisəyə bir simvolik, hətta bir az da sakral məzmun verirdi.

Amma lap əvvəldən buna münasibət birmənalı deyildi. Bu, vaxtilə Azadlıq meydanında baş verən olayları xatırladırdı. Meydan hərəkatının ilk günlərində, Azərbaycan Xalq Cəbhəsi haqda ilk xəbərlər dolaşanda bəziləri deyirdi ki, gəlin onu elə burada, meydanda elan edək.

O vaxt belə olmadı, çünki hətta təcrübəsiz ictimai fəallar başa düşdülər ki, belə məsələlər meydanda həll olunmur. Düzdür, Milli Şura 28 May günü yaranmayacaqdı, o, əvvəl yaranmalı, yalnız mayın 28-də toplantıda elan olunmalı idi. Bir qədər bundan əvvəl məhz belə demişdilər.

Amma görünür, Şuranın deyilən vaxtda elan edilməməsi göstərdi ki, müxalifət siyasətçilərinin iş qrafiki düşünüləndən də sıxdır, onlar vaxt tapıb belə bir mühüm işi öz anında görə bilmədilər.

Bundan azacıq əvvəl hakimiyyət düşərgəsindən demişdilər ki, onları Milli Şuranın yaranması narahat etmir. Görünür, əks tərəfdə artıq müxalifət düşərgəsində birlik prosesinin nə qədər çətinliklə getməsindən xəbərdar imişlər .

Amma bunlar, necə deyərlər, arxada qalib. Axşam saatlarında olsa da, elan olundu ki, Milli Şura yaradılıb.

Ona görə də indi daha çox başqa sual maraq kəsb edir. Bundan sonra nə olacaq? Əgər hansısa siyasi qüvvə öz içində gedən prosesləri normal şəkildə planlaşdırmağa və proqnozlaşdırmağa çətinlik çəkirsə, ondan başqa ciddi nəticələr gözləməyə dəyərmi?

RUSİYA YA AVROPA?

Birləşmə prosesinin nədən yubandığının əsas səbəblərini aydınlaşdırmaq o qədər də asan deyil, müxalifət liderləri cəmiyyəti «intizarda» saxlamağı çox sevirlər. Amma dərhal belə ehtimal yarandı ki, birləşən müxalifət ölkənin xarici siyasətinin əsas prioritetlərini müəyyənləşdirə bilmirlər, onu razılaşdırmağa çətinlik çəkirlər.

Lap əvvəldən bəzi analitiklər qeyd etmişdi ki, Milli Şuranın tərkibində iki geosiyasi vektor hiss olunacaq. Bunlardan biri Rusiyaya, digəri isə Qərbə göstərəcək. İndi ola bilsin, bu tendensiya özünü büruzə verir.

Milli Şuranın bir qanadı üçün bir Rusiya kompleksi var. Onlar adlarının Rusiya ilə birgə hallanmasından həmişə ehtiyatlanıblar. Bunun səbəbi çox ola bilər. Bəlkə də siyasi keçmişdəki bəzi detallar və yaxud da adlarının daim Avropa ilə birgə hallanması onlarda bir Rusiya kompleksi yaradır.

Digər cinah isə bu kompleksdən azaddır. Onu, əksinə Rusiya ilə bağlayan detal və dəyərlər daha çoxdur.

Sovet dövrünü yaşayan siyasətçilərdə, ziyalılarda bir Avrasiya sindromu olur, onlar daim Rusiyaya istiqamətlənirlər, köhnə «vətən» hisslərini unuda bilmirlər, vaxtilə mövcud olmuş ortaq mədəniyyətin sərhədlərini aşa bilmirlər.

Bu, tək Azərbaycan sindromu deyil. Bu vaxtilə Ç. Aytmatovda, O. Suleymanovda da hiss edilirdi, bəlkə də onları bu tendensiyanın əsas ideoloqları da adlanmaq olar. Elə Azərbaycanda da bu tendensiyanın izini tapmaq mümkündür.

Məsələn, məşhur «bakinets» - «bakılı» ifadəsi yadınıza gəlirmi? Belə düşünən insanlar hətta bir vaxt özlərini ayrıca etno-kulturoloji vahid kimi hiss edirdilər. Zaman keçdikcə o, zəifləyir, çünki onun əsas liderləri - sovet ziyalıları azalır. Amma o bir tendensiya kimi hələ də var, hələ də arabir özünü hiss etdirir.

Maraqlısı odur ki, «avrasiya»çılığı, türk-slavyan birliyi haqdakı söhbətləri siyasi ideologiyaya çevirən və illərlə onu qidalandıran siyasətçilər də var - məsələn, N. Nazarbayev kimi…

Bəlkə də bu gün bu ideyalar özü üçün növbəti bir münbit zəmin axtarır. Kim bilir?

KİÇİK SÖZARDI

Bütün bu prosesdə bir başlıca amil var. O da budur ki, bu birləşmə prosesləri bir il ərzində, ən azı payıza qədər aydınlaşmalıdır. Yaxın, özü də çox yaxın bir vaxtda hər şey durulacaq, hər şey aydınlaşacaq…

Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir

Ən son yazılan

XS
SM
MD
LG