-
ŞAMAN KOMPLEKSİ
Efir azı bir həftə zəbt olundu. Ancaq Mayya təqvimindən, dünyanın sonundan danışdılar. Deyilənə görə, mağazalara baş çəkən, şam və hətta ərzaq ehtiyatı görən də az olmadı. İndi artıq deyilənləri və yazılanları sınamağın vaxtına o qədər də çox qalmayıb, dekabr qapıları döyür. Nə olacaq? Heç nə. Adi bir gün, bəlkə də bir tipik qış günü olacaq və hər şey də tez unudulacaq. Amma ən pisi də elə budur. Fikirləşirəm, görən, yeni «mayyaşünas»lar, heç olmasa, azacıq da olsa utanacaqlarmı? Yəqin ki, yox. Onların başı növbəti sensasiya axtarmağa qarışacaq, bəlkə heç özləri də bilməyəcək ki, dekabrın 21-i necə gəlib keçdi! Dünyanın axırını xəbər vermək cəhdləri tarixdə çox olub. Bir hadisə haqda çoxdan, lap uşaqlıqda oxumuşdum. Belə bir riyaziyyatçı olub - John Napier (16-17-ci əsrlərdə yaşamış Şotlandiya alimi). İndi təhsilin səviyyəsi o qədər ürəkaçan olmasa da, hər bir orta məktəb şagirdi onu tanımalıdır, çünki məktəblilərin öyrəndiyi loqarifmləri riyaziyyata o daxil edib. Amma bu Napier-in başqa bir hobbisi də varmış, riyaziyyatın köməyi ilə gələcəyi xəbər verməyə çalışırmış. Bir gün belə nəticəyə gəlir ki, bəli, artıq dünyanın sonudur. Orta əsr alimləri öz kəşflərini bəyan etməyi sevməsələr də, onları gizli saxlamağa çalışsalar da, Neper belə etmir, əksinə, bütün şəhər əhlinə dünyanın sonunun çatdığını xəbər verir. Hamı inanır, işini-gücünü atır və qiyaməti gözləməyə başlayır. Deyilən vaxt gəlib yetişir, amma heç nə baş vermir. Son da bu olur ki, Napier qəzəblənmiş kütlənin əlindən canını zorla qurtarır. Təbii ki, bu, nə birinci, nə də sonuncu hadisə idi. Sonralar da buna oxşar hadisələr baş vermişdi. Bunun səbəbləri haqda çox söz demək olar. Nədən insanlar bələ anlarda ciddi alimlərə deyil, fırıldaqçılara daha tez inanırlar? Nədən elm onları inandırmaq iqtidarında olmur? Mənə elə gəlir ki, insan psixikasının alt qatlarında «qədim əcdadlardan qalma kompleks»lər var, belə hallar bəlkə də həmin komplekslərin təzahürüdür, çünki elə bir an, elə bir situasiya yetişir ki, insan özünün ibtidai əcdadına çevrilir, ondan fərqlənmir. Belə kompleksə həm də «şaman kompleksi» demək olar. İbtidai insanlar şamanlara sitayiş edib, onların başqalarına məlum olmayan həqiqətləri bildiyinə inanıb. Bu, müəyyən mənada ezoterizmə bənzər hadisədir. İnsanlar inanır ki, yalnız seçilmiş insanların üzünə açılan həqiqətlər və gizlinlər var. Buna şaman yaddaşı da demək olar. Bu yaddaş min illərdən bu tərəfə gəlir və insanlar ona qarşı alternativi ciddi şəkildə cəmi iki yüz – üç yüz il bundan əvvəl ortaya qoyub. Şaman yaddaşı isə artıq qeyd etdiyim kimi on min illərdir ki, davam edir.
YER İLƏ GÖY ARASINDA
Bir çox hallarda insan özünün ibtidai əcdadı qədər acizdir, baxmayaraq ki, o, kosmosa uçur, nüvə enerjisindən istifadə edir. Bunun bir səbəbi də odur ki, ən ali sualların cavabı hələ onun üçün açılmayıb. Bu suallar isə ölüm və olum suallarıdır. İnsan nə qədər çox bilsə də, zaman əqrəbinin, hətta deyərdim ki, həyat əqrəbinin, həyat siklinin istiqamətini dəyişmək iqtidarında deyil.
Ona görə də demək ki, mövhumat təkcə savadsızlıqdan yaranır, bu, bir qədər məsələni primitivləşdirmək olardı. Hərçənd ki, savadsızlığın da təsiri az deyil. Amma mən yas mərasimlərində, dini ayinlər icra olunan zaman ağlayan qadınlara və kişilərə diqqət yetirmişəm. Bu, haradasa mənim bir o qədər də yaxşı ifadə edə bilmədiyim «kollektiv təhtəlşüur»un təzahürüdür. İnsan Yerdə özünü tənha hiss edir. Bəzən deyirlər ki, bəs, insan təbiətin tacıdır. Amma insan təbiətə yad məxluqdur (Yerdəki təbiəti nəzərdə tuturam). İnsan kosmik varlıqdır, Göyə bağlıdır. Yerdəki tənhalıq, daim Yerdə hansısa sürprizlər gözləmək onun əllərini Göylərə qaldırır. Başqa bir canlıda Kosmos hissi, Kosmos təsəvvürü yoxdur, bu, yalnız insanda var. Bütün canlılar Yerdəki aqibətləri, taleləri ilə barışıblar. Təkcə insan bu varlıqlardan fərqli olaraq Göylərdən hədiyyə umur və Göylərin qəzəbinə gəlməkdən qorxur. İnsana həmişə elə gəlir ki, o, Yerə müvəqqəti göndərilib, onun əsl məkanı Göylərdir və gec – tez çəkilib ora aparılacaq. Bəlkə bu da elə hansısa «kollektiv yaddaşın», şüurun lap alt qatlarında ilişib qalan kosmik yaddaşın təzahürüdür?
KİÇİK SÖZARDI
Bu yazını mövhumata «elmi –nəzəri bazis» vermək kimi qiymətləndirmək lazım deyil. Motiv başqadır. Hətta psixoloqlar da həmişə kollektiv oyunlarda, ayinlərdə bir yaddaş, təhtəlşüur izi axtarıblar və indi də axtarırlar. Nədən bu qədər sadə, hətta bəsit dildə yazılmış dini kitablar insanları belə cəlb edir? Bəlkə ona görə ki, orada insanların eşitmək istədikləri yazılıb?
Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir