Keçid linkləri

Təcili xəbərlər

KQB Britaniya kraliçasının bacısına «böcək» qoyduğunu etiraf edib


Şahzadə Margaret
Şahzadə Margaret
-
Keçmiş SSRİ-nin Dövlət Təhlükəsizlik Komitəsi (KQB) kraliça Elizabeth II-nin bacısı, mərhum şahzadə Margaret-i 1964-cü ildə izləyib. Onun Kopenhagenə səfəri zamanı alışqan və külqabısına dinləmə qurğusu yerləşdirib.

Sovet kəşfiyyatı həmçinin keçmiş Baş nazir Harold Wilson-u «məhəbbət toru»na salmaq istəyib.

Sovet casusları Britaniya kral ailəsinə dinləmə qurğuları qoyduqlarını axır ki, etiraf ediblər.

SSRİ-nin məxfi agentləri 1960-cı illərdə şahzadə Margaret-in şəxsi əşyalarına – alışqanına, portsiqarına, külqabılarına və telefonlarına «böcək» qoyubmuşlar.

Londonda çıxan «Sunday Express» yazır ki, sovet kəşfiyyatı Margaret-i 1964-cü ildə Danimarkaya səfəri zamanı hədəfə alıb.

Qəzet bildirir ki, ruslar indiyədək bu əməliyyatın keçirildiyini inkar edirdilər.

Lakin indi bəlli olub ki, Moskva, şahzadənin Robin Douglas-Home, Roddy Llewellyn, Colin Tennant və sonralar intihar etmiş rəssam Dominic Ewes-lə əlaqələrini izləyirmiş.

MARGARET-İN QEYBƏTLƏRİ KREMLƏ ÖTÜRÜLÜRDÜ

Qəzet yazır ki, casuslar şahzadənin fotolarını, danışıqlarının lent yazısını və hətta onun monarx ailə üzvləri barədə «xoşagəlməz və qalmaqallı» qeybətlərini Moskvaya ötürürmüşlər.

Bu da xəbər verilir ki, ruslar informasiyanı həmçinin Margaret-in həkimi Kay Kiernan-dan da almağa cəhd edirmişlər. O vaxtlar Kiernan həm də əlahəzrətin özünü müalicə edirdi.

Kraliçanın əri şahzadə Phillip haqqında məlumatlar elitar falçı və rəssam Stephen Ward vasitəsilə toplanırmış. Sonralar bu falabaxan Britaniyada baş vermiş hay-küylü «Profumo qalmaqalı» zamanı intihar edib.

PROFUMO QALMAQALI VƏ YA İKİLİ MƏŞUQƏ
Harold Wilson
Harold Wilson

1963-cü ildə baş vermiş qalmaqalın adı ovaxtkı Müdafiə naziri John Profumo-dan qaynaqlanır. Onun məşuqəsi Christine Keeler-in həm də bir sovet casusunun məşuqəsi olduğu üzə çıxmış, nazir bu münasibətlər barədə sorğu-sual ediləndə parlamentə yalan məlumat vermişdi.

Bundan dərhal sonra müdafiə naziri istefa verməli olub.

Lakin bu qalmaqal hökumətə elə bir zərbə vurub ki, bir neçə ay sonra Baş nazir Harold Macmillan-nın hökuməti tam heyətdə istefaya gedib.

HAROLD WİLSON KQB-Nİ BARMAĞINA NECƏ DOLADI?

Moskva otellərindən birində Britaniyanın keçmiş Baş naziri Harold Wilson-nu (o vaxt o hələ baş nazir deyildi və müxalif Leyborist Partiyasının lideri idi) isə «məhəbbət toru»na salmaq mümkün olmayıb.

KQB-nin fahişə rolunu oynayan qadın əməkdaşları Kremlin yaxınlığındakı otelin qarşısında keşik çəkirmişlər.

Wilson-nun qaldığı nömrənin yataq otağında gizli kameralar çilçırağın içində yerləşdirilibmiş. Lakin sonradan lentlər işlənəndə, kadrların heç birində onun sifəti görünməyib.

Əməliyyata cavabdeh mərhum polkovnik Vadim Goncharov xatırlayırmış ki, 1994-cü ildə Kreml ondan televiziya ilə bu iddiaları inkar etməsini istəyib.

Vadim Goncharov
Vadim Goncharov
O vaxtlar kraliça Elizabeth II-nin Rusiyaya dövlət səfərinə hazırlıq gedirdi.

«Sunday Express» yazır ki, ötən həftə Rusiyanın «Komsomolskaya Pravda» qəzeti də Britaniya şahzadəsi Margaret-in içki məclislərinin KQB tərəfindən güdüldüyü barədə məlumat verib.

Qəzet bildirir ki, Goncharov-un fəaliyyətinə həsr edilmiş «Kreml Windsor-lara qarşı» kitabı gələn il işıq üzü görəcək.

Kitabın müəllifi «Komsomolskaya Pravda» -nın kəşfiyyat məsələləri üzrə təhlilçisi Gennady Sokolov-dur.

Sokolov bildirir ki, superçekist Goncharov dünyanın yüzdən artıq ölkəsində əməliyyatlar aparmışdı və ona dəfələrlə sui-qəsdlər edilmişdi.

«Margaret» əməliyyatı barədə sonralar onun özü də etiraf edirmiş ki, «orada yalnız qonaqlar vardı, məşuqlar aşkar olunmadı».

Casus bunu da deyirmiş ki, şahzadə Margaret-ə qarşı kompromat Moskvaya Londonda «bəzi qapıları açmaq üçün lazım imiş».

Wilson-nu niyə «ilişdirə» bilmədiyinə dair suala Goncharov yanıqlı bir cavab verərmiş:

«Deyəsən axı o, bizi yaxşıca barmağına doladı…».
XS
SM
MD
LG