Keçid linkləri

Təcili xəbərlər

Tehran meri: Holokostun danılması İrana zərbə vurub


Mohammad Bagher Ghalibaf
Mohammad Bagher Ghalibaf
-
İranda prezidentliyə mümkün namizədlərdən biri - Mohammad Bagher Ghalibaf deyib ki, prezident Mahmoud Ahmadinejad-ın yəhudi soyqırımını danması İranın xarici münasibətlərini korlayıb, fələstinlilərə isə ziyandan başqa heç nə gətirməyib.

Bu barədə İsrailin «Jerusalem Post» qəzeti yazır.

Cənab Ghalibaf «Tasnim» agentliyinə müsahibəsində bəyan edib ki, Ahmadinejad-ın İkinci Dünya müharibəsi zamanı 6 milyon yəhudinin öldürüldüyünü danması sionistlərin – İsrailin əlinə bəhanə verib.

İRAN YƏHUDİLİYƏ YOX, SİONİZMƏ QARŞIDIR

Tehran meri əlavə edib ki, İslam Respublikası iudaizmə yox, sionizmə qarşıdır.

«Biz 30 ildir ki, fələstinlilərə dəstək vermişik, lakin ayətüllalar - Khomeini və Khamenei-nin ağıllı siyasəti sayəsində bizi heç kim antisemitizmdə ittiham edə bilməyib» - Ghalibaf deyib.

Mahmoud Ahmadinejad
Mahmoud Ahmadinejad
Mohammad Ghalibaf deyib ki, o, İranın nüvə proqramı ətrafında yaranmış gərginliyin hələ də diplomatiya yolu ilə həllinə inanır. Onun fikrincə, hazırkı prezidentin yeritdiyi siyasət və söylədiyi fikirlər nüvə proqramını irəli aparmaq planlarını pozub, hətta düşmənlərə imkan verib ki, başqalarını da İrana qarşı qaldırsın.

«Yalnız ağıllı və rasional diplomatiya İrana qarşı Qərb tərəfindən qoyulmuş sanksiyalar məsələsinin həllinə kömək edə bilər» - Mohammad Ghalibaf bildirib.

SANKSİYALARIN QALDIRILMASI PROBLEMLƏRİ HƏLL ETMƏYƏCƏK

İranda hərbi təlimlər -- 2011
İranda hərbi təlimlər -- 2011
Tehran meri bildirib:

«Vaxt vardı deyirdilər ki, sanksiyalar yırtıq kağız parçasıdır, indi isə deyirlər ki, sanksiyalar boğucudur və bütün problemlər burdan qaynaqlanır… Rasional baxış isə deyir ki, sanksiyalar nə yırtıq kağız parçasıdır, nə də onların qaldırılması bütün problemləri həll edəcək».

O deyib ki, Tehranın nüvə proqramına dair ABŞ-la danışıqlar mühüm alətdir, lakin İslam Respublikasının bütün problemlərini həll edə bilməz.

«Zəruri məqamlarda biz, əlbəttə, Amerika ilə danışıqlar aparacağıq. Amerika ilə danışıqlar bizim üçün heç vaxt aşılmaz «qırmızı xətt» olmayıb» - Mohammad Ghalibaf bildirib.

İranda prezident seçkisi bu il iyunun 14-də keçiriləcək.
XS
SM
MD
LG