Keçid linkləri

Təcili xəbərlər

Mən səni yellədən külək... (AzadlıqRadiosunun 60 yaşına yazdım)


Sevda İsmayıllı
Sevda İsmayıllı
-

“Sən mənim
doğma anamsan, Azadlıq,
mən sənin
yad qapısında böyümüş balan...
Sən son ümidimin qaldırdığı
ağ bayraqsan, Azadlıq
Mən səni
yellədən külək...”
Bu misralar sevdiyim şairindir – Vaqif Səmədoğlunun.

1969-cu ildə yazıb! Nə az-nə çox—düz 44 il öncə!

Sovetlərin qılıncının dalının da, qabağının da kəsən vaxtlarında!

Vaqif bəy nə ürəklə bunları yazıb, – deyə bilmərəm.

O dövrdə Azadlığa şeir həsr etmək ürək istəyirdi yəqin ki...

Zatən Vaqif bəydə ürək olmasaydı, belə şeirlər yaza bilərdimi?..


AZADLIQ SÖZÜNÜ BÖYÜK HƏRFLƏ YAZIB!

Vaqif bəy bu şeiri azadlığa həsr edib. Amma nədənsə “Azadlıq” sözünü böyük hərflə yazıb.

Uzun illərdir ki, bu şeirin AzadlıqRadiosuna yazıldığını düşünürəm.

O zaman Vaqif bəyin 30, AzadlıqRadiosunun 16 yaşı vardı.

Yəqin ki, şair AzadlıqRadiosunu dinləyirdi.

“Amerikanın səsi”ni dinlədiyini, orada caz kompozisiyalarına qulaq kəsildiyini dəqiq bilirəm...

Nə fərqi?

Nə qədər qadağa və qorxu olsa da, o dövrdə elə Azərbaycanın özündə AzadlıqRadiosunu dinləyənlərin sayı yetərincə idi.

Bir dəfə canlı efirə bir dinləyici qoşulmuşdu – AzadlıqRadiosunu, 50 ildən çox dinləyən bir kişi...


“QURTULUŞ”UN ŞƏRƏFLİ TARİXİ VAR!

Mətləb üstünə gəlim.

Əziz dinləyənlər! Əziz oxucular!

Bu günlər AzadlıqRadiosunun Azərbaycan xidmətinin 60 yaşı tamam olur.

İlk adı ”Qurtuluş” olan radionun!

Bu radio çox böyük çalışmalardan, mübarizələrdən sonra yaranıb.

Bu radionun tarixində Ceyhun bəy Hacıbəylinin, Əbdürrəhman Fətəlibəyli-Düdənginskinin Məcid Musazadə-Qarsalanlının, İsmayıl Əkbərin, Əli Aranlının...adı var.

Bu radionun tarixində Fətəlibəyli-Düdənginskinin qanı var.

Neçə-neçə Vətən ayrısı soydaşlarımızın səsi, nəfəsi, ümidi var.

Bu radionun şərəfli tarixi var!


MƏN SƏNİ SEVİRƏM!

Özündən başqa hamıdan danışmağı sevən bir radionun əməkdaşıyam mən.

Bu gün, bütün peşəkar yasaqlara baxmayaraq, ondan yazmağa qərar verdim.

Onu sevdiyimi, onunla fəxr etdiyimi birbaşa üzünə demək istədim.

Hər zaman yazılarımda: “sevdiklərinizə onları sevdiyinizi vaxtında söyləyin”– yazan mən bu gün öz yazdığıma əməl edirəm:

Mən səni sevirəm!
Səninlə qürur duyuram!
Nə yaxşı ki, sən varsan!
Çünki sən bənzərsizsən!


ÖZÜ-ÖZÜNÜ YEYİR!

Sən media məkanında özü-özünü yeyən bir qurumsan.

Bu, sənin missiyandır.

Harada ki demokratiya, insan haqları, hüququn aliliyi qorunur – orada sən yoxsan!
İndiyədək bir neçə ölkə elə taleyə yüksəldiyindən həmin ölkələrdə sən “ölmüsən”...
Özün-özünü yemisən...

(Kaş mənim Vətənimdə də sənin özünü yediyini görə biləm. Lap işsiz qalsam da! Lap sənsiz üzülsəm də!)


SƏNİ YELLƏDƏN KÜLƏK OLMAQDAN QÜRURLANIRAM

Ölümüylə dünyaya demokratiya dərsi verən, necə yaşamağı öyrədən radiom!
Son dəfə sənə üz tuturam:

60 yaşın mübarək!

60 illik mücadilən mübarək!

“Səni yellədən külək” olmaqdan çox xoşbəxtəm!

Səni sevən: Sevda İsmayıllı

P.S. Bu yolda yürüyən – mücadilə edən, qanı tökülən hər kəsin ruhu şad olsun!

P.P.S. Və sizi bir daha 1965-ci ilin 28 Mayında AzadlıqRadiosunun Münhen bürosunda Azərbaycan mühacirlərinin oxuduğu Cümhuriyyət himnimizi dinləməyə çağırıram.

***

Bunlar müəllifin şəxsi fikirləridir. Sizin də bu mövzuda deyəcəkləriniz varsa, buyurun, aşağıdakı foruma göndərin.

Ən son yazılan

XS
SM
MD
LG