Keçid linkləri

Təcili xəbərlər

Dördüncü görüş baş tutmadı...


Zakir Sadatlı
Zakir Sadatlı
-
İşə gəlib kompüterimi açınca gözlənilməz xəbərdən sarsıldım: Azərbaycan jurnalistikasına itki üz verib. Yazıçı-jurnalist Zakir Sadatlı dünyasını dəyişib...

Lap uşaq kimi: – «Bu nə zarafatdır» – deyə düşündüm.

Zakir Sadatlının ölən vaxtıydımı?

Heyhat! Ölüm vaxta, vədəyə baxmır gerçəyini unutmuşdum...

İLK TANIŞLIQ

Yalnız imzasını tanıdığım Zakir bəylə ilk tanışlığım 2011-ci ilin qızmar yayında olmuşdu.

O, Əziz Alpoutun «Həyatımın hekayətləri» gündəliklərini təzəcə çap etdirmişdi.
Əzizi Alpoud Azərbaycan mühacirlərindən olub.

Bolşevik işğalından sonra Vətəndən didərgin düşüb.
Bütün həyatı mücadilədə keçib.
Zakir bəy bu şəxsin izinə təsadüfən – 1998-ci ildə «Azadlıq yolunun mücahidləri» adlı sənədli filmi hazırlayarkən düşüb.

Arxiv sənədlərinə baxarkən əlinə qəribə bir məktub keçib.

Məktubu Azərbaycanın müstəqilliyinə imza atan 26 şəxsdən biri – Əkbərağa Şeyxülislamzadə Gəncə üsyanının başçısı Cahangir bəy Kazımbəyliyə ünvanlayıbmış. Məktubda Əkbərağa Əziz Alpoutun adını çəkir, onu nəhəng siyasətçi, böyük millətçi, azadlıq aşiqi kimi dəyərləndirirmiş.

ANKARA - 2008-Cİ İL

Zakir bəy yerli mütəxəssislərə üz tutsa da, ondan soraq verən tapılmır.

10 il sonra – 2008-ci ildə türkdilli dövlətlər arasında keçirilən ədəbiyyat yarışmasında Azərbaycan üzrə qalib çıxan Zakir Sadatlını Ankaraya dəvət edirlər.

Görüşlərin birində o, Şərqdə ilk demokratik Cümhuriyyətin Azərbaycanda yarandığını vurğulayır.

Söhbətə qatılan tanınmış türk isimlərindən biri Əziz Alpoutdan söz açır.

Zakir bəy həmin adamın vasitəsilə Əziz bəyin izinə düşür...

ƏZİZ BƏY SANKİ «ƏLİ VƏ NİNO»DAKI ƏLİNİN PROTOTİPİDİR

1961-ci ildə Türkiyədə yazılmağa başlayan bu gündəliklər uzun illər saxlandığı sandıqdan çıxıb 2011-ci ildə Bakıda çap olundu.

Kitabda nələr yoxdur, ilahi!

Əziz bəyin Azərbaycanın tarixi ilə çulğalaşan həyatı su kimi axıb keçir.
1918-ci ilin mart qırğınlarında gənc Əziz səngərdə olub...
Qırmızı Ordunun Bakını alacağını təsadüfən bir rəfiqəsindən eşidib. Cümhuriyyətin rəhbərləri «Metropol» otelində banketdə imiş...

«Əli və Nino»da təsvir olunan işğal dövrüylə bu gündəliklərdə yazılan həmin dövr arasında qəribə bir oxşarlıq var...

1921-ci ildə rus işğalına qarşı planlaşdırılan milli qiyamda da Əziz ön sıralarda olub.
Sonra Bakıda həbs, Sibir sürgünü, Əziz bəyin minlərlə km yolu velosipedlə getdiyi İran, Türkiyə, Almaniya...

Ömrü boyu Vətən həsrəti ilə yaşayan Əziz bəyin macəra dolu yaşamı, ömrügödək Cümhuriyyətimizin keşməkeşli iki ili, Vətən ayrısı mühacirlərimizin ürəkgöynədən həyatı bu gündəliklərdə bütün acısı-ağrısı ilə əksini tapıb.

UNUDA BİLMİRƏM...

Zakir Sadatlı Türkiyədə Əziz Alpoutun qızı ilə görüşür
Zakir Sadatlı Türkiyədə Əziz Alpoutun qızı ilə görüşür
İnanın, bu kitabı oxuduğumdan 2 il keçib, ancaq onu unuda bilmirəm...

Hamınızdan xahişim budur ki, onu mağazalardan alıb kitab dolabınızın ən dəyərli yerinə qoyun...

Zakir bəy özü də bunu istəyirdi. Deyirdi, alın, kitab rəfinizə qoyun, özünüz oxumasanız da, qoy gələcək nəsillər oxusun...

İKİNCİ GÖRÜŞ...

Zakir bəy bu kitabla bağlı iki dəfə AzadlıqRadiosunun «İz» proqramının qonağı oldu. Bir dəfə kitab Azərbaycanda çıxanda, ikinci dəfə kitabın türkcə nəşrinə nail olanda.

O, Türkiyədə Əziz Alpoutun qızı ilə görüşdü. Ankarada Əziz bəyin uyuduğu Karşıyaka məzarlığına baş çəkdi. Onun vəsiyyətinə də əməl etdi. «Azərbaycandan gələn olsa, qoy məzarıma su səpsin» – deyibmiş Əziz bəy...

Araşdırmalarını davam etdirmək üçün yeni sənədlər tapdı. Əziz bəyin evində qoruyub əzizlədiyi 80 yaşlı üçrəngli bayrağı da gördü. «Onu Azərbaycana gətirmək lazımdır» – deyib sızladı...

ÜÇÜNCÜ GÖRÜŞ: EY FÜZULİ, EY MƏZARI DAĞILAN!

Zakir bəylə üçüncü görüşümüz onun «İraq olsun» adlı kitabının çapından sonra baş tutdu.

Kitab yazıçının İraq xatirələrinə həsr olunmuşdu.

Zakir bəy həyatını təhlükəyə ataraq İraqı qarış-qarış gəzmiş, sənədli film çəkmiş, Füzulinin qohumları ilə görüşmüş, şairin indi hovuz altında qalan məzar yerini ziyarət etmişdi...

Ərəb və türkmən alimləri ilə söhbətlərdən sonra bu nəticəyə gəlmişdi:

«Məlumatsızlıqdanmı, ya nədənsə indiyədək Füzuli haqqında olan informasiyalara, xüsusən də həyatı və tərcümeyi-halı ilə bağlı bilgilərə ədəbiyyatşünaslarımız yenidən baxmalıdır. Füzuli haqqında bildiklərimiz təəssüf ki, səhvdir».

DÖRDÜNCÜ GÖRÜŞ BAŞ TUTMADI

Lap təzəlikdə Zakir bəyin Əfqanıstan xatirələri kitabının çıxdığını eşitdim. Onun 80-ci illərdə Əfqanıstanda hərbi xidmətdə olduğunu bilirdim.

«Çağıraram, gəlib bizə xatirələrini danışar» – deyə düşündüm.

Amma 4-cü görüş baş tutmadı.

Zakir bəyin qəfil ölümü bu görüşü pozdu...

ÜÇRƏNGLİ BAYRAĞINLA MƏSUD YAŞA!

Sevda İsmayıllı
Sevda İsmayıllı
Dediyim kimi, Əziz Alpout gündəlikləri 1961-ci ildə yazmağa başlamışdı.
Onun ən böyük arzusu vaxtilə Azərbaycan Milli Məclisinin üzərində ucalan üçrəngli bayrağın yenidən dalğalanmasını görmək idi. «Hazar-dan koşub gelen külek de onu okşar. Ölmeden görürsem, ne mutlu bana»–yazmışdı.

İki-üç il də yaşasaydı, Əziz bəy o tarixi görə bilərdi...

1961-Cİ İLDƏ DOĞULAN OĞLAN UŞAĞI...

Zakir bəy bu gündəliklərin izinə düşməsini, onu tapıb çap etdirməsini taleyin ona bağışladığı bir qismət kimi görürdü.

Və söhbətlərində vurğulayırdı ki, taleyin işinə bax, Əziz bəy Türkiyədə o gündəlikləri yazmağa başlayanda, onun həsrətini çəkdiyi Azərbaycanda bir oğlan uşağı doğuldu...

«O mən idim» – deyirdi Zakir bəy – «1961-ci ildə bu gündəlikləri üzə çıxarmaq üçün dünyaya gəlmişdim...».

Ruhu şad olsun! Və bizlərə dəyərli insanlara ağı yazmağı qismət eləməsin...

Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir.

Ən son yazılan

XS
SM
MD
LG