.
Türkiyədə qəribə bir hadisə olub.
Öz seçiciləri ilə görüşən bir millət vəkili seçicilərinin aramsız şikayətlərinə tuş gəlib.
Ona ən çox maaşların azlığından, güzəranın pisliyindən şikayətləniblər.
Nə edəcəyini bilməyən millət vəkili başlayıb öz halından gileylənməyə...
Deyib ki, mənim də vəziyyətim ürəkaçan deyil. Düzdür, hamı deputat maaşının yüksəkliyindən danışır, amma əslində elə deyil.
Əlavə edib ki, zatən, mən heç öz maaşımın üzünü görmürəm.
Hamısını köməkçim alır və xəstələrə, kimsəsizlərə xərcləyir.
Kişi o qədər sızıldayıb ki, bütün şikayətçilər susub və matdım-matdım “kasıb” millət vəkilinin üzünə baxmağa başlayıb...
AMCA, MƏNİM NƏ DEDİYİMİ EŞİTDİNMİ?
Birdən millət vəkilinin gözü adamların içindəki bir qocaya sataşıb.
– Amca (əmi) – deyib, – mənim nə dediyimi eşidirsən?
Kişinin yanındakılar millət vəkilinin sualını qocaya çatdırıblar.
92 yaşlı qoca qulağı ağır eşitdiyindən onun dediklərindən heç bir şey anlamadığını bildirib.
Millət vəkili gülüb və belə söyləyib:
- Eyb etməz, amca. Sən elə bax, yetər!
DÜNYADA MİLLƏT VƏKİLLƏRİ NƏ QƏDƏR MAAŞ ALIR?
Bilməyənlərə bildirim ki, Türkiyədə millət vəkili 5 600 ABŞ dolları alır. 2 il millət vəkilliyi edən pensiya haqqı qazanır və pensiyaya çıxınca ömürlük təminatda yaşayır. Türkiyə mediası dünya ölkələrindəki millət vəkilləri maaşlarının da siyahısını verib:
Norveç – 7.500 $
İsveç – 4.200 $
Danimarka –5.000 $
Finlandiya – 4.000 $
Hollandiya – 5.660 $
Avstriya – 8.100 $
Belçika – 5.064 $
İngiltərə – 6.200 $
Fransa – 4.648 $
İtaliya – 9.150 $
İspaniya – 2.312 $
Çexiya – 1.900 $
Litva – 820 $
Polşa – 1.893 $
Ermənistan – 200 $
2 ölkəni də biz əlavə edək:
Ukrayna – 1900$
Azərbaycan – 2750$
YAŞAMAQ GÖZƏLDİR, AMCA!
Qayıdaq əsas söhbətimizə…
Harada qalmışdıq?
Hə, millət vəkili qulağı ağır eşidən qocaya demişdi ki, amca, eşitməsən də olar, sən elə beləcə bax, yetər!
Deyirəm, Türkiyə özü bilər, amma biz elə 3-cü onillikdir ki, baxırıq...
Eynən o qoca kimi...
Və yetir!
Və bəs edir.
Və həyat davam edir!
Yaşamaq gözəldir, amca!!!
Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir.
Sən də öz fikirlərinizi aşağıdakı foruma yaza bilərsən.