Keçid linkləri

Təcili xəbərlər

«Samosud» hələ olacaq, yoxsa artıq gedir?


Arxiv foto
Arxiv foto
-

Məşhur 147-148-ci maddələrin təsirinin internetə də şamil olunmasına təşəbbüs ediləndən sonra hakimiyyətyönümlü insanlar onu sanki yenidən kəşf ediblər. Səhifələrə baxanda hətta belə təsəvvür yaranır ki, hər yazara bir internet fəalı təhkim edilib. Onlar nə edirlər?

Yazılara onların özündən də böyük şərhlər yazır, bu şərhlərdə hakimiyyətin daxili və xarici siyasətini vəsf edir, yazıların siyasi təsirini heçə endirməyə çalışırlar.

Bunu bir rəqabət amili kimi də qəbul etmək olardı, əgər bu şərhlərdə yazı müəlliflərinə qarşı təzyiq və hətta hədə elementləri olmasaydı. Ümumilikdə götürəndə isə, demək olar ki, artıq internetdə də bir siyasi «ov»un başlandığı hiss olunur, onun səhifələrində də diffamasiya təzahürləri axtarırlar.

Təbii ki, diffamasiya haqqında qanun qəbul edilsəydi bundan bir o qədər də narahat olmağa dəyməzdi. «Söz sözü çəkər» deyiblər. Elə bu günlərdə eşitdik ki, diffamasiya haqda qanunun layihəsi, nəhayət ki, baxılmaq və rəy verilmək üçün Venesiya Komissiyasına göndərilib. Amma…

ÇOX GÖZLƏDİK VƏ AXIRDA DA…

Bəli, çox gözlədik. Fəqət, bu ölkədə heç nə «amma»sız keçinmir. Bəlli oldu ki, layihədə iki əsas məqam yer almayıb. Bunlar hansılardır?

Birincisi, diffamasiyanın dekriminallaşması, Cinayət Məcəlləsindən onun tamamilə çıxarılmasıdır. İnsanlar, xüsusən də jurnalistlər əsasən bunu gözləyirdi. Əgər bu edilməyibsə, diffamasiya dekriminallaşmayıbsa daha bu qanunu qəbul etməyin nə mənası var?

İkincisi, diffamasiyaya qarşı nəzərdə tutulan kompensasiyaların məhdud bir səviyyəyə gətirilməsidir. Bu da edilməyib.

Hələlik ölkədə diffamasiya ilə bağlı maddələrin ağırlığını yaşayan, onun nəticəsində üzülən qəzetlərdir. Təsəvvür edin, Azərbaycanda qəzetə 100 min manat məbləğində cərimə təyin edilir. Axı cərimələrin də bir məntiqi əsası olmalıdır, cərimə elə həddə olmalıdır ki, onu ödəmək mümkün olsun! Qanun layihəsi əgər bunu da nəzərə almırsa, onun qəbul edilməsinə ehtiyac varmı?

BELƏ «RIÇAQ»I ƏLDƏN VERƏRLƏRMİ?

Azərbaycanda sualların cavabı onların özündədir. Hakimiyyət nədən həmin məsələ ilə bağlı bu qədər müqavimət göstərir? Cavab sadədir: o, müstəqil media institutlarına öz təsir «rıçaq»larını itirmək istəmir.

Heç kim üçün sirr deyil ki, hakimiyyət məşhur «böhtan və təhqir» maddələri ilə çox gözəl manipulyasiya edir. Onun adamları və yaxud da ki, ona yaxın adamlar qəzetlərin boynuna böyük cərimələr qoyur, onların bank hesablarını dondururlar.

Nəticəsi nə olur? Qəzet faktiki olaraq çökür! Bunu başqa cür adlandırmaq mümkün deyil. Elə şikayətlərdən də hiss olunur ki, özünü zərərçəkmiş qismində hesab edənlərin məqsədi əslində müstəqil qəzetlərin fəaliyyətinin dayandırılmasına nail olmaqdır.

Qanunsuz ölkədə hər şeyi böhtan kimi yozmaq çox asan məsələdir. Bunun həm obyektiv, həm də subyektiv səbəbləri var.

Bir çox hallarda jurnalistlər öz araşdırmalarında lazımi dərinliklərə getmək iqtidarında olmurlar, total qeyri-şəffaflıq buna imkan vermir.

Bəzi hallarda isə (bəlkə də əksər hallarda!), əksinə məhkəmələr işi yetərincə araşdırmır, ağına-bozuna baxmadan sifarişli, siyasi qərarlar qəbul edirlər.

Belə hallar Azərbaycan üçün çox xarakterikdir - bu ölkədə haqlı olmaq hələ haqlı sayılmaq, özünün haqlı olduğunu təsdiq etmək demək deyil, bunun üçün ən azı Avropa Məhkəməsinə qədər gedib çıxmaq lazımdır ki, bəlkə bu ölkə öz beynəlxalq öhdəliyini nəzərə alıb, nəhayət ki, sənin haqlı olduğunu etiraf etmiş olsun…

İNDİ OLANLAR «SAMOSUD» DEYİLMİ?

Diffamasiyadan söhbət düşəndə deyirlər ki, ölkədə «samosud»un baş alıb getməsinə razı ola bilmərik. Amma sual yaranır: bu «samosud» hələ nə vaxtsa başlayacaq, yoxsa artıq gedir?

Biz bu suala birmənalı cavab verə bilmirik. Zənnimizcə, bu gün müstəqil qəzetlərə, jurnalistlərə, hüquq müdafiəçilərinə, siyasi partiyalara qarşı münasibətinin özü bir «samosud»dur!

Cərimələnən qəzetlər az qala iki dəfə ikinin dörd olduğunu sübut edə bilmir, qanuni, dövlət qeydiyyatı olan siyasi partiyalar tədbirlərini-iclaslarını keçirə bilmir – təəssüf ki, ölkənin hüquqi fasadı, onun hüquqi görüntüsü elə budur…

Bunu necə adlandıraq? Məgər bunlar elə «samosud» deyilmi? Axı ola bilməz ki, bütün məsələlərdə həmişə hakimiyyət strukturları haqlı olsun. Heç olmasa, bir məsələ olubmu ki, məhkəmə elə birinci instansiyada etiraf etsin ki, bəli, bu dəfə hakimiyyət haqlı deyil, məsələn, qəzet haqlıdır?!

Çox çalışıram, di gəl, belə bir epizod xatırlaya bilmirəm. Burada yadıma belə bir deyim düşür: insanlar elə hey deyirlər ki, qiyamət nə vaxtsa gələcək, amma qiyamət əslində artıq gedir…

Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir

Ən son yazılan

XS
SM
MD
LG