Keçid linkləri

Təcili xəbərlər

«Böyük Oktyabr»dan çox yaşayan Böyük Bəstəkar


Tofiq Quliyev
Tofiq Quliyev
-
Noyabrın 7-də Azərbaycanın böyük bəstəkarı Tofiq Quliyev 95 yaşını tamamlayır.

Ona görə indiki zamanda yazıram ki, Tofiq müəllim 95 yaşına bizimlə birgə çatır, çünki həmişə bizimlədir.

Bənzərsiz mahnıları ilə, bütöv şəxsiyyəti ilə!

1917-ci ilin 7 noyabrı.

Yəqin ki, bütün doğum günlərini Tofiq müəllim böyük təntənə ilə keçirib.
Zarafat deyil, bu böyük kişi "Böyük Oktyabr İnqilabı"nın yaşıdı idi.

Təsadüfə bax! Onunla eyni ildə, eyni gündə doğulmuşdu Tofiq müəllim.
Onunla bərabər yaşlanmışdı.
Onun təntənəsi bəstəkarın təntənəsinə qarışmışdı.
Ona görə yazıma bu başlığı seçdim.

İnqilab doğulandan Böyük Oktyabr İnqilabı adlandırılmışdı.
Tofiq müəllim isə bu adı --böyük bəstəkar adını əziyyətlə, dişi-dırnağı ilə qazanmışdı.
Nə gözəl insan idi Tofiq müəllim!
İnanın, onun insanlığı gözəl bəstəkar olmağından daha üstün idi.
Çox kübar davranışları vardı.
Çox mülayim idi.
Bəlkə də, onun kiməsə əsəbiləşdiyini, kiməsə ağır söz dediyini heç eşidən olmamışdı.
Aşıq Veysəl demiş, uzun, incə bir yol keçdi böyük usta.
Şərəflə, ləyaqətlə, alnıaçıq-üzüağ !

Yaradan ona böyük bir ömür yaşamaq səadəti qismət etdi.
O qədər böyük ki, Tofiq müəllim yaşıdı olduğu Oktyabr İnqilabını ötüb keçdi.
Ondan çox yaşadı.
Onun ölümünü də gördü.
Yerlərdə süründüyünü də.
Zatən belə də olmalıydı.

Əsl «böyüklər» üstündən illər, əsrlər keçəndən sonra böyüyənlərdir.
Tofiq Quliyev gerçək böyüklərdən idi !

P.S. Yaddaşımda Tofiq müəllimlə bağlı bir xatirə var: 1989-cu il idi. Nəşriyyatda çalışırdım. O da bizim müəlliflərdən idi. Redaktoru olduğum «Xan Şuşinski» kitabına Önsözü də Tofiq Quliyev yazmışdı. Kitab çapa gedəndə, mətndə nəyi isə təcili dəyişmək gərək oldu. Tofiq müəllimdən icazəsiz bu işə heç kim razı olmadı. Nə qədər zəng vurdum, Tofiq müəllim nə Bəstəkarlar İttifaqında, nə də evində tapıldı. Mobil telefonlar da yox… Məcbur qalıb nahar fasiləsinə çıxdım. Saat 2-də evdən işə qayıdarkən, uzaqdan, bəstəkarın indiki Fəvvarələr Meydanından keçdiyini gördüm. Var gücümlə qaçmağa başladım… Nəhayət, ona çatdım və təngnəfəs fikrimi bildirdim. O, çox kübar bir ədayla qoluma girdi. Heç narahat olmamağımı, bu işi 5-cə dəqiqəyə həll edəcəyini bildirdi. Beləcə, meydanı keçib söhbətləşə-söhbətləşə «Malakan bağı»nın qarşısındakı qədim binanın 3-cü mərtəbəsinə qalxdıq. Və səhərdən axtardığım adamla birgə gəldiyimi görən nəşriyyatçılar təəccübdən qışqırışdılar…

Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir.

Ən son yazılan

XS
SM
MD
LG