Keçid linkləri

Təcili xəbərlər

Azərbaycanda siyasi prosesin kənardan yönləndirilməsi iddiasına arqument tapmaq çətindir


Arxiv foto. Bakıda etiraz aksiyası. 11 may 2012
Arxiv foto. Bakıda etiraz aksiyası. 11 may 2012
-
AZƏRBAYCANDA ÖZ XALQINDAN BAŞQA HEÇ KİMƏ PROBLEM OLMAYAN QÜVVƏ HAKİMİYYƏTDƏDİR

Həmişə siyasətdə «küy»ü əsl xəbərdən ayırmağa çalışmışam. Buna məni bəlkə də fizik keçmişim vadar edir. Bəli, fiziki siqnal heç vaxt təmiz olmur, küy və fon onu həmişə örtməyə və itirməyə çalışır.

Bir neçə gündür ki, siyasi gündəmi tamam zəbt etmiş bir xəbər haqqında düşünəndə yadıma düşən ilk detal bu oldu. Fikirləşdim ki, görəsən bu dəfə nə baş verir? Biz növbəti küylə rastlaşmışıq, yoxsa bu həqiqi siqnaldır?

Ötən dəfə bir cümlə ilə rusların dilində «teoriya zaqovora», bizim dildə isə «gizli sövdələşmə nəzəriyyəsi» kimi səslənən fərziyyəni xatırlatmışdım. Çoxu düşünür ki, dünyada iğtişaşlar, inqilablar yaratmaq sahəsində böyük «alimlər» var və onlar bütün ölkələrdəki inqilabların «ata»ları olurlar.

Amma heç nəyi apriori qəbul edə bilmədiyimizdən dünyanın gizli mətbəxlərində cızılan ssenarilər haqda fikri də birbaşa qəbul edə bilmirik. Bu, heç də sadəlövhlük deyil, çünki müxtəlif təhlükəsizlik strukturlarının işini «alim»lərin adına yazmaq çətin məsələdir.

Bəli, qəbul edirik ki, həmin strukturlarda iğtişaşlar, hətta çevrilişlər yaratmaq təcrübəsi olan mütəxəssislər olur. Bunu qəbul edirik. Amma bir şeyi hələ də anlamağa çətinlik çəkirəm. Onların Azərbaycanla nə işi var?

Bilirsiniz, bu ölkədə elə siyasi qüvvə hakimiyyətdədir ki, o, öz xalqından başqa heç kim üçün problem deyil, əksinə qiymətli tapıntıdır. Biri deyir ki, Rusiya plan cızır, başqa birisi buyurur ki, bəs, yox, ABŞ nəsə edəcək. Amma bunun üçün ciddi əsas görünmür.
Əgər Gürcüstan NATO-nun üzvü olsaydı, düşünmək olardı ki, bəli, Qərb M. Saakashvili-ni məhz buna görə hakimiyyətə gətirmişdi. Eyni sözləri elə V. Yushchenko haqqında da demək olar. Qərb faktiki olaraq onlaraq heç nə verməyib, çünki heç nə vəd etməmişdi.

Hətta misal kimi əvvəlki hakimiyyətləri göstərirlər. Amma düşünürəm ki, ötən 20 il artıq müəyyən nəticələr çıxarmaq üçün yetərli olmalıdır.

Bəli, birinci iki hakimiyyət devrildi, amma sonrakılar qaldı. Bunun özü nəsə demirmi?

«Əvvəlki iki hakimiyyət niyə devrildi?» sualının cavabını tamam başqa istiqamətdə, ölkənin daxili siyasi xarakterində, o dövrün siyasi qüvvələrinin nisbətində və bir-birinə münasibətində axtarmaq lazımdır. Əslində bu, artıq sual da deyil. O, öz cavabını tapıb.

Kim istəyir, bu cavabı görür, kim istəmir görmür, amma hər şey göz qabağındadır. Bir siyasi publisist əvvəlki hakimiyyətlərdən fərqli olaraq sonuncu iki hakimiyyətin davamlı olmasını çox özünəməxsus tərzdə yozmuşdu. O, demişdi:«Əvvəllər aranı qarışdıranlar daha qarışdırmırlar!»…

QƏRB RƏNGLİ İNQİLABLARA HEÇ NƏ VERMƏDİ, ÇÜNKİ VƏDİ YOX İDİ...

O ki qaldı digər ölkələrə, rəngli inqilabların hamısını xarici təhlükəsizlik strukturlarının adına yazırlar. Amma adamı burada bir məsələ şübhə etməyə vadar edir. Düşünürük ki, bizim ən çox şübhələndiyimiz Qərb əslində keçmiş SSRİ ərazisində rəngli inqilablara o qədər də hazır deyildi. Bunu proseslərin sonrakı dinamikası göstərdi.

Qərbə M. Saakashvili və yaxud da V. Yushchenko lazım idimi? Onlar hər ikisi Qərbdən umurdular, kömək gözləyirdilər. Amma Qərb onlara heç nə verə bilmədi.
Azərbaycanın indiki hakimiyyəti nə Qərbdən, nə də Rusiyadan heç nə ummur, əksinə onlara öz xidmətini təklif edir. Qərb onlardan niyə narazı olsun ki?

Əgər Gürcüstan NATO-nun üzvü olsaydı, düşünmək olardı ki, bəli, Qərb M. Saakashvili-ni məhz buna görə hakimiyyətə gətirmişdi. Eyni sözləri elə V. Yushchenko haqqında da demək olar. Onların hər ikisi Qərbin köməyinə ümid edirdi. Amma heç nə olmadı, heç nə verilmədi. Bəlli oldu ki, NATO da, Avropa Birliyi də hadisələrin belə sürətli inkişafına hazır deyil.

Bundan sonra demək olarmı ki, bu iki prezidenti hakimiyyət Qərb dairələri gətirdi? Əgər gətirdisə, nədən onları hakimiyyətdə saxlamadı? Nədən onların hakimiyyətdə qalması və rusiyapərəst qüvvələrlə əvəz olunmaması üçün heç nə etmədi? Axı onların hakimiyyətdə qalması üçün çox az şey tələb olunurdu, bəlkə də bu ölkələri NATO-ya üzv etmək kifayət idi ki, onlar öz seçiciləri qarşısına inamla çıxa bilsinlər! Amma belə olmadı.

Deməli, proseslər düşünüləndən bir qədər dərindir. Bəli, inanırıq ki, keçmiş sosialist düşərgəsində Qərb strukturları işləyirdi. Nəticəsi də oldu. Sistem çökdü, Varşava müqaviləsi dağıldı. Ən başlıcası isə, bu ölkələrin hamısını Qərb öz çətirinin altına çəkdi.

Buna görə də bu regionda Qərbin izlərini axtarmağa dəyər. Di gəl ki, bunu digər sovet respublikaları (Baltikyanı ölkələr istisnadır!) haqqında demək çətindir. Qərb faktiki olaraq onlaraq heç nə verməyib, çünki heç nə vəd etməmişdi. Bura Gürcüstanı da, elə Ukraynanı da əlavə etmək olar.

Ona görə də birmənalı mülahizələrlə ehtiyatlı olmaq lazımdır. Siyasətçi üçün də, təhlilçi üçün də istinad nöqtəsi fakt olmalıdır. Bəlkə elə bəzi keçmiş sovet ölkələrində bir-birinin ardınca hakimiyyətlərin dəyişməsinin səbəbi də o oldu ki, həmin bu hakimiyyətlər özü üçün bir Qərb mifi yaratmışdı? Bəlkə səbəb bu idi? Bəlkə əvvəldə qeyd etdiyimiz kimi, səbəbləri ölkələrin daxili xarakterində aramaq lazımdır?
...rəsmi Bakının məntiqinə görə «dost»ların əleyhinə nə qədər çox «dəlil-sübut» toplasan onların «dostluğu» bir o qədər etibarlı olar.

Azərbaycanın indiki hakimiyyətinə gəldikdə isə o, nə Qərbdən, nə də Rusiyadan heç nə ummur, əksinə onlara öz xidmətini təklif edir. Qərb onlardan niyə narazı olsun? Eləcə də Rusiya…

Qərb Azərbaycana yaxın müddətdə NATO-ya və yaxud AB-yə üzvlük vəd etmək iqtidarında deyil, rəsmi Bakı da onlardan bunu nəinki istəmir, hətta bunu arzulamır da.

Eləcə də Rusiya Qarabağı Azərbaycana qaytarmaq fikrində deyil və yerli hakimiyyət də bunu ondan ummur da, əksinə özünü elə aparır ki, sanki Rusiyanın bu məsələlərdə heç iştirakı yoxdur! Ona görə də nəticələrlə o qədər də tələsməyək. Zaman özü bütün sualların cavabını verir. Sadəcə, bir az gözləmək lazımdır…

KİÇİK SÖZARDI

Bütün bu siyasi dedi-qoduda maraq kəsb edən budur ki, nədən rəsmi Bakı özü üçün çox mühüm əhəmiyyət kəsb edən proses – prezident seçkisi ərəfəsində hamı ilə münasibətləri gərginləşdirməyə doğru gedir? Güman edirik ki, bu, Bakının taktikasıdır, onlar təzyiqlə, pressinqlə vəziyyəti yoxlayıb özləri üçün nəticə çıxarmağa cəhd edirlər, bir növ müttəfiqləri «sınağ»a çəkirlər. Çünki rəsmi Bakının məntiqinə görə «dost»ların əleyhinə nə qədər çox «dəlil-sübut» toplasalar onların «dostluğu» bir o qədər etibarlı olar…

Bunlar müəllifin şəxsi mülahizələridir.
Bu mövzuda sənin də fikirlərin varsa,
aşağıdakı foruma yaz, polemikaya qoşul.

XS
SM
MD
LG