Keçid linkləri

Təcili xəbərlər

Vaxt keçir, siyasi vədlər köhnəlir


Rəşid Şərifin karikaturası
Rəşid Şərifin karikaturası
-

Siyasətçilərin unutqanlığı yenilik deyil. Bəlkə də mətbuat adamları olmasaydı, onların vədlərinin sayı-hesabı olmazdı. Mətbuat adamları da onların həyatında iki başlı rol oynayır: bir tərəfdən siyasət adamlarının yeni vədlərini tirajlayır, o biri tərəfdən də onların yadına köhnə vədləri salırlar.

Birincini siyasətçilər çox sevsə də, ikincidən - köhnə vədlərin xatırlanmasından həmişə narahatlıq keçirirlər. Amma bir məsələ var ki, əgər köhnə vədlər xatırlanmasaydı siyasətçilər adlanan zümrənin işi elə vəd verməkdən ibarət olardı və ölkə çox çarəsiz görkəm alardı: siyasətçilər təkcə vəd verərdi, mətbuat adamları isə təskinlik.

Amma nə yaxşı ki, bu zəncirin qırılan vaxtları da olur və elə bir an gəlir ki, deyilənlərin məsuliyyətini yaşamaq zərurəti yaranır. O vaxt siyasətçilər müxtəlif bəhanələrlə özlərinə bəraət qazandırmağa çalışırlar və heç olmasa, çox kiçik bir zaman ərzində siyasətçilərin öz dediklərinin mahiyyəti haqqında düşünmək imkanları olur.

Düşünürük ki, növbəti belə zaman anı gəlib çatıb. Yada salaq ki, çox da uzaq olmayan keçmişdə siyasət adamları maraqlı siyasi bahar vəd etmişdi. Artıq bahar yetişib. Amma nəinki maraqlı, heç maraqsız da siyasi anlar yaşanmır, əksinə seçki yaxınlaşdıqca tək siyasi vədlər deyil, iddialar da artır. Ortada isə hərəkət, siyasi dinamika yoxdur. Bəlkə də bu məsələnin üstündən sükutla da sovuşmaq olardı, amma bu gün edilənlər sabah ediləcəklərin təməlidir.

Əgər mühitin azacıq da olsa, dəyişməsi nəzərə çarpsaydı ümidlər də artardı. Amma seçki ərəfəsi dövr əvvəlki illərdən qətiyyən fərqlənmir və getdikcə bu vəziyyətdən belə nəticə çıxır ki, bu dəfə də siyasətçilərin vədlərindən kökə bişirmək mümkün olmayacaq.

MİLLİ ŞURA: KÜSƏNLƏR BARIŞACAQMI?

Əslində lap əvvəldən ümidlər böyük olmamalı idi, çünki ortalıqda çox kasad bir siyasi presedent vardı: kütləviləşə bilməyən Ziyalılar Forumu kütləvi forma almaq üçün İctimai Palata ilə inteqrasiya etmək qərarına gəldi. Bunun siyasi gözləntiləri də böyük olmamalı idi. Ən yaxşı halda o baş verəcək ki, əvvəlki illərdə bir neçə dəfə baş vermişdi - bir-birindən son vaxtlar bir azca kənar düşmüş siyasi isimlər bu dəfə də bir qurumda araya gələcək. Yeni nəfəs və yeni adamlar isə çox az olacaq.

Lap tutaq ki, vəd olunan vaxtda Milli Şura qurulacaq. Nə olsun ki? Bunun ölkə üçün bir önəmi olacaqmı? Düşünmürük. Düzdür, belə bir ümid var ki, bu qurum çərçivəsində bu vaxta qədər bir araya gəlməyənləri bir təsisata toplamaq və onu bir təşkilat kimi formalaşdırmaq mümkün olacaq.

Amma ölkə siyasətinin də çox «qədim» ənənəsi var: müxalifət siyasətçiləri beş illik müddətin dörd ilini bir yerdə olmağa, qalan həlledici ili başqa ünvanlarda keçirməyə üstünlük verir. İndi artıq İctimai Palata çərçivəsində də bir soyuqluq müşahidə olunur. Əvvəllər də demişik, bir daha da deyirik ki, Milli Şuranı siyasi vektora çevirə bilsə, tək İctimai Palata çevirə bilər, o, isə belə ümidləri heç də artırmır.

MİLLİ ŞURA İCTİMAİ PALATADAN KİMİ SEÇƏCƏK?

İstisna deyil ki, Milli Şura İctimai Palatanın bir hissəsinin hesabına, lap açığını desək, onun parçalanması sayəsində reallaşacaq. Elə ona görə də burada sualı necə var, eləcə də qoymaq lazımdır: bu Milli Şura vahid seçki bloku yarada biləcəkmi?

Siyasət adamları bu sualdan qaçır, o, isə onlardan əl çəkmir, özünə cavab almaq üçün təkrar-təkrar meydana çıxır. Milli Şuranı siyasi kabinet kimi və yaxud da koordinasiya mərkəzi kimi təsəvvür edənlər çoxdur.

Amma əsas sual onun vahid seçki bloku yarada bilməsidir. Əgər o, bunu edəcəksə, onda hansısa işdən söhbət açmaq mümkün olacaq. Amma hətta bu, baş versə belə, onun hakimiyyət üçün ciddi sürpriz yaradacağını təsəvvür etmək çətindir.

Baş tutacağı təqdirdə Milli Şurada vahid namizəd olmaq uğurundakı savaşın kimlərin arasında gedəcəyini təsəvvür etmək elə də çətin deyil. İş ona gəlib çıxacaq ki, İctimai Palatada prezidentliyə namizəd olmaq şansı olan iki əsas siyasi vektordan biri Milli Şuradan əlavə siyasi impuls alacaq və bununla da çox güman ki, Milli Şuranın missiyası bitəcək.

Həmin siyasi vektorlar da artıq indidən bu perspektivə hazırlaşsaydılar bu, daha real siyasət olardı, nəinki Milli Şura ilə bağlı uzağa gedən nəticələr çıxarmaq, çünki özləri deyirlər ki, siyasət real olanın peşəsidir. Hətta onu da vurğulamağa hazırıq ki, bu siyasi qovğada bir nəticə olacaq və o da budur ki, R. İbrahimbəyov prezidentliyə iki iddialı şəxsdən kimi dəstəkləyəcək? Onun özünün də siyasi ambisiyaları mövcuddur. Hətta bu yaxınlarda demişdi ki, o özü Milli Şuraya rəhbərlik edə bilər. Üstəlik, R. İbrahimbəyovun kimi daha həvəslə dəstəkləyəcəyini də hesablamaq bir o qədər çətin məsələ deyil…

Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir

Ən son yazılan

XS
SM
MD
LG