-
ABUTALIBOV VİDEOSU
Bu günlərdə «Azadlıq» radiosunun saytında Bakının meri Hacıbala Abutalıbovla videomüsahibəyə baxdım. Nəsə yadıma «insan simalı sosializm» düşdü. Kafka, Oruel romanlarındakı donuq-sifət məmurlara baxanda Abutalıbov cənabları insan simalı məmur deyil, nədir?! Bu «formatda» daha parlaq örnəyi Rusiyada V. Zhirinovsky verir. Yox, onu təlxək adlandırmaq, doğrudan, bayağılıqdır. Zhirinovsky, axı, təlxək davranış və danışıq «qrammatikasından» nələrisə götürəndən sonra onlara axmaq nəsnələri yox, ağıllı, ya da, ən azı, informativ-bilgili nəsnələri qatır.
Hacıbala Abutalıbov analoji portret rəngarəngliyini Azərbaycan siyasi qalereyasına verir. O bu müsahibədə nə qədər mutlu danışırdı, uşaq kimi sevinirmiş kimi danışırdı. Ancaq həyatı əla qurulmuş adam belə xoşbəxt ola bilər! Necə ağayana danışırdı! Demirdi ki, Qış bağı üçün sökülmüş evlərin yiyələrini xain müxalifət yoldan çıxarıb. Deyirdi «onların qəlbindəki şeytanı mələyə çevirəcəm» (ancaq necə?!). Əsl twitter cümləsi! Bir fakt doğrudan sevindirdi. Sökülmüş evlərin yerinə bağ salınacaqsa, əla olacaq, yoxsa, cürbəcür söhbətlər gəzirdi.
Düzü, Bakının indiki “Dubay” görünüçündə Hacıbala Abutalıbovun şəxsi rolunu bilmək mənə dəhşətli maraqlıdır. Ola bilməz ki, deyəsən, o pulları hansı merə versəydin elə nəticələr alardı. Yazıqlar olsun, siyasi konfrontasiya qoymur, adamın yaxşı və yaman işləri ilə ilgili normal jurnalist araşdırmaları olsun. Düzünü mən də bilmirəm, ancaq dilçilikdən bir az başım çıxdığı üçün düzünü bildiyim cənab Abutalıbovun sevgini, pərəstişi bildirmək üçün dönə-dönə söylədiyi «HeydərƏliyevimiz» formulasının yanlışlığıdır. Formula Hacıbala Abutalıbovun şəxsi ixtirasıdır və məncə, heç də uğurlu deyil, çünki mərhuma sevgisinə komizm qatıb məqsədlərini puç edir. Necə yəni «Əliyevimiz». Belə də sayğı, sevgi, əzizləmə effektini yaratmaq olar!?» Heç cürə!
Bax, bu məsələ «mız/miz» şəkilçisi ilə bağlı yaxınlarda məndə formalaşmış bir ideyanı yadıma saldı. Onu danışım.
BİR AYIBIN ETİRAFI
Bioqrafiyamın indiyənəcən yazmadığım ləkəsindən danışım. Hələ Gorbachev-un Yenidənqurması gəlməmişdi, di gəl, yeni yellər əsməyə başlamışdı. Bunu ondan bilirəm ki, Bakıda Kommunist Partiyasının bir iclasına məni çağırmışdılar, nəinki çağırmışdılar, hətta çıxış etməyi təklif etmişdilər. Bu dəvət ona görə qəribə idi ki, heç bir kommunist fəallığı üçün canfəşanlıq etməmişdim, yazılarımda Marksdan, Lenindən, Brejnevdən sitat gətirməzdim. Ancaq yox, bir dəfə «Ulduz» dərgisinə yolladığım məqalədə Karl Marksın sözlərini «Qara mavr belə demişdi» kimi vermişdim, onu da redaksiya pozmuşdu. Zamanında «Qara mavr» (Ortaçağda «mavr» müsəlmanlara, Liviya tərəflərin ərəblərinə deyərdilər) Marksa dostlarının qoyduğu ərkyana ayama idi. Ləqəb məqaləmdə yerinə düşürdü, Rusiyada pozmazdılar, bizdə isə pozdular.
Hə, Azərbaycan Kommunist Partiyasının iclasından danışırdım. Məni tribunaya çağırdılar. Sözsüz, istəyirdim nəsə çıxışım intellektual olsun, ancaq Partiyanın addımlarını öymək ritorikasını necə ağıllandırmaq olar?! Yalnız dil, deyim səviyyəsində nəsə etmək olardı. O zaman mən başladım «Mərkəzi Komitəmiz» deməyə. Düzü, mənəcən kiminsə «Mərkəzi Komitə»ni «mız/miz» mənsubiyyət şəkilçisi ilə əzizlədiyini, doğmalaşdırdığını eşitməmişdim.
Deyəmmərəm ki, məhz, mənim axmaq dil icadımdan sonra isimləri «mızlaşdırmaq» dəbə düşdü, ancaq hər halda bəlkə də keçmiş suçuma görə Azərbaycan türkcəsində «mız/miz»lə yapılan yaltaqlığa, mehribançılığa allergiyam var.
«MIZ/MİZ»IN YAYILMA AREALINDAN
Bu mənsubiyyət şəkilçisi ilə ən çox mehribançılıq yaradılan məkan toylardır. Mən «Mərkəzi Komitəmiz» sözünün prizmasından tamadaların dilindəki «bəyimiz», «gəlinimiz» sözlərini eşidəndə lap ət tökürəm. Bütün toylarda bütün tamadalar və bəylə gəlinə alqış demək istəyən kim varsa, bu «mızlaşdırmadan» istifadə edir və beləcə, bəlkə də adi ola bilən deyimi bayağılaşdırırlar.
«Bəyimiz»in bayağılığından sonra «Azəbaycanımızın», «Bakımızın» bayağılaşmasının qarşısı alınmaz olur. Çox maraqlıdır, Britaniya vətənsevərliyinə heç kim mız qoya bilməz. Ancaq bir vaxtlar qonaq sifətində Liberal Partiyanın konfransında iştirak edəndə İngiltərə, Britaniya ilə ilgili yalnız belə deyim eşidirdim: «Bu ölkə» və ya «Bu məmləkət». Ona görə qəribə idi ki, britaniyalılar heç olmasa «bizim ölkə» də demirdilər. İngilis dilinin qrammatikası «mızlaşdırmağa» imkan vermir. Ancaq «bizim ölkə» ha, demək olardı, axı! Mənim qulağıma ingilisin «bu ölkə» deyimi quru, yekəxana, hətta təhqiramiz gəlirdi. Elə bil ağızlarını büzürdülər. Bizdəki «Azərbaycanımız»dan sonra başqa cür necə ola bilərdi?!
BU ÖLKƏDƏ (YƏNİ AZƏRBAYCANDA) ORQANİSİZM İDDİALARI
Sosiologiyada toplumsal ilişgilərlə ilgili orqanisizm (üzvilik) anlayışı var. Cəmiyyətin sistem olmasını hamı bilir. Ancaq bu sistemdə kəsimlərin necə bağlanmasını başı bədənə, ayaqların bədənə bağlanması kimi düşünmək onu orqanizm biçimində düşünməkdir. Əski dünyada padşahı başla, döyüşçüləri əllərlə, kəndçiləri ayaqlarla eyniləşdirəndə sanki müxtəlif sosial vahidlərin necə birləşməsinə gözəl arqument tapırdılar: hamısı bir orqanizmin üzvləridir. Biz insan ilişgilərini bağlaşma, müqavilə üstündə quranda sanki mexanizmin hissələri kimi qururuq. Ancaq qohumluq, mehribançılıq terminlərində quranda orqanizmi ideal götürürük.
DAYILAR, QAQAŞLAR
Azərbaycanda müraciət formalarına baxın: dayıoğlu, dayı, əmi, əmioğlu, qardaş (qaqaş, qədeş) – hamısı orqanisizmin laflarıdır. Ofisiant sənə «dayı», «əmi», bəzən «qaqaş» deyir. Sən də ofisianta «qaqaş» deyirsən. Bu, yersiz «mehribançılıqdan» necə qurtulmalı? Anadolu türkləri yunanlardan «əfəndi», yəni ağa sözünü götürərək sosial alanda yersiz orqaniklikdən qurtulublar. Bizdə «məlim», «bəy» sözü bu qurtuluşa yardım edir. Ancaq «müəllim» sözünün öyrətmək və təhsillə bağlı olması bir az işləri dolaşdırır.
Bizim bu mədəniyyətdə çox ciddi problem nəzakət dilinin zəifliyidir. Biz «mız/miz»lə, «qaqaş»la, «dayı» ilə mehribançılıq, şirindillik yapırıq və yanlış olaraq bunu nəzakət sayırıq. Ancaq nəzakət istiliyi, şirinliyi az olan sayğıdır. «Mız/miz»dən görünən istiqanlılığın bir böyük eybi odur ki, nəzakət mədəniyyətini gəlişməyə qoymur, çünki onun yerini tutub durur.
Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir
Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir