Keçid linkləri

Təcili xəbərlər

İslamda islahat mümkündürmü?


Arxiv foto: Aşura mərasimi
Arxiv foto: Aşura mərasimi
-

Dini həyatın nöqsanlarından biri budur ki, açıq və sərbəst diskussiyalar çox az olur. İnsanlar ya öz fikirlərini azad şəkildə ifadə etməyə ehtiyat edir, ya da bunu bütün tərəflər üçün məqbul sərhədlərdə etməyə çətinlik çəkirlər. Əgər desək ki, bu vaxta qədər islamı təftiş etmək cəhdləri olmayıb, bu, yanlışlıq olardı. Belə olsaydı bu qədər təriqət, müxtəlif fəlsəfi konsepsiyalar olmazdı. Amma bu, elə bir prosesdir ki, daim davam etməlidir. İnsanların doğru yol, həqiqət axtarışlarının özü bəlkə də Tanrının onlara bəxş etdiyi ən ali keyfiyyətlərdən biridir. Mən Avropada dini reformasiya ilə bağlı çox oxumuşam. Orada bu məsələ Ian Gus-dan (Yan Qus) başlamışdı. Yan Qus öz təlimində deyirdi ki, hər bir xristian həqiqət axtarmalıdır, hətta bu axtarış onun rifahı, rahatlığı və şəxsi həyatı üçün təhlükə yaratsa belə. Dini tək inkar etməklə, ondan üz çevirməklə iş düzəlmir. Həqiqət axtarışı dini hikmətlərin daha yüksək səviyyədə dərkinə gətirib çıxarmalıdır. Təcrübədə dini inkar və yasaq etmək halları çox olub. Mən inanmıram ki, gələcəkdə kimsə bu məsələdə sovetlərdən uzağa gedə bilsin. Amma nə oldu, nə ilə bitdi bu proses? Bunu hamı bilir. Amma hamı dinin ehkama çevrildiyi təcrübəni də görür. İranın timsalında bu təcrübə getdikcə daha çox insanın dindən uzaq düşməsi, ona yadlaşması ilə nəticələnir. Deməli, normal təcrübə, normal vəziyyət haradasa ortada – mərkəzdə olmalıdır. Zor dini praktikadan tamamilə istisna edilməlidir. Biz tez-tez unuduruq ki, Ümumdünya İnsan Haqları Bəyannaməsi etiqad etməyi və etməməyi eyni səviyyədə tutur. Etiqad edənlərin özləri də müxtəlif qruplara bölünür. Elə adamlar var ki, dini ayinləri sistematik icra edir, elə insanlar da var ki, bunu etmir, amma buna baxmayaraq özlərini dindar hesab edirlər. Məsələn, ABŞ sosioloqlarının sorğuları göstərir ki, sistematik olaraq kilsəyə gedənlərin sayı özünü dindar hesab edən, amma kilsə ilə yaxın ünsiyyətdə olmayan insanların sayından qat – qat azdır. Bu qruplar arasında normal halda şəffaf sərhəd olur, antoqonist ziddiyyətlər olduğu vəziyyətdə isə münasibətlər qarşıdurmaya çevrilir. Birdəfəlik qəbul etmək lazımdır ki, dini baxışlar arasında, dinin özünə münasibətdə olan fərqlər insan ləyaqətinə münasibətdə təzahür etməməlidir, çünki ləyaqət bütün insanlara xasdır. Amma bəzi ölkələrdə, xüsusən də Azərbaycan kimi hələ də bir sıra feodal – patriarxal adətlərin yaşadığı ölkələrdə belə bir fikir hökm sürür ki, əxlaq və ləyaqət öz başlanğıcını bilavasitə dindən götürür və dindar insanlar daha əxlaqlı hesab olunurlar. Bəzi ailələrdə çox erkən yaşlarda qızların çadra gəzdirməsi, dini həyata cəlb edilməsi də daha çox bununla bağlıdır. Hətta bəzən belə bir sadə həqiqət unudulur ki, biz 21-ci əsrin analarını yetişdirməliyik. Burada keçmişdən bir misal çəkmək yaxşı olardı. 20-ci əsrin əvvəllərində varlı müsəlman kişiləri təzədən xristian qadınlarla evlənirdilər. Bunun səbəbi o, idi ki, müsəlman qızları kübar cəmiyyətin, hətta dünyəvi həyatın qayda – qanunlarını bilmirdilər, böyük hissəsi savadsız olurdu. Bu da müsəlman kişilərini xristian qadınları ilə evlənməyə vadar edirdi. İndi isə 21-ci əsrdir. Təkcə ibadət etmək, çadra və ya pərəncə gəzdirmək 21-ci əsrin anası üçün kifayətdirmi? Düşünmürük. Amma dini həyatın çətinlikləri bununla bitmir. Elə məsələlər var ki, onlar dindar kişilər üçün də eyni dərəcədə problem yaradır.

DİNİ AYİNLƏRİN SAYINI AZALTMAQ OLMAZDIMI?

Arxiv foto
Arxiv foto
İslam dindarların həyatını çox ciddi şəkildə reqlamentləşdirir. Təsəvvür edin, ildə bir ay orucluq, əlli gün məhərrəmlik, bundan başqa gündə bir neçə dəfə namaz, cümə axşamları və üstəlik tanışların yas mərasimləri! Bu 365 gün üçün çox deyilmi? Bəlkə bunların sayını azaltmaq daha yaxşı olardı? Heç bir din bu qədər ayinlə yüklənməyib. Bundan başqa, ayinlərin çoxunun ərəb dilində icra edilməsi də az problem yaratmır. Bəli, indi vəziyyət nisbətən sadələşib, dini kitabların tərcüməsi var. Amma hamı bu tərcümə ilə tanışdırmı? Elə insanlar var ki, belə tərcümələri prinsipial olaraq qəbul etmirlər, belə hesab edirlər ki, tərcüməçilər dinin bəzi mətləblərini təhrif edirlər. Ana dilindən söhbət gedəndə deyirlər ki, din müsəlmanlara ərəb dilində göndərilib, ona görə də ərəb dilində ibadət etmək lazımdır. Amma İncil də rus dilində, ingilis və ya alman dilində yaranmayıb. Bəs niyə bir sıra millətlər dini ayinləri öz ana dillərində icra edirlər?

KİÇİK SÖZARDI

Dini həyat bir çox ölkələrdə, eləcə də Azərbaycanda çox mühafizəkardır. Bəzi hallarda insanlar bəzi dini ayinlərin ağırlığından, yas mərasimlərinin sərvət, var – dövlət yarışına çevrilməsindən şikayət edirlər. Amma elə ki, kiminsə yaxını vəfat edir, o, bu vaxta qədər dediklərini unudur, məcbur olur ki, mövcud dini qaydaları bir – bir təkrar etsin. İslahatın başlaması üçün kimsə birinci olmalıdır. Amma kim? Məsələ buna çatanda bir də görürsən ki, meydanda heç kim qalmayıb…

Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir

Ən son yazılan

XS
SM
MD
LG