Keçid linkləri

Təcili xəbərlər

Dinlər «musiqi» kimi


Arxiv foto
Arxiv foto
-


Dinlərin bir paradoksu


Dinlər tarixinin ateist və humanist şübhələrə, imansızlıqlara güclü bəhanə verən ayıbları var. Dünya səhnəsində ciddi eyləmçiyə çevrilmiş hər dinin tarixi qanlıdır. Bu tarix təkcə başqa dinlərlə savaşda yox, həm də təriqətlər arası qırğınlarla yazılıb.

İşə bax ki, barışcıl, meditaiv sayılan Buddizm də bu günlərdə Birmada müsəlman qırğını törədib.

Özü qatı dindar olan, dini fəlsəfəni təmsil edən Kirkoqor təəccüblə yazırdı ki, dini nəzəriyyələr, baxışlar antinomyalar və əxlaqi ziddiyyətlərlə, qarşıtlarla doludurlar.

Hər biri bizə təbiətlə, insanlarla, olağanüstü güclərlə, Tanrı ilə ünsiyyət qurmağa söz verir, ancaq di gəl ki, özünün konkret üzəçıxmalarında savaşların, didişmələrin qaynağı olur. Din mütləq doğruya iddia edir, ancaq onun tarixi yanılmalar və bidətlər tarixidir.

O biri yandan, dinlər tarixi möcüzələrlə, insan və cəmiyyət qutunun, ruhunun materiya, ölümcül xəstəliklər üzərində möhtəşəm qələbələri doludur. Ona görə də müsəlman mollalarının, katolik yepiskomlprının heç bir biabırçılığı dinlərin özünü biabır etmir. Bax, bu durumda sual çıxır: necə etməli ki, dindarlar dinə yaraşmayan didişmələrə girməsinlər?

«Həqiqət» meyarının dinlərə tətbiqinin qorxusu


Mən indi bizim və başqalarının dini ilə bağlı elə nəsnələri deyəcəm ki, kimlərsə çaş qalacaq. Ya da öfkələnəcək. Ancaq tələsməsinlər.
Fərabi kimi filosoflarımız söyləmişlər: üstün, aşağı din yoxdur. Dinlər Bir olan Allaha fərqli yollardır və Allah-təala hər xalqa onun ruhuna uyğun yol vermişdir.

Demək istədiyim budur ki, dini (İslamı, Xristianlığı, Buddizmi) gerçəklə, yəni həqiqətlə bağlamaq düz deyil, hər halda indi aydın olub ki, düz deyil! Bir də ona görə düz deyil ki, gerçəklə bağlayanda bütün dünyada və hətta bir ulusun içində də nifaq salır. Bu nifaqa görə Ortaçağ Fransasında huqenotlar qırıldı və qovuldular…

Baxın, katoliklər yəhudilərin «Yahva» dediyi Tanrını İsa görkündə, simasında görüntülü edirlər, yəhudilər isə bu «yeniliyi» küfr sayırlar. Katoliklər yəhudilərə neçə yüzillər Tanrı qatili kimi baxırdılar: İsanı onlar çarmıxa çəkmişlər, axı, deyirdilər.

Müsəlmanlar Yəhudi və Xristianları Allahın buyurduqlarını pozmaqda, dəyiş-düyüşə salmaqda suçlayırlar. Xristianlar isə yəhudilərin onlarla ilgili söylədiyi bidət (yəni sonradan gəlib pis yenilik etmək) tənqidini bizə ünvanlandırırlar. Bütün bu gərginliyi yaradan isə dinlərdə, lap elmlərdə olduğu kimi həqiqət meyarının əsas götürülməsidir.

Ona görə də «kim doğru deyir?» sualının cavabı üstündə ortada qovğalar var. Katoliklərlə protestantlar arasında, hinduslarla buddistlər arasında, sünnilərlə şiələr arasında.

Halbuki 20-ci yüzilin erkənlərində ciddi fəlsəfə də Aristotelin həqiqət ideyası ilə vidalaşdı. Aristotel və onun Fərabi, İbn Sina, Tusi kimi davamçıları deyərdilər: gerçək insanın doğru təsəvvürüdür, yəni başında olan fikrin, təsəvvürün haqqında olduğu nəsnəni doğru göstərməsidir.
«Muğam doğrudur, yoxsa, Motsart doğrudur» sualı mənasız olduğu kimi, «hansı din doğrudur,» sorusu da elədir.

Ancaq bizlərin başında olan «Allah» ideyasını necə «həqiqət» meyarı ilə ölçək?! O, axı, Qeyb Aləmidir (Transendentdir), biz heç vaxt Onu görə bilmərik ki, başımızdakı ideyanı Onun Özü ilə tutuşdurub deyək ki, bizdəki Allah ideyası doğrudur.

Kimsə söyləyə bilər ki, hər halda başımızdakı ideyada var ki, «Allah birdir» (buna «tohid» deyirlər). Ancaq belə söyləyəndə cavabını alacaq ki, İslam fəlsəfəsində deyim var: «Touhidin ümmanı sonsuzdur». Yəni Allahın birliyi sənin düşündüyündən sonsuz dərəcədə fərqlənir.

Dinlərdə həqiqət ideyasını zəiflətmək yolu


Bu mürəkkəbliklərə görə də Fərabi kimi filosoflarımız söyləmişlər: üstün, aşağı din yoxdur. Dinlər Bir olan Allaha fərqli yollardır və Allah-təala hər xalqa onun ruhuna uyğun yol vermişdir.

Köşə yazısında hər şeyi yerli-yerində açmaq olmur. Onun üçün də qısa danışmalı olacam.

Təsəvvür edin ki, birisinin qarşısında indi yazacağım suallardan görünən problemlər durur:

«necə güc tapım ki, bütün urcahıma çıxan pisliklərə baxmayaraq yaxşı olum?»,
«necə yaşayım ki, ruhum «qurumuş ağaca» dönməsin?»,
«necə olum ki, dünyaya sevgi ilə baxmaqdan usanmayım?»,
«necə edim ki, cismim öləndən sonra heçliyə çevrilməyəcəyimə inanım?»,
«necə olum ki, ölüm qarşısında ləyaqətimi saxlayım?».

Hər din özünün müqəddəslər, möcüzələr sistemi, əxlaqi əhvalatları, möminlik şərtləri ilə elə bir dünya yaradır ki, problemini çözmək üçün o səni öz havasına salır.
Hər din insanı öz havasına salır ki, onu İnsan etsin.

«Hava» dedim, yadıma düşdü. Muğamın insan üçün yaratdığı hava ona kədərdən, nisgildən yoğurulmuş incə ruhaniliyin ləzzətini verir. O ləzzəti Motsart musiqisi də verir, hərçənd bu musiqinin düzümü, gəzişmələri muğamdan fərqli olduğu üçün, duyğular və düşüncələr də başqa çalarlarda olur.

Hər din bu mənada insanı öz havasına salır ki, onu İnsan etsin. «Muğam doğrudur, yoxsa, Motsart doğrudur» sualı mənasız olduğu kimi, «hansı din doğrudur,» sorusu da elədir.

Ancaq əvəzində «filan halları doğurmaq üçün hansı din yararlıdır, yaxşıdır» sualı isə düz qoyulub. İnsanlığı əyyaşlıq qorxusundan qorumaq üçün İslam əxlaqı daha təsirli «hava» ola bilər.

Zəhməti ibadət formasına çevirmək üçün isə, Veberin açdığı kimi, Protestantlıq faydalı olub, ona görə də kapitalizmin ruhunu bu konfessiya ilə bağlayırlar.
Musiqi üstündə mübahisə etmək olar: məsələn, demək olar ki, muğama qulaq asa-asa mən xalça gözəlliyini əlavə duyğularla yaşayıram, ancaq bu əlavəni Motsartdan ala bilmərəm. Bu mənada dinlər arasında da mübahisə, yarış ola bilər. Ancaq mənəviliyə enerji verən bu yarış hara – bir-birinə nifrətlə baxan xristian, müsəlman, buddist, hindus hara.

Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir.
XS
SM
MD
LG