Keçid linkləri

Təcili xəbərlər

Vahid namizəd probleminin həlli varmı?


2008-ci il parlament seçkiləri ərəfəsində mitinq
2008-ci il parlament seçkiləri ərəfəsində mitinq
-

Bəlkə də siyasətdən tamam uzaq adam üçün bu sual heç bir məna kəsb etmir. Amma mən bir vaxt ona o qədər aludə olmuşdum ki, Polşada olarkən bu haqda hüquq müdafiəçisi M. Nowicki-dən (M. Noviski) də soruşmuşdum. O, mənə dedi ki, çalışın qeyri – hökumət təşkilatlarının sayı çox, partiyaların sayı isə mümkün qədər az olsun, çünki partiyaların az, amma güclü olması daha məqsədəuyğundur. O, hətta Polşanın təcrübəsindən də misal çəkdi. Sən demə, ilk illərdə bu ölkədə hətta prezident seçkisinə 30-dan çox partiya qatılırmış. O vaxt düşündüm ki, bizdə vəziyyət hələ nisbətən şükürlüdür. Amma bu zahiri təskinlik idi, çünki Azərbaycanda da partiyaların sayı, əgər qeydiyyata alınanları saysaq, 30-dan çoxdur. İndi budur, növbəti il üçün siyasətin konturları artıq aydınlaşır. Bu günlərdə Prezident Administrasiyasının rəhbəri R. Mehdiyev «Növbəti prezident kim olacaq?» sualına çox maraqlı cavab verdi. Dedi ki, Azərbaycanın 2020-ci ilə qədər inkişaf konsepsiyası var, həmin konsepsiyaya baxaraq, kimin prezident olacağını bilmək olar! Bu, hakimiyyətin həmin məsələ ilə bağlı sükutuna birdəfəlik aydınlıq gətirdi. Amma siyasətdə heç də bütün proqnozlar və niyyətlər doğrulmur, hətta onlar yüksək rütbəli məmurun dilindən səslənsə də, çünki R. Mehdiyev daha bir məsələyə də münasibətini bildirdi. O, dedi ki, bir müddətdir «Milyarderlər İttifaqı» kimi tanınan qurumun Rusiyadakı diaspora aidiyyəti yoxdur və bu hadisəni diasporun parçalanması kimi qəbul etmək lazımdır… Bu vaxta qədər hakimiyyət bu məsələ ilə bağlı birmənalı şərhlərdən yan keçirdi, məsələyə ümumi ifadələrlə münasibət izhar edirdi. Amma görünür artıq səbir tükənib. Burada maraqlı bir tendensiyanı da qeyd etmək yerinə düşərdi. Kim hakimiyyətə qarşı sərt tənqidlə çıxış edirsə, tez bir zamanda məlum olur ki, onların diaspora və yaxud da ziyalılara, ümumiyyətlə, cəmiyyətə heç bir aidiyyəti yoxdur. Həqiqətən də maraqlı məntiqdir. Sovetlər vaxtında bir sovet ziyalıları vardı, bir də burjua ziyalıları, bir «bizimlə olanlar» vardı, bir də «olmayanlar». Görünür, ideoloji ştamplar ötən 21 il ərzində bir o qədər də dəyişməyib. Yazının əsas mövzusuna – müxalifətin vahid namizəd məsələsinə gəldikdə isə, müxalifət heç cür qəbul edə bilmir ki, cəmiyyətin siyasətlə maraqlanan təbəqəsində bu məsələyə sosial sifariş var, çünki insanlar müxalifətdən danışanda birinci olaraq məhz onların birləşə bilməməsini qınaq kimi səsləndirir. Bir insanın və yaxud da üç insanın rəyini subyektiv hesab etmək olar, amma ola bilməz ki, bu qədər insan bir məsələdə belə qərəzli və subyektiv olsun. Yuxarıdakı qısa açıqlamadan belə nəticə çıxarmaq olar ki, 2013-cü ilin seçkisi çox gərgin keçəcək, hətta hakimiyyət bu məsələdə özünü çox sakit və rahat aparsa belə. Məlum məsələdir ki, hələ siyasi emosiyalara meydan verilmir. Amma bu, sona qədər davam edə biləcəkmi? Güman etmirik. Bəzən siyasət əsəbləri həqiqətən də tarıma çəkir. Amma artıq danışmağa başlayıblar, necə deyərlər, «cin butulkadan çıxıb». Düzdür, hakimiyyəti bu məsələdə müxalifətdən çox Rusiyadan əsən siyasi küləklər narahat edir. Fəqət, fərqi yoxdur, fakt odur ki, narahatlıq getdikcə daha çox hiss olunur.

İKİ NAMİZƏD YAXŞIDIR, BİR NAMİZƏD İSƏ DAHA YAXŞI

Müxalifətin vahid namizəd məsələsində öz arqumentləri var. Onlar bu vaxta qədər çox səsləndirilib və hamıya məlumdur. Amma sual yaranır. Bir namizəd ilə seçkiyə getməyin effekti doğrudan da böyük ola bilərmi? Bunun üçün 1998-ci ilin təcrübəsi var. O vaxt müxalifət partiyalarının əksəriyyəti seçkini boykot etdi, amma E. Məmmədov seçkiyə qatıldı. Son nəticədə seçki saxtalaşdırılsa da, E. Məmmədovun şəksiz uğur qazandı: o, ən azı seçkinin ikinci turunu təmin edəcək qədər səs topladı. Bu fakt göstərir ki, cəmiyyət bülletendə bir namizədin adını görəndə tərəddüd etmir, səslər parçalanmır.
Deməli, artıq belə bir təcrübə var. Bütün müşkül məsələlərin həlli olduğu kimi vahid namizədi təyin etmək üçün də çox mexanizm düşünmək olar. Amma ən böyük mexanizm reallıq hissidir. Çətin olsa da, hər bir namizəd prinsipcə özünün şanslarını qiymətləndirə bilər, bu heç də mümkünsüz deyil. Ona görə də reallıq hissi ən yaxşı siyasi barometrdir.

NAFTALİN İYİ, YOXSA FRANSIZ ƏTRİ?

2013-cü il ərəfəsində ziyalı mühitində ciddi parçalanma baş verdi. Əgər bu gün R. Mehdiyev belə bir parçalanmanın Rusiya diasporunda baş verdiyini də etiraf edirsə, artıq bu, ciddi məsələdir. Artıq müxalifət «naftalin» iyi deyil, fransız ətri qoxuya bilər və o, uğursuz insanların birliyindən bütün narazı insanların birliyinə çevrilə bilər. Onun belə bir şansı var. Amma o, bu şansdan istifadə edə biləcəkmi?

Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir

Ən son yazılan

XS
SM
MD
LG