Keçid linkləri

Təcili xəbərlər

İnternet: o, bu gün azaddır! Bəs sabah?


Foto: Arxiv
Foto: Arxiv
-
İlham Əliyevin internetə verdiyi önəm onun Bakıda keçirilən foruma qarşı münasibətində çox gözəl ifadə olundu: o, foruma qatılmadı, sadəcə iştirakçılara özünün müraciətini göndərdi. Foruma qatılmaq üçün başqa səbəblər də vardı. Tədbirdə BMT Baş katibinin müavini, Avropa komissiyasının vitse-prezidenti iştirak edirdi. Bu, bir tərəfdən BMT-nin və Avropa strukturlarının qloballaşan dünyada internetə verdiyi önəmin, digər tərəfdən də İ.Əliyevin ona münasibətinin göstəricisi hesab oluna bilərdi. Başqa vaxtlar İ.Əliyev ölkədə internetin vəziyyəti ilə öyünməyi sevir və öz müsahibələrində azad internetin varlığı haqda fikirlər deməyi xoşlayır. O, amma bir başqa məsələyə aydınlıq gətirməyi sevmir: necə olur ki, internetin azad olduğu ölkədə digər azadlıqlar bu qədər məhdudlaşdırılır?

İnternetin özünə gəldikdə, o, hələ ki azaddır… Güman etmirik ki, hakimiyyət onun azad və məhdudiyyətsiz olmasından çox böyük razılıq hissi duyur. Təsadüfi deyil ki, bir neçə dəfə müxtəlif adamlar internetə də məhdudiyyətlər tətbiq etməyi təklif edib. Düzdür, bu təkliflər hələ konkret əməldə özünün ifadəsini tapa bilməyib, amma təminat yoxdur ki, bu, həmişə belə olacaq, yoxsa hakimiyyət ona da bir «çarə» tapacaq? Bir vaxt ölkədə mətbuat azadlığı, sərbəst toplaşmaq hüququ ilə bağlı da vəziyyət, necə deyərlər, babat idi, pis deyildi. Tədricən «vintlər» bərkidilməyə başladı. Həm də məhdudiyyətlər təkcə birbaşa müdaxilə ilə bitmir. Bütün dünyada insanın öz fikrini azad ifadə etməsini çətinləşdirən hər bir addım – hüquqi, iqtisadi və digər təzyiqlər hamısı senzura hesab edilir. Artıq internetdə səslənən fikirlərə, bloqqerlərin yazı və məlumatlarına görə də məhkəmə təqibi həyata keçirmək fikri var. Bu təqib kampaniyaları bir vaxt mətbuata qarşı həyata keçirilməyə başlayanda da, heç də ciddi qəbul olunmurdu. Amma bu gün müstəqil qəzetlərin ədalətsiz məhkəmə qərarlarının təzyiqi altında necə çökdüyünü görürük.

HAKİMİYYƏTİN GÖZÜNDƏN UZAQ…

Demək olmaz ki, ölkə internetçiləri bunları tamamilə real saymır. Burada bir epizodu xatırlamaq yerinə düşərdi. Mətbuat azadlığına həsr olunmuş tədbirlərdən birində tədbir iştirakçıları belə bir fikir dedilər ki, hakimiyyətin internet mediasını da tanımağının vaxtıdır və yaxşı olardı ki, mətbuata dövlət dəstəyi göstərildiyi kimi, internet mediasına da yardım ediləydi. Amma azacıq müzakirə aparmaq kifayət etdi ki, internetçilər bundan imtina etsinlər. Yekun fikir bu oldu ki, elə yaxşı ki, hakimiyyət hələ internet mediası ilə maraqlanmır, çünki maraqlansa, bunun xeyrindən çox ziyanı olacaq. Güman etmək ki, internet mediası hakimiyyətdən gizlənməyə tam müvəffəq olub, bu, şişirtmə olardı, sadəcə hələlik «soyuq müharibə dövrü»dür - hər iki tərəf bir -birinə çox ehtiyatla yanaşır, heç kim birinci addımı atmaq istəmir. İndi hər iki tərəf özünün virtual dünyasını genişləndirməyə, virtual aləmi öz nəzarətinə götürməyə cəhd edir.

Bir məsələni də burada qeyd etmək yerinə düşərdi. Müstəqil qəzetlərin internet səhifələrinə tez-tez haker hücumları təşkil olunur. Bunların hamısının həvəskar hakerlərin əməli olduğunu güman etmək bir qədər sadəlövhlük olardı. Bu hücumlar bəzən açıq-aşkar aksiya xarakteri daşıyır və elə ustalıqla baş verir ki, adamın beynindən keçən ilk fikir bu olur ki, yox, həvəskarlar belə ustalıqla və «operativlik»lə işləmir. Özü də bu hücumlar daha çox «ünvanlı» olur, hakimiyyətin narazı olduğu mətbu orqanlarına və siyasi liderlərə qarşı yönəlir. Elə bu «ünvan» da ehtimallara böyük meydan vermək üçün əsas qoymur, çünki hər şey çox sadə izah olunur, bir filmdə deyildiyi kimi: lap portağal soymaq kimi.

Bir detala də diqqət yetirməyə dəyər. Bloq yazılarına yazılan oxucu şərhlərinin bəzisi də təsadüfi yazı təəssüratı bağışlamır. Sanki xüsusi adamlar hakimiyyətin siyasətini təbliğ etmək və ona qarşı yönələn tənqidlərə cavab vermək üçün yazılara şərhlər yazırlar və böyük şövqlə hakimiyyəti müdafiə edirlər.

AZAD İNTERNETƏ TƏHLÜKƏ BAŞQA HARADAN GƏLƏ BİLƏR?

Çoxsaylı müşahidələr göstərir ki, bir əxlaq və bir də milli təhlükəsizlik müxtəlif siyasi spekulyasiyalarda istifadə olunur. İndi internetlə bağlı da tez-tez bu rakursda fikirlər eşitmək mümkündür. Deyirlər ki, internet uşaq və gənclərin tərbiyəsini pozur, milli təhlükəsizlik üçün təhdidlər yaradır. Azad internetə yaxın vaxtda təhlükə yaransa, məhz bu istiqamətdən yaranacaq, çünki «əxlaq keşikçiləri» və «təhlükəsizlik təəssübkeşləri» belə fikirləri çox tez – tez səsləndirirlər. Hələlik bu çağırışlar solo xarakteri daşıyır, amma təminat yoxdur ki, bir gün bu xora çevrilməyəcək, çünki dirijor çubuğu hər an hərəkətə gələ bilər…

Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir.

Ən son yazılan

XS
SM
MD
LG